[Allah (cəllə cəlaluhu) bütün varlıqları yaratdı. Hər şey yox idi. Yalnız Allah var idi. O, həmişə vardır. Sonradan var olmuş deyildir. Öncədən var olmasaydı, Onu var edən bir qüvvənin mövcud olması lazım olardı. Çünki var olmayan bir şeyi yaradacaq qüvvə olmazsa, o şey həmişə yox olar, var ola bilməz. Onu yaradan qüvvə sahibi həmişə var idisə, onda Allah (cəllə cəlaluhu) bu qüvvə sahibi olan sonsuz varlıqdır. Yox, əgər bu yaradıcı qüvvə sahibi də sonradan var olmuşdursa, onu da var edənin mövcud olması lazım olar. Beləcə, sonsuz sayda var edicilərin olması lazım gələr. Bu isə var edicilərin bir başlanğıcının olmaması deməkdir. İlk var edicinin olmaması, onun var edəcəklərinin də olmaması deməkdir. Var edici var olmadıqda, yoxdan var edilmiş olan bu gördüyümüz və ya eşitdiyimiz maddə və ruh aləminin də olmaması lazımdır. Maddələr və ruhlar var olduqları üçün bunların yalnız bir yaradıcılarının da olması və həmişə var olması lazımdır.
Allah (cəllə cəlaluhu) hər şeyin özülü olan bəsit cisimləri, ruhları və mələkləri öncədən yaratdı. Bəsit cisimlər indi element adlanır. Bu gün 105 növ elementin var olduğu bilinir. Allah (cəllə cəlaluhu) hər maddəni, hər cismi bu 105 elementdən yaratmışdır və yaratmaqdadır. Dəmir, kükürd, karbon, oksigen qazı, xlor qazı – bunların hər biri bir elementdir. Allah bu elementləri neçə milyon il öncə yaratmış olduğunu bildirmədi. Bunlardan meydana gələn yerləri, göyləri və canlıları da nə vaxt yaratmağa başladığını bildirmədi. Canlı, cansız hər şeyin bəlli bir ömrü vardır. Zamanı gəldikdə yaratmaqda, ömrü bitincə yox etməkdədir. Bir şeyi yoxdan var etdiyi kimi, bir şeydən yavaş-yavaş və ya birdən-birə başqa bir şeyi yaratmaqda, birincisi yox olmaqda, yenisi var olmaqdadır.
Allah (cəllə cəlaluhu) ilk insanı cansız maddələrdən və ruhdan meydana gətirdi. Bundan əvvəl insan yox idi. Heyvanlar, otlar, cin və mələklər bu ilk insandan daha əvvəl yaradıldı. Bu ilk insanın adı Adəm (aleyhissalatü vəssəlam) idi. Bundan Həvva adında bir qadın da yaratdı. Bütün insanlar bu ikisindən yarandı. Hər heyvandan da öz cinsləri törədi. Canlı və cansız hər şeyin hər zaman dəyişdiyini görürük. Qədim olan, yəni başlanğıcı olmayan şey isə heç dəyişmir. Fiziki hadisələrdə maddələrin halları, formaları dəyişir. Kimyəvi reaksiyalarda tərkibi və quruluşu dəyişir. Cisimlər yox olub, başqa cisimlər hasil olur. Nüvə reaksiyalarında element yox olaraq enerjiyə çevrilir. Hər şeyin bir-birindən hasil olması, sonsuzdan baş verə bilməz, yoxdan var edilmiş ilk maddələrdən hasil olmaları lazımdır. Çünki sonsuz, başlanğıcı olmayan deməkdir.
