4 – Şücaətə bənzəyən pis əxlaq da belədir: Şücaət göstərməsi, şücaət əxlaqını qazanıb, təhəvvür və qorxaqlıq kimi pis əxlaqlardan xilas olmaq üçün deyildir. Dünya malını, mövqeyini ələ keçirmək üçün təhlükəyə atılar. Yaxud, şöhrət qazanmaq istəyər. Mal yığmaq üçün müsəlmanların yolunu kəsər, heyvanlarını alar, evlərə girər. Bunları edə bilmək üçün təhlükəyə atılar. Bunlar arasında yaxalananlar, işgəncələrə dözərək, hətta mallarını, canlarını verməyi gözə alaraq, cinayət ortaqlarını ələ verməməyi şücaət sayarlar. Halbuki, bu alçaqlarda şücaətin qoxusu belə yoxdur. Şücaət sahibi ağlın və dinin bəyəndiyi şeyi yerinə yetirmək üçün ortaya atılar. Millətə, hökumətə xidmət etmək, savab qazanmaq istəyər. Şücaət əxlaqına qovuşaraq Allahu təalanın razılığına qovuşmağı sevər. Qurdun, pələngin hücum etmələri də bir qəhrəmanın hücumuna bənzəsə də, şücaətlə əlaqələri yoxdur. Qüvvətləri və yaradılış baxımından hücum edərək, zərər verərlər. Yaxşı düşüncə ilə və faydalı olmaq, savab qazanmaq üçün irəli atılmazlar. Onlara dözə bilməyən zəiflərə hücum edərlər. Silahlı və qüvvətli bir kimsənin, silahsız, çılpaq, ac bir kimsəyə hücum etməsi də belədir. Bu isə şücaət olmaz. Şücaət demək, ağlı, fikri və bilgisi ilə hücum etməyi uyğun görmək, dünya qazancını düşünməyib, ruhunda şücaət əxlaqını saxlamağı, təhəvvür və qorxaqlıq əxlaqından xilas olmağı istəmək deməkdir. Belə kimsələr zərərli, pis iş etməkdənsə, ölməyi üstün görər. Şərəflə ölməyi şərəfsiz yaşamaqdan üstün tutar. Xeyirlə xatırlanmağı, üz qarası ilə yaşamağa tərcih edər. Şücaətdə yaralanmaq və ölmək təhlükələri olduğu üçün əvvəldən şirin olmaya bilər. Lakin sonunda dünya və axirət qazanclarının və zəfərin ləzzəti ilə əbədi ləzzətli olar. Xüsusən islamiyyəti qorumaq, Rəsulullahın parlaq dinini yaymaq üçün can verərək “şəhid olmaq” ləzzəti, dünya və axirət ləzzətlərinin heç birində yoxdur. Necə ki, Əli-İmran surəsinin 169-cu ayəsində məalən, “Allah yolunda canlarını verənləri ölü sanmayın! Onlar diridir. Rəblərinin nemətlərinə qovuşmuşdurlar” buyrulmuşdur. Şücaəti mədh edən hədisi-şəriflər sayılmayacaq qədər çoxdur. Cihaddan qaçmaq insanı ölümdən qurtarmaz. Ömrü uzatmaz. Düşmən qarşısında qalmaq da insanı öldürməz, yox etməz. Əcəl, irəli və geri getməz. İnsan ömrü dəyişməz. Çox olub ki, qaçmaq ölümə səbəb olub. Düşmənə qarşı dözmək də zəfərə və salamatlığa qovuşdurar. Həzrəti Muaviyə (radıyallahu anh) deyir ki, Siffin müharibəsində qaçmağa niyyət etmişdim. “Səbr edən bəlalardan xilas olar” hədisi-şərifi yadıma gəldi. Səbr etdim, dözdüm. Allaha şükür, qaçmaqdan xilas oldum. Bu səbrim sayəsində xilafətə qovuşdum.
Şücaətin təməli Allahu təalanın təqdirinə razı olmaq, Ona təvəkkül etmək, Ona güvənməkdir. Allahın aslanı, şücaət çaylarının qaynağı, vilayət bağçasının gülü olan Həzrəti Əli (radıyallahu anh), Siffin müharibəsində hücum əsnasında başı açıq, qolları çirməli yüyürər və bu beytləri oxuyardı:
Ölümdən qaçmaq, bu iki gün doğru olmaz:
əcəl gəldiyi gün və gəlmədiyi gün.
Əcəl gəldi isə qaçmaq fayda verməz,
Gəlmədi isə, tədbir olmaz heç uyğun!
Malını, vəzifəsini itirdiyi üçün və ya düşmən əlinə əsir düşdüyü üçün intihar edən, yəni özünü öldürən axmaqlarda şücaət deyil, qorxaqlıq vardır. Şücaət sahibi olan dərdə, bəlalara sinə gərər, dayanar, səbr edər. Bu axmaqlar isə ölməklə çətinlikdən xilas olacaqlarını zənn edərlər. Bunlar çox cahildir. Öldükdə daha çox sıxıntılara, acılara düşəcəklərini bilmirlər. İntihar etmək, başqasını öldürməkdən daha böyük günahdır. Şiddətli əzab çəkəcəkdir. Ağlı getdikdən sonra intihar edən belə deyildir. Ölməyi deyil, Allahu təaladan səhhət və afiyət istəmək lazımdır.
5 – Ədalətə bənzəyən pis əxlaq da vardır. Bu, iffətə bənzəyən pis əxlaqa yaxındır. Ədalət əxlaqından məhrum pis bir insan, olduğu yerlərə ədaləti tərifləyən lövhələr asar. Ədalətdən danışar, yazılar yazar. Daha pisi, ədaləti təmsil edən vəzifələri, kürsüləri tutar. Nümayiş üçün ədalətlilər ilə oturub durar. İçi zülm, kin, intiqam ilə doludur. Ədalət isə xasiyyətləri və hərəkətləri dinə və ağla uyğun olmaq deməkdir. Görünüşü içi kimi olmaqdır. Hər kəsin yanında tək ikən olduğu kimi olmaqdır. İkiüzlülük ədalət deyil, münafiqlikdir. Beyt:
İbadət, təmiz niyyətli olmaq gərək,
Bir şeyə yaramaz, içi boş çəyirdək.