Bir qadın zahı, hamilə, taunlu və ya qarın ağrısından xəstə olsa, yaxud bunlardan heç biri olmasa da, yad kişilərin qabağına açıq-saçıq çıxmasa və əri ondan məmnun olsa, o qadın ölərkən, Cənnət mələkləri gəlib, qarşısında səf-səf durar, ona izzət və ikramla salam verər və: “Allahu təalanın sevgili şəhid cariyəsi, gəl çıx, nə edirsən dünya sarayında? Səndən Allahu təala razı oldu və sənin bu xəstəliyini bəhanə edib, günahını bağışladı, sənə Cənnət ehsan etdi, gəl əmanətini təslim et!”, deyərlər. O qadın bu mərtəbəni görüb, ruhunu vermək istədikdə, ətrafına baxıb: “Mənimlə dostluq edənləri bağışlayıb rəhmət etsin, sonra təslim edim”, dedikdə, mələklər də ricasını cənab-ı Haqqa ərz edərlər. Xitab-ı izzət gəlib, “İzzətim haqqı üçün, qulumun bütün duasını qəbul etdim”, buyurar. Mələklər də xoş xəbəri çatdırarlar. Sonra ölüm mələyi yüz iyirmi rəhmət mələyi ilə gələr. Üzlərinin nuru Ərşə çıxar, başları taclı, arxalarında nurdan Cənnət geyimləri, ayaqlarında qızıl ayaqqabılar və yaşıl qanadları olar. Əllərində Cənnət meyvələri, gözəl ətirlə gəlib, izzət və ikram ilə salam verərlər və: “Aləmləri yaradan, səni salamlayar və Cənnət verib, sevimlisi Muhamməd əleyhissəlama qonşu edər, Həzrəti Aişəyə müsahib, dost edər”, deyərlər.
Bu imanlı qadın bu kəlamları eşidər, gözünün pərdəsi açılıb, əhli iman qadınlarını görər, günahkar olub əzab olunanları görər və: “Onların günahlarını bağışla, Rəbbim!”, deyə arzu edər. Cənab-ı izzətdən bir xitab gələr: “Ya cariyəm! Cümlə muradını yerinə yetirdim, ver əmanətini, Həbibimin xatunu və qızı səni gözləyirlər.” Bu xitabı eşitdikdə, canı titrəyər, ayaqları atılar, tər tökər və can vermək üzrə ikən, iki mələk gələr. Əllərində atəşdən bir çomaq olar, sağ yanında biri, sol yanında biri durar. Üzərinə lənət olunmuş şeytan qaçaraq gələr və “hərçənd bundan bizə fayda yoxdur, amma hələ bir görüm”, deyib, qiymətli kasada buzlu su gətirib, göstərər. O mələklər o xəbisi görüb, əllərindəki çomaqla vuraraq əlindəki kasanı sındırar, onu qovarlar. Müsəlman qadın bunu görüb, gülər. Sonra huri qızlar ona qiymətli kasada kəvsər şərabı verər, o da içər. Cənnət şərabının ləzzətindən canı sıçrayıb, qədəhə yapışar və ölüm mələyi canını o qədəhdən alar. Mələklər çağırışıb: “İnnə lillahi və innə ileyhi raci-un”, deyərlər. Canını alıb, göyləri seyr etdirib, Cənnətə aparar və oradakı yerini göstərib, dərhal yenə meyitin yanına gətirərlər.
Libasını çıxarıb, saçlarını açanda, ruhu dərhal cəsədinin yanına gəlib deyər: “Ey cəsədi yuyan! Yavaş-yavaş tut! Çünki Əzrail pəncəsindən can yarası yemişdir. Bədənim çox əziyyət çəkmişdir və zəifləmişdir.” Yuyulma yerinə gətirildikdə, yenə gəlib deyər: “Suyu çox isti etmə. Bədənim çox zəifdir. Tez məni əlinizdən xilas edin ki mən rahat olum.” Yuyulub, kəfənə büküldükdə, bir az gözləyib, yenə deyər: “Bu cahanı son dəfə görürəm. Bütün qohum-əqrabalarımı görüm, onlar da məni görsünlər və ibrət alsınlar. Onlar da tezliklə mənim kimi öləcəkləri üçün arxamca fəryad etməsinlər. Məni unutmayıb, Qurani-kərim oxuyaraq daim yad etsinlər. Mənim mirasım üçün bir-birləriylə mübahisə etməsinlər ki, qəbirdə əzab görməyim. Cümələrdə və bayramlarda məni xatırlasınlar.”