İslam düşmənləri müsəlmanların övladlarını aldatmaq üçün fənn adamı cildinə girir, insanların meymundan yaradıldığını deyirlər. Darvin adındakı ingilis doktorunun belə söylədiyini deyirlər. Bunlar yalan deyirlər. Darvin belə bir şey söyləməyib. O, canlılar arasında həyat mücadiləsini izah etmişdir. “Növlərin mənşəyi” adlı kitabında o, canlıların mühitə uyğunlaşdığını, buna görə də kiçik dəyişikliklərə məruz qaldığını yazır. O, bir cinsin başqa cinsə döndüyünü deməmişdir. İngilis elm birliyinin 1980-cı ildə Salfordda təşkil etdiyi iclasda Suonsi Universitetinin müəllimi Prof. Con Dyurant demişdir: “Darvinin insanın mənşəyi ilə əlaqədar fikirləri müasir əfsanə oldu. Bu əfsanə elmi və ictimai inkişafımıza zərərdən başqa bir şey vermədi. Təkamül nağılları elmi araşdırmalara məhv edici bir təsir göstərdi. Təhrifə, lazımsız münaqişələrə və elmin böyük ölçüdə sui-istifadəsinə yol açdı. İndi Darvinin nəzəriyyəsi, tikiş yerlərindən partlamış, yerinə acınacaqlı və səhv düşüncə yığını qalmışdır”. Prof. Dyurantın öz vətəndaşı haqqında söylədiyi bu sözlər Darvinçilərə elm tərəfindən verilən ən maraqlı cavablardan biridir. Günümüzdə təkamül nəzəriyyəsinin müxtəlif mədəni səviyyəli insanlara çatdırılmaq istənilməsinin əsl səbəbi ideologiyadır, elm deyildir. Bu nəzəriyyə materialist fəlsəfənin yeridilməsi üçün bir vasitə olaraq işlədilir. İnsan, meymundan əmələ gəldi, sözü elmi söz deyil. Fənni söz də heç deyil. Darvinin də sözü deyil. Elmdən, fəndən xəbəri olmayan cahil islam düşmənlərinin yalanlarıdır. Elm adamları bu cür cahilcə, axmaq söz söyləməz. Universitetdən diplom alan bir kimsə səfahətə, yəni zövqə və əyləncəyə başlayıb, öz elmi sahəsində işləməzsə, oxuduqlarını da unudarsa, bu şəxs elm adamı ola bilməz. Üstəlik islama düşmənçilik edərək, yalan və səhv sözlərini, yazılarını elm olaraq yaymağa başlayarsa, cəmiyyət üçün zərərli, alçaq, xain bir mikroba çevrilər. Onun diplomu, titulu, vəzifəsi bir nümayiş, gəncləri ovlayan bir tələdir. Yalanlarını, iftiralarını elm olaraq yayan fənn təqlidçilərinə “fənn fırıldaqçıları” deyilir. Bu fənn fanatiklərinə aldanmaq olmaz.
Allah insanların dünyada rahat, dinclik içində yaşamaqlarını, axirətdə də sonsuz səadətə qovuşmaqlarını istəyir. Bunun üçün səadətə səbəb olan faydalı şeyləri əmr etdi. Fəlakətə səbəb olan zərərli şeyləri qadağan etdi. İstər dindar, istər dinsiz, istər inanan, istər inanmayan hər hansı bir şəxs bilərək və ya bilməyərək, əhkami-islamiyyəyə, yəni Allahın əmrlərinə və qadağalarına tabe olduğu qədər dünyada rahat və hüzur içində yaşayar. Bu, faydalı dərmandan istifadə edən hər kəsin dərddən, sıxıntıdan qurtulması kimidir. Dinsiz, imansız bir çox şəxsin və millətlərin bir çox işlərində müvəffəqiyyət əldə etməsi Qurani-kərimin əhkamına uyğun olaraq işlədikləri üçündür. Qurani-kərimə uyaraq axirətdə sonsuz səadətə qovuşa bilmək üçün isə ona inanaraq tabe olmaq lazımdır.
