Namaz qılmağın fəzilətlərini və namaz qılanlara veriləcək savabları bildirən hədisi-şəriflər çoxdur. Abdülhak ibn Seyfəddin Dəhləvinin “Əşiat-ül-ləməat” kitabında namazın əhəmiyyətini bildirən hədisi-şəriflərdə buyurulur ki:
1. Əbu Hüreyrə (radıyallahu anh) bildirir, Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Beş vaxt namaz və Cümə namazı gələcək Cüməyə qədər və Ramazan orucu, gələcək Ramazana qədər edilən günahlara kəffarədir. Böyük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olar”. Arada işlənilmiş olan kiçik günahlardan qul haqqı olmayanları yox edər. Kiçik günahları bağışlananların, böyük günahları üçün olan əzablarının yüngülləşməsinə səbəb olar. Böyük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük günahı yoxsa, dərəcəsinin yüksəlməsinə səbəb olar. Bu hədisi-şərif “Müslim”də yazılıdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə namazları səbəb olar. Cümə namazları da qüsurlu olarsa, Ramazan orucları səbəb olar.
2. Yenə Əbu Hüreyrə (radıyallahu anh) bildirir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Qapısının önündə axar su olan birisi bu suda hər gün beş dəfə yuyunsa, bədəndə kir qalarmı?” Əshabı-kiram cavab verərək, xeyir qalmaz ey Rəsulallah, dedilər. “Beş vaxt namaz da belədir. Beş vaxt namaz qılanların kiçik günahlarını Allahu təala yox edər”, buyurdu. Bu hədisi-şərif “Buxari”də və “Müslim”də yazılıb.
3. Abdullah ibn Məsud (radıyallahu anh) deyir ki, bir nəfər bir yad qadını öpmüşdü. Yəni, Ənsardan biri xurma satırdı. Bir qadın da xurma almaq üçün gəlmişdi. Qadına qarşı heyvani hisləri baş qaldırdı və qadına, “evdə daha yaxşıları var, gəl gedək ondan verim”,- dedi. Evə gələn kimi qadını qucaqladı və öpdü. Qadın “nə edirsən, Allahdan qorx”,- dedi. O da peşman oldu. Rəsulullaha gəlib etdiyini danışdı. Rəsulullah (sallallahu əleyhi və səlləm) ona cavab vermədi. Allahu təaladan vəhy gözlədi. Sonra həmin adam namaz qıldı. Allahu təala Hud surəsinin yüz on beşinci ayətini göndərdi. Bu ayəti-kərimədə məalən “Günün iki tərəfində və günəş batınca namaz qıl! Yaxşılıqlar yamanlıqları, əlbəttə, yox edər” buyuruldu. Günün iki tərəfi zöhrdən əvvəl və zöhrdən sonra deməkdir. Yəni sübh, zöhr və əsr namazlarıdır. Gündüzə yaxın olan gecə namazı da şam və işa namazlarıdır. Bu ayəti-kərimədə hər gün beş vaxt namazın, günahların bağışlanmasına səbəb olduqları bildirilməkdədir. Həmin adam “Ey Rəsulallah! Bu müjdə ancaq mənim üçündürmü? Yoxsa bütün ümmət üçündürmü?”- dedi. Rəsulullah, “bütün ümmətim üçündür”, buyurdu. Bu hədisi-şərif iki Səhihdə də yazılıdır.
4. Ənəs ibn Malik (radıyallahu anh) deyir ki, bir nəfər Rəsulullaha (sallallahu əleyhi və səlləm) gəlib, “Had cəzasına səbəb olacaq bir günah işlədim. Mənə had cəzası ver!”,- dedi. Rəsulullah, nə günah işlədiyini ondan soruşmadı. Namaz vaxtı gəldi. Bir yerdə qıldıq. Rəsulullah (sallallahu əleyhi və səlləm) namazı bitirən kimi həmin adam qalxdı və “Ey Rəsulallah (sallallahu əleyhi və səlləm). Mən had cəzası veriləcək bir günah işlədim. Allahu təalanın kitabında əmr olunan cəzanı mənə ver!” dedi. “Sən bizimlə namaz qılmadınmı” –buyurdu. “Bəli qıldım”-dedi. “Məyus olma! Allahu təala günahını bağışladı” buyurdu. Bu hədisi-şərif iki təməl kitabda yazılıdır. Həmin adam had cəzası lazım olan böyük günah işlədiyini zənn etmişdi. Namaz qılan kimi bağışlanması, həmin günahın kiçik günah olduğunu göstərməkdədir. Yaxud had deməsi, kiçik günahların qarşılığı olan “Tazir” cəzası idi. İkinci sualında “Had cəzası ver!” deməməsi də, belə olduğunu göstərir.