Allahın birinci əmri “İman” etməkdir. Birinci qadağan etdiyi şey isə “Küfr”dür. İman, Muhamməd əleyhissəlamın Allahın son Peyğəmbəri olduğuna inanmaqdır. Allah Ona əmr və qadağalarını ərəbcə “Vəhy” etmişdir. Yəni, bir mələk vasitəsi ilə bildirmiş, O da bunların hamısını insanlara çatdırmışdır. Allah (cəllə cəlaluhu) ərəbcə, bir mələk vasitəsi ilə bildirdiklərinə “Qurani-kərim” deyilir. Qurani-kərimin bütünlüklə yazıldığı kitaba “Mushaf” deyilir. Qurani-kərim Muhamməd əleyhissəlamın sözü deyil, Allah kəlamıdır. Heç bir insan o şəkildə düzgün söyləyə bilməz. Qurani-kərimdə bildirilənlərin hamısına “İslamiyyət” deyilir. Bunların hamısına qəlbdən inanan insana “Mömin” və “Müsəlman” deyilir. Onlardan birini belə bəyənməməyə imansızlıq, yəni “Küfr” (Allaha düşmən olmaq) deyilir. Qiyamətə, cinin, mələklərin var olduqlarına, Adəm Peyğəmbərin (aleyhissalatü vəssəlam) bütün insanların atası olduğuna və ilk Peyğəmbər olduğuna inanmaq yalnız qəlbdən olmalıdır. Bunlara “İman”, “Etiqad” və “Akaid” (imani əsaslar, inanclar) bilgiləri deyilir. Bədən və qəlb ilə ediləcək və çəkiniləcək şeylərə isə həm inanmaq, həm də etmək və ya çəkinmək lazımdır. Bunlara “Əhkami islamiyyə” bilgiləri deyilir. Bunlara inanmaq iman olur. Bunları etmək və bunlardan çəkinmək isə “İbadət” olur. Niyyət edərək əhkami islamiyyəyə uymağa ibadət etmək deyilir. Allahın əmrlərinə və qadağalarına “Əhkami islamiyyə” və “Əhkami ilahiyyə” deyilir. Əmr edilənlərə “Fərz”, qadağan edilənlərə “Haram” deyilir. Göründüyü kimi, ibadətlərin vəzifə olduğuna inanmayan, əhəmiyyət verməyən “Kafir” (Allaha düşmən) olur. Bunlara inanıb, lakin əməl etməyən kafir olmaz. Buna “Fasiq” (günahkar) deyilir. İslam bilgilərinə iman edib, əlindən gəldiyi qədər əməl edən möminə “Saleh müsəlman” (yaxşı insan) deyilir. Allahın razılığını, sevgisini qazanmaq üçün islamiyyətə uyan və bir mürşidi (doğru yol göstərən, dini rəhbər) sevən müsəlmana “Saleh” deyilir. Allahın rızasını (razılığını), sevgisini qazanmış olana “Arif” və ya “Vəli” deyilir. Başqalarının da bu sevgini qazanmalarına vasitə olan Vəliyə “Mürşid” deyilir. Bu mübarək, seçilmiş insanların hamısına “Sadiq” deyilir. Bunların hamısı salehdir. Saleh mömin Cəhənnəmə heç getməyəcəkdir. Kafir əlbəttə ki, Cəhənnəmə gedəcək, Cəhənnəmdən heç çıxmayacaq, sonsuz əzab görəcəkdir. Kafir iman edərsə, bütün günahları o an bağışlanır. Fasiq tövbə edib, ibadətləri yerinə yetirməyə başlayarsa, Cəhənnəmə girməyəcək, saleh mömin kimi birbaşa Cənnətə gedəcəkdir. Tövbə etməzsə, ya şəfaət ilə və ya səbəbsiz bağışlanılıb birbaşa Cənnətə gedəcək, yaxud Cəhənnəmdə günahları qədər yandıqdan sonra Cənnətə girəcəkdir.
Qurani-kərim o zamanki insanların danışdığı ərəb dilinin qrammatikasına uyğun olaraq gəlmişdir və nəzm şəklindədir. Yəni şeir kimi, düzgündür. Ərəb dilinin incəlikləri ilə doludur. Bədi, Bəyan, Məani və Bəlağat1 elmlərinin bütün incəliklərinə uyğundur. Buna görə də anlamaq çox çətindir. Ərəb dilinin incəliklərini bilməyən şəxs ərəbcə oxuyub, yazsa belə, Qurani-kərimi yaxşı anlaya bilməz. Bu incəlikləri bilənlər belə, anlaya bilməmiş, çox yerlərini Peyğəmbər əfəndimiz izah etmişdir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) bu açıqlamalarına “Hədisi-şərif” deyilir. Əshabı-kiram (rıdvanullahi təala aleyhim əcmain) Peyğəmbərimizdən (sallallahu təala əleyhi və səlləm) eşidib öyrəndiklərini gənclərə bildirmişdirlər. Zaman keçdikcə qəlblər qaralmış, xüsusən də yeni müsəlman olanlar Qurani-kərimdən öz qüsurlu ağılları və dar düşüncələri ilə məna çıxartmağa cürət etmiş, Peyğəmbər əfəndimizin bildirdiklərinə uymayan şeylər anlamışdırlar. İslam düşmənləri də bu bölünməni, parçalanmanı qızışdırmış, beləcə 72 cür pozuq, azğın inanc meydana gəlmişdir. Bu cür azğın inanan müsəlmanlara “Bidət əhli” və ya “Dəlalət əhli” deyilir. 72 bidət fırqəsindən olanların hamısı əlbəttə ki, Cəhənnəmə girəcək. Lakin mömin olduqları üçün orada əbədi qalmayacaq, çıxaraq Cənnətə girəcəklər. İnancı Qurani-kərimdə və Hədisi-şəriflərdə açıqca bildirilmiş bir bilgiyə uyğun gəlməyənin imanı gedər. Bunlara “Mülhid” deyilir. Mülhid özünü müsəlman hesab edir.
Etiqad bilgilərini, yəni inanılması lazım olan din bilgilərini Əshabı-kiramdan (rıdvanullahi təala aleyhim əcmain) doğru olaraq öyrənib kitablara yazan islam alimlərinə “Əhli sünnət” alimləri deyilir (rahmətullahi təala əleyhim əcməin). Bunlar, dörd məzhəbin birində ictihad dərəcəsinə yüksəlmiş olan alimlərdir. Bu alimlər Qurani-kərimin mənasını öz ağılları və düşüncələri ilə anlamağa cürət etməmiş, yalnız Əshabı-kiramdan öyrəndiklərinə inanmışdırlar. Öz anladıqlarına uymamış, Peyğəmbərimizin bildirdiyi doğru yolu yaymışdırlar. Osmanlı dövləti müsəlman idi və Əhli sünnət etiqadında idi.
Yuxarıda bildirilənlərdən aydın olur və bir çox qiymətli kitablar yazır ki, dünyada və axirətdə fəlakətlərdən qurtulmaq, rahat və məsud yaşamaq üçün ilk öncə Əhli sünnət alimlərinin (rahmətullahi təala əleyhim əcməin) bildirdikləri kimi iman etmək, yəni öyrənmək və hamısına inanmaq lazımdır. Əhli sünnət etiqadında olmayan şəxs ya bidət əhli, yəni yolunu azmış müsəlman, ya da mülhid, yəni kafir olur. İmanı, yəni etiqadı doğru olan möminin ikinci vəzifəsi saleh olmaqdır. Yəni Allahın rızasını, sevgisini qazanmaqdır. Bunun üçün qəlblə və bədənlə əməl olunması və çəkinilməsi əmr olunan islam bilgilərini öyrənib, bunlara uyğun yaşamaq lazımdır. Başqa sözlə, ibadət etmək lazımdır. Əhli sünnət alimləri (rahiməhumullahu təala) ibadət bilgilərini anladarkən dörd yerə ayrıldılar. Beləliklə, dörd “Məzhəb” meydana gəldi. Aralarındakı ayrılıqlar az və mühüm olmayan işlərdə olduğu üçün, həmçinin imanlarında birləşdikləri üçün bir-birlərini sevər və sayarlar. Hər bir müsəlmanın bu dörd məzhəbdən birinə görə ibadət etməsi lazımdır. Bu dörd məzhəbdən birinə uymayanın Əhli sünnətdən ayrılacağı Tahtavinin “Dürr-ül-muxtar” kitabına yazdığı haşiyənin “Zəbayih” qismində yazılmışdır.