5. Abdüllah ibn Məsud (radıyallahu anh) deyir ki, Allahu təalanın ən çox hansı əməli sevdiyini Rəsulullahdan (sallallahu əleyhi və səlləm) soruşdum. “Vaxtında qılınan namaz” buyurdu. Bəzi hədisi-şəriflərdə isə “Əvvəl vaxtında qılınan namazı çox sevər” buyurulmuşdur. Ondan sonra hansını çox sevər dedim. “Anaya-ataya yaxşılıq etməyi” buyurdu. Bundan sonra hansını çox sevər dedim. “Allah yolunda cihad etməyi” buyurdu. Bu hədisi-şərif iki səhih kitabda (“Buxarı” və “Müslim”) yazılıdır. Başqa bir hədisi-şərifdə “Əməllərin ən yaxşısı insanlara yemək verməkdir” buyuruldu. Bir başqasında, “Salam verməyi yaymaqdır”. Bir başqasında isə, “Gecə hər kəs yuxuda ikən namaz qılmaqdır” buyurulmuşdur. Başqa bir hədisi-şərifdə, “Ən qiymətli əməl əlindən və dilindən kimsənin inciməməsidir”. Bir hədisi-şərifdə də, “Ən qiymətli əməl cihaddır” buyuruldu. Bir hədisi-şərifdə, “Ən qiymətli əməl həcci məbrurdur”. Yəni heç günah işləmədən edilən həcdir, buyuruldu. “Allahu təalanı zikr etməkdir” və “Davamlı olan əməldir” Hədisi-şərifləri də vardır. Sualı soruşanların hallarına uyğun müxtəlif cavablar verilmişdir. Yaxud, zamana uyğun cavab verilmişdir. Məsələn, islamiyyətin başlanğıcında əməllərin ən xeyirlisi, ən qiymətlisi cihad idi. (Zamanımızda əməllərin ən xeyirlisi yazı ilə, nəşriyyat ilə, kafirlərə, məzhəbsizlərə cavab vermək, Əhli-sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən ilə yardım edənlər də bunların qazandıqları savablara ortaq olarlar. Ayəti-kərimələr, hədisi-şəriflər namazın, zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir. Lakin ölüm halında olana bir şey verib, onu ölümdən qurtarmaq, namaz qılmaqdan daha qiymətli olar. Demək ki, başqa hallar, şərtlər içində, başqa şeylər daha qiymətli olur).
6. Cabir ibn Abdullah xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd, namazı tərk etməkdir.” Çünki namaz insanı küfrə düşməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxınca qul küfrə düşər. Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Bu hədisi-şərif namazı tərk etmənin çox pis olduğunu göstərir. Əshabı-kiramdan bir çoxu namazı üzrsüz tərk edən kafir olar, dedilər. Şafii və maliki məzhəblərində kafir olmazsa da, öldürülməsi vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.
7. Übadə ibn Samit (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Allahu təala beş vaxt namaz qılmağı əmr etdi. Bir kimsə gözəl dəstəmaz alıb, namazlarını vaxtında qılarsa və rükularını, huşularını tamam edərsə, Allahu təala onu əfv edəcəyini söz vermişdir. Bunları etməyən üçün söz verməmişdir. Bunu istəyərsə əfv edər, istəyərsə əzab edər”. Bu hədisi-şərifi İmam Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Görünür ki, namazın şərtlərinə, rüku və səcdələrinə diqqət etmək lazımdır. Allahu təala sözündən dönməz, doğru namaz qılanları mütləq əfv edər.
8. Əbu Əmaməi Bahili (radıyallahu anh) bildirir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Beş vaxt namazınızı qılın! Bir ayınızda oruc tutun! Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərinizə itaət edin! Rəbbinizin Cənnətinə girin!” Görünür ki, hər gün beş vaxt namaz qılan, Ramazan ayında oruc tutan, malının zəkatını verən və Allahu təalanın yer üzündə xəlifəsi olan rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedəcəkdir. Bu hədisi-şərifi İmam Əhməd və Tirmüzi bildirmişlər.
9. Əshabı-kiramın məşhurlarından Büreydəi Əsləmi (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Sizinlə aramızda olan əhd namazdır. Namazı tərk edən kafir olar”. Görünür ki, namaz qılanın müsəlman olduğu anlaşılır. Namaza əhəmiyyət verməyən, namazı birinci vəzifə qəbul etmədiyi üçün qılmayan kafir olar. Bu hədisi-şərifi İmam Əhməd, Tirmüzi, Nəsai və İbn Macə bildirmişdir.
10. Əbu Zəri Qifari (radıyallahu təala anh) deyir ki, payız günlərindən birində Rəsulullah (sallallahu əleyhi və səlləm) ilə bərabər küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir ağacdan iki budaq qopartdı. Bunların yarpaqları dərhal töküldü. “Ey Əba Zər! Bir müsəlman Allah rızası üçün namaz qılınca, bu budaqların yarpaqları töküldüyü kimi, günahları tökülür” buyurdu. Bu hədisi-şərifi İmam Əhməd xəbər verdi.
11. Zeyd ibn Xalid Cühəmi xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Bir müsəlman, doğru olaraq və huşu ilə iki rəkət namaz qılınca, keçmiş günahları əfv olar.” Yəni Allahu təala onun kiçik günahlarının hamısını əfv edər. Bu hədisi-şərifi İmam Əhməd (rahiməhullahu təala) bildirdi.
12. Abdüllah ibn Amr ibn As (radıyallahu təala anhuma) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Bir kimsə namazı əda edərsə, bu namaz qiyamət günü nur və burhan olar və Cəhənnəmdən qurtulmasına səbəb olar. Namazı mühafizə etməzsə, nur və burhan olmaz və nicat tapmaz. Karun, Firon, Haman və Übey ibn Haləf ilə birlikdə olar.”
Görünür ki, bir kimsə namazı fərzlərinə, vaciblərinə, sünnətlərinə və ədəblərinə uyğun olaraq qılarsa, bu namaz qiyamətdə nur içində olmasına səbəb olar. Belə namaz qılmağa davam etməzsə, qiyamət günü adı keçən kafirlərlə bərabər olar. Yəni Cəhənnəmdə şiddətli əzab çəkər. Übey ibn Haləf, Məkkə kafirlərinin azğınlarından idi. Uhud savaşında, Rəsulullah (sallallahu əleyhi və səlləm) mübarək əli ilə onu Cəhənnəmə göndərdi. Bu hədisi-şərifi, İmam Əhməd, Beyhəki ilə Darimi bildirmişdir.
13. Tabeinin böyüklərindən Abdüllah ibn Şakik (rahiməhullahu təala) deyir ki, “Əshabı-kiram (radıyallahu anhum) ibadətlər içində yalnız namazı tərk etmənin küfr olduğunu söylədilər”. Bunu Tirmüzi bildirdi. Abdüllah ibn Şakik, Ömərdən, Əlidən, Osmandan və Aişədən (radıyallahu anhum) Hədisi-şəriflər rəvayət etmişdir. Hicrətin 108-ci ilində vəfat etmişdir.
14. Əbüddərda (radıyallahu anh) deyir ki, çox sevdiyim biri mənə dedi ki, “Parça-parça parçalansan, atəşdə yandırılsan belə, Allahu təalaya heç bir şeyi şərik qoşma! Fərz namazlarını tərk etmə! Fərz namazlarını bilə-bilə tərk edən, müsəlmanlıqdan çıxar. Şərab içmə! Şərab bütün pisliklərin açarıdır”. Bu hədisi-şərifi İbn Macə bildirdi. Görünür ki fərz namazlara diqqət etməyib tərk edən, kafir olar. Tənbəlliklə tərk edən kafir olmaz isə də, böyük günah olar. İslamiyyətin bildirdiyi beş üzrdən biri ilə namazı qaçırmaq (fövt etmək) günah deyildir. Şərab və spirtli içkilərin hamısı ağlı aparar. Ağlı olmayan hər yamanlığı edə bilər.
15. Əli (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gələn kimi dərhal namazı qıl! Cənazə hazırlanan kimi dərhal namazını qıl! Bir qızın küfvünü (bərabər, tay) tapan kimi tez evləndir!” Bu hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi. Cənazə namazını gecikdirməmək üçün məkruh olan üç vaxtda da qılınmalıdır.
[Görünür ki, qadını, qızı küfvünə, yəni tayına vermək lazımdır. Küfv demək, varlı olmaq, gəliri çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni islamiyyətə tabe olması və nəfəqə (ailənin ehtiyacları) qazanacaq qədər iş-güc sahibi olması deməkdir. Kişinin ancaq varlı olmasını, var-dövlət sahibi olmasını istəyənlər qızlarını fəlakətə, Cəhənnəmə atmış olurlar. Qızın da namaz qılması, başı, qolu açıq küçəyə çıxmaması, məhrəm olmayan qohumu ilə belə tək qalmaması lazımdır.]