Döyüşdə əsir alınan və ya sülh vaxtı hər hansı bir kafir “mən müsəlman oldum” deyincə, buna inanılır. Lakin bu şəxsin İmanın altı şərtini dərhal öyrənməsi və bunlara inanması lazımdır. Sonra fərzləri və haramları sırası gəlincə və imkan tapdıqca dərhal öyrənməli və bu öyrəndiklərinə uymalıdır. Öyrənməsə və ya öyrəndiklərindən birinə belə əhəmiyyət verməyib, əməl etməzsə, Allahın dininə əhəmiyyət verməmiş olar, imanı gedər. Belə imanı getmiş şəxsə “Mürtəd” deyilir. Din adamı şəklinə girib, müsəlmanları aldadan mürtədlərə “Zındıq” deyilir. Zındıqlara, onların yalanlarına aldanmamaq lazımdır. Bir kimsə dünya mənfəətlərində aldanmayıb, lakin islamı vəsf etmədən və anlamadan, müsəlmanlığı bilmədən həddi-buluğa çatmışdırsa, onun mürtəd hökmündə olacağı “Siyəri Kəbir şərhi” tərcüməsinin 116-cı səhifəsində və “Dürr-ül-muxtar”da kafirin nikahı sonunda yazılmışdır. “Dürr-ül-muxtar”da kafirin nikahı sonunda deyilir ki, nikahlı müsəlman bir qız həddi-buluğa çatdığı zaman müsəlmanlığı bilməzsə, nikahı pozulur, [yəni mürtəd olur]. Ona Allahın (cəllə cəlaluhu) sıfatlarını (xüsusiyyətləri) bildirmək lazımdır. O da təkrar etməli və bunlara inandım deməlidir. İbn Abidin (rahiməhullahu təala) bunu izah edərkən deyir: “Qız uşaq ikən ata və anasına tabe olaraq müsəlmandır. Həddi-buluğa çatdıqda ana və atasının dininə tabe olması davam etməz. İslamiyyəti bilmədən buluğ yaşına çatarsa, mürtəd olar. İman ediləcək şeyləri eşidib, bunlara inanmayan kimsə Kəlmeyi-təvhid söyləsə, yəni “La ilahə illallah Muhammədun rəsulullah” desə, müsəlman olmaz. “Aməntü billəhi…” duasındakı altı şeyə inanan və Allahın əmr və qadağalarını qəbul etdim deyən şəxs müsəlman olur”. Buradan aydın olur ki, hər müsəlman öz övladına “Aməntü billəhi və Mələikətihi və Kütübihi və Rusülihi vəl Yəvmil-əxiri və bil Qadəri xayrihi və şərrihi minallahi təala vəl-bəasü bəadəl məvti haqqun Əşhədü ən La ilahə illallah və Əşhədü ənnə Muhammədən abdühü və rasulühü” duasını əzbərlətməli və mənasını öyrətməlidir. Uşaq bu altı şeyi və islamiyyətin əmr və qadağalarından birini öyrənməz, inandığını söyləməzsə, həddi-buluğa çatdıqda müsəlman olmaz, mürtəd olar. Bu altı şey haqqında Hakikət Kitabevinin nəşr etdiyi “Hər kəsə lazım olan iman” kitabında geniş məlumat vardır. Hər bir müsəlmanın bu kitabı oxuyub övladlarına da oxutdurması, imanlarını qüvvətləndirmələri və bütün tanışlarının da oxuması üçün çox səy göstərməsi lazımdır. Buna görə də övladlarımızın mürtəd yetişməməsi üçün çox diqqətli olmalıyıq. Onlara hələ uşaq ikən imanı, islamı, dəstəmazı, qüslü, namazı öyrətməliyik! Ananın və atanın birinci vəzifəsi övladını müsəlman olaraq yetişdirməkdir.