16. Abdullah ibn Ömər (radıyallahu anhuma) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Namazlarını vaxtları gəlincə dərhal qılanlardan Allahu təala razı olar. Vaxtlarının sonunda qılanları da əfv edər”. Bu hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi.
Şafii və hənbəlidə hər namazı vaxtının əvvəlində qılmaq əfzəldir. Maliki məzhəbi də buna yaxındır. Ancaq çox istidə tək qılanın zöhrü gecikdirməsi yaxşı olar. Hənəfi məzhəbində də sübh və işa namazlarını gecikdirmək və isti vaxtlarda zöhrü havanın sərinlənən vaxtlarında qılmaq daha yaxşıdır. [Lakin zöhrü imameyn (iki imam) qavlinə görə əsr vaxtı girmədən, əsri və işanı da İmam Əzəma görə vaxtı girən kimi qılmaq yaxşı olar, ehtiyatlı olar. Təqva əhli olanlar hər işində ehtiyatlı olurlar.]
17. Ümmi Fərvə (radıyallahu anha) xəbər verir. Rəsulullaha (sallallahu əleyhi və səlləm) hansı əməlin üstün olduğu soruşuldu. “Əməllərin üstünü vaxtının əvvəlində qılınan namazdır” buyurdu. Bu hədisi-şərifi, İmam Əhməd, Tirmüzi və Əbu Davud (rahiməhumullahu təala) bildirdilər. Namaz ibadətlərin ən üstünüdür. Vaxtı girər-girməz qılınca, daha üstün olur.
18. Aişə (radıyallahu anha) deyir ki, “Rəsulullahın (sallallahu əleyhi və səlləm) namazını axır vaxtında qıldığını, iki dəfə görmədim”. Yəni bütün ömründə, bir dəfə, bir namazı vaxtının sonunda qılmışdır.
19. Ümmi Habibə (radıyallahu anha) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Bir müsəlman qul hər gün fərz namazlardan başqa on iki rəkat tətavvu olaraq namaz qılarsa, Allahu təala ona Cənnətdə bir köşk verər.” Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Görünür ki, hər gün beş vaxt fərz ilə qılınan sünnət namazlara Rəsulullah (sallallahu əleyhi və səlləm) tətavvu, yəni nafilə namaz deməkdədir.
20. Tabeinin böyüklərindən Abdullah ibn Şakik (rahiməhullahu təala) deyir ki, Rəsulullahın (sallallahu əleyhi və səlləm) tətavvu namazlarını, yəni nafilə namazlarını həzrəti Aişədən (radıyallahu anha) soruşdum. “Zöhr fərzindən əvvəl dörd, sonra iki, şamın və işanın fərzlərindən sonra iki, sübh namazlarının fərzindən əvvəl iki rəkət qılardı”, – dedi. Bu xəbəri Müslim və Əbu Davud (rahiməhumullahu təala) bildirdilər.
21. Aişə (radıyallahu anha) dedi ki, “Rəsulullahın (sallallahu əleyhi və səlləm) nafilə ibadətlərdən ən çox davam etdiyi, sabah namazının sünnəti idi”. Bu xəbər həm “Buxari”də, həm də “Müslim”də yazılıdır. Görünür ki, Aişə (radıyallahu anha), beş vaxt namazın fərzləri ilə bərabər qılınan sünnət namazlara, nafilə namaz deməkdədir.
[Böyük islam alimi, Allah adamlarının öndəri, azğınlara, məzhəbsizlərə qarşı Əhli-sünnətin ən qüvvətli himayəçisi, Allahu təalanın seçdiyi çox sevdiyi dini yayan, bidətləri yıxan böyük mücahid, İmam-i Rabbani mücəddid-i əlf-i sani Əhməd ibn Abdül-əhad Faruki Sərhəndi (rahmətullahi əleyh), islam dinində bir bənzəri yazılmayan, “Məktubat” kitabının birinci cildi, 29-cu məktubunda buyurur ki: “Allahu təalanın razı olduğu işlər, fərzlər və nafilələrdir. Fərzlərin yanında nafilələrin heç qiymətləri yoxdur. Bir fərzi vaxtında qılmaq min il dayanmadan nafilə ibadət etməkdən daha qiymətlidir. Hər növ nafilə, məsələn namaz, zəkat, oruc, ümrə, həcc, zikr, fikr həmişə belədir. Hətta bir fərzi yerinə yetirərkən bunun sünnətlərindən bir sünnəti və ədəblərindən bir ədəbi etmək də başqa nafilələri etməkdən qat-qat daha qiymətlidir. Əmir-ül-möminin Ömər-ül-Faruq (radıyallahu anh) bir gün sabah namazını qıldırdıqdan sonra camaat arasında bir nəfəri görməyib səbəbini soruşduqda, o hər gecə nafilə ibadət edir, bəlkə yatmış, camaata gələ bilməmişdir, dedilər. “ Kaş bütün gecəni yatıb, sübh namazını camaat ilə qılsaydı daha yaxşı olardı” buyurdu. Görünür ki, bir fərzi yerinə yetirərkən ədəblərindən bir ədəbi etmək və bir məkruhundan çəkinmək, zikr, fikr və mürakəbədən qat-qat daha qiymətlidir. Bəli, bunlar o ədəbləri etməklə və məkruhlardan çəkinməklə bərabər edilərsə, əlbəttə çox faydalı olar. Lakin onlarsız olunca, bir şeyə yaramazlar. Bunun kimi, bir lirə zəkat vermək, minlərcə lirə nafilə sədəqə verməkdən daha yaxşıdır. O bir lirəni verərkən bir ədəbinə diqqət edərək, məsələn, yaxın əqrəbaya vermək də o nafilə sədəqədən qat-qat daha yaxşıdır.” (Gecə namazı qılmaq istəyənlərin qəza namazı qılmaları lazım olduğu buradan aydın olur. Allahu təalanın əmrlərinə “fərz”, qadağalarına “haram”, Peyğəmbərimizin əmrlərinə “sünnət”, qadağalarına “məkruh”, bunların hamısına “Əhkami-islamiyyə” deyilir. Gözəl əxlaq sahibi olmaq, insanlara yaxşılıq etmək fərzdir. Əhkami-islamiyyənin bir hökmünə inanmayan, bəyənməyən “kafir”, “mürtəd” olur. Hamısına inanana “müsəlman” deyilir. Tənbəllik edərək əhkami-islamiyyəyə tabe olmayan müsəlmana “fasiq” deyilir. Bir fərzə, bir harama riayət etməyən fasiq Cəhənnəmə gedəcəkdir. Bunun etdiklərinin heç biri və sünnətləri qəbul olmaz, savab verilməz. Bir lirə zəkat verməyənin milyonlar verərək etdiyi xeyir və faydalı işlərin heç biri qəbul olunmaz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxanalara, xeyriyyə cəmiyyətlərinə etdiyi yardımlara savab verilməz. İşa namazı qılmayanın təravih namazı qəbul olunmaz. Fərzlərdən və vaciblərdən başqa edilən ibadətlərə “Nafilə” deyilir. Sünnətlər nafilə ibadətlərdir. Bu tərifə görə qəza namazları qılan sünnət də qılmış sayılır. Bir fərzi yerinə yetirməyin, bir haramdan çəkinməyin savabı milyonlarla nafilə savabından çoxdur. Bir fərzi yerinə yetirməyən, bir haramı işləyən Cəhənnəmdə yanacaq. Nafilə ibadətləri onu Cəhənnəmdən qurtara bilməz. İbadətlərdə edilən dəyişikliklərə “bidət” deyilir. İbadət edərkən bidət işləmək haramdır və ibadətin pozulmasına səbəb olur. Hədisi-şərifdə “bidət işləyənin heç bir ibadəti qəbul olunmaz” buyuruldu. Fasiqin, məsələn xanımı, qızı təsəttürə riayət etməyənin və bidət sahibinin, məsələn ibadətlərdə mikrofon istifadə edənin arxasında namaz qılmamaq, moizələrini, din üzərində uydurma nitqlərini dinləməmək və kitablarını oxumamaq lazımdır. Dosta da, düşmənə də gülər üz, şirin dil göstərməli, heç kəslə münaqişə etməməlidir. Hədisi-şərifdə “axmağa cavab verilməz” buyuruldu. İbadətlər qəlbin təmizliyini artırır. Günahlar qəlbi qaraldır, feyzləri ala bilmir. Hər müsəlmanın imanın şərtlərini, fərzləri və haramları öyrənməsi fərzdir. Bilməməsi üzr deyil. Yəni bilib inanmamaq kimidir.] “Məktubat” kitabı farscadır. Tərcüməsi burada tamam oldu. İmam Rabbani həzrətləri 1034-cü (m. 1624) ildə Hindistanda, Sərhənd şəhərində vəfat etdi.