“Dürər və Qurər” kitabında deyilir: “Mürtəd olan kişiyə müsəlman ol, deyilir. Şübhə etdiyi şeylər anladılır. Vaxt istəsə, üç gün həbs olunar. Tövbə edərsə, qəbul edilər. Tövbə etməzsə, hakim tərəfindən öldürülər. Mürtəd olan qadın isə öldürülməz, müsəlman olana qədər həbs olunar. Dar-ül-hərbə (yəni müsəlman olmayan ölkəyə) qaçarsa, orada cariyə olmaz. Əsir alınarsa, cariyə olar. Mürtəd olduqda nikahı pozular. Bütün malları mülkündən çıxar. Yenidən müsəlman olarsa, malları təkrar onun mülkü olar. Öldükdə və ya Dar-ül-hərbə qaçdıqda (və ya Dar-ül-hərbdə mürtəd olduqda), onun mülkü müsəlman varisinə qalır. [Varisi yoxdursa, Beyt-ül-maldan (dövlət xəzinəsindən) haqqı olanlara qalır.] Mürtəd mürtədə varis ola bilməz. Mürtəd ikən qazandıqları mülkü olmaz. Müsəlmanlara fey olar. Alış-veriş, kirayə sözləşmələri və hədiyyə verməsi batil olar. Yenidən müsəlman olarsa, səhih halına dönər. Əvvəlki ibadətlərini qəza etməz, yalnız təkrar həccə getməsi lazım olar”. İmandan sonra ilk öyrənilməsi lazım olan şey dəstəmaz almaq, qüsl və namazdır.
İmanın altı şərti bunlardır: Allahın var olduğuna, bir olduğuna və sıfatlarına (xüsusiyyətlərinə) inanmaq; Mələklərə; Peyğəmbərlərə; Kitablara; Axirətdə olan şeylərə; Qəza və Təqdirə iman. İrəlidə bunları ayrı-ayrı açıqlayacağıq.
Xülasə, qəlb və bədən ilə islamiyyətin əmr və qadağalarına tabe olmalı, qəlb qəflətdən oyanıq olmalıdır. Qəlbi oyanıq olmayan [yəni Allahın varlığını, böyüklüyünü, Cənnət nemətlərini və Cəhənnəm atəşinin şiddətini xatırlamayan, düşünməyən] şəxsin bədəninin islamiyyətə uyması çətin olur. Fiqh alimləri fitvaları bildirirlər. Bunların yerinə yetirilməsini asanlaşdırmaq Allah adamlarının işidir. Bədənin islamiyyətə sevərək və asanlıqla tabe olması üçün qəlbin təmiz olması lazımdır. Lakin yalnız qəlbin təmiz olmasına, əxlaqın gözəl olmasına əhəmiyyət verib, bədənin islamiyyətə uymasına əhəmiyyət verməyən kimsə “mülhiddir” (dinsiz). Bunun nəfsinin parlaması ilə hasil olan “qeybdən xəbər vermək, xəstələri oxuyub-üfləyib sağaltmaq” kimi adətdən kənar uğurları “İstidrac” olub, özünü və ona uyanları Cəhənnəmə sürükləyər. Qəlbin və nəfsin təmiz, itaətkar olmasının əlaməti, bədənin islamiyyətə sevərək tabe olmasıdır. Hiss orqanlarını və bədənini islamiyyətə tabe etdirməyənlərin “Qəlbim təmizdir, sən qəlbimə bax!” demələri boş sözdür. Bu cür söyləməklə, onlar özlərini və ətrafındakıları aldadırlar.
Dipnotlar
- Bədi – söz və məna ilə bağlı bəzi sənətlərlə sözün bəzədilməsini öyrənən elm; Bəlağat – sözü düzgün və yerində söyləməyi öyrədən elm; Bəyan – Bəlağat elminin həqiqət, məcaz, kinayə, bənzətmə kimi mövzularından bəhs edən elm; Məani – sözün yerində işlədilməsindən, hala, vəziyyətə görə uğrayacağı dəyişikliklərdən bəhs edən elmdir. ↑