Cənazə namazı üçün musalla daşına qoyulduqda, can yenə gələrək: “Rahat qalın, ey mənim oğlum və qızım, atam və anam! Bunun kimi ayrılıq günü yoxdur. Görüşməyimiz qiyamətə qaldı. Əlvida olsun sizlərə, ey ardımca göz yaşı tökənlər!”, deyər.
Namazı qılınıb, çiyinə qaldırıldıqda, yenə deyər: “Məni yavaş-yavaş aparın! Əgər məqsədiniz savab qazanmaqdırsa, mənə əziyyət verməyin! Sizdən Allahu təalaya razılıq aparım!”
Qəbir kənarına qoyulduqda, can deyər: “Mənim halımı görün, ibrət alın! İndi məni qaranlıq yerə qoyub gedəcəksiz. Mən əməllərimlə qalacağam. Bu halları görüb, vəfasız, yalançı dünyanın hiyləsinə aldanmayın!”
Qəbrə qoyulduğu zaman, can, meyitin baş tərəfinə gələr. Əsla bir meyiti təlkinsiz qoymasınlar. [Dəfndən sonra saleh birinin “Təlkin” verməsi sünnətdir. Təlkin, dəfndən sonra meyitin üzünə qarşı ayaq üstə duraraq oxunan, qəbir suallarını və cavablarını bildirən sözlərdir. Vəhhabilər, bunun sünnət olduğuna inanmırlar. Bunun bidət olduğunu, ölünün eşitmədiyini deyirlər. Əhli sünnət alimləri (rahiməhumullahu təala) müxtəlif kitablar yazaraq, təlkin verməyin sünnət olduğunu sübut ediblər. Bu dəyərli kitablardan biri, Mustafa ibn İbrahim Siyami (rahiməhullahu təala) həzrətlərinin “Nur-ul-yakin fi-məbhas-it-təlkin” kitabıdır. Burada, Tabəraninin və ibn Məndənin xəbər verdikləri Hədisi-şərif yazılmışdır. Bu Hədisi-şərifdə təlkin verilməsi əmr olunur. “Nur-ul-yakin” kitabı 1345-ci ildə Siyamda, Bankonq şəhərində yazılmış, 1396-cı [m. 1976] ildə İstanbulda ikinci dəfə çap olunmuşdur.]
Allahu təalanın əmri ilə, meyit qəbirdə yuxudan oyanmış kimi oyanar və görər ki, bir qaranlıq yerdədir. Xidmətçisini, cariyəsini və ya ona daim kömək edən birini çağırıb: “Mənə şam gətirin!”, deyər. Əsla səs-səda gəlməz. Qəbir yarılıb, iki sual mələyi [Münkər və Nəkir] zühur edər. Onların ağızlarından alov, burunlarından qara duman çıxar. Bu vəziyyətdə ona yaxın gəlib, deyərlər: “Mən rabbükə və ma dinükə, və mən nəbiyyükə”, yəni Rəbbin kimdir, dinin hansıdır və Peyğəmbərin kimdir? Bu suallara doğru cavab verərsə, o mələklər, onu, Haqq təalanın rəhməti ilə müjdələyib, gedərlər. O anda qəbirin sağ tərəfindən bir pəncərə açılar və bir ay üzlü şəxs çıxıb, yanına gələr. Bu imanlı qadın ona baxıb şad olar. “Sən kimsən?”, deyə soruşar. O da: “Mən sənin, dünyada səbrindən və şükründən yaradıldım. Qiyamətə qədər sənə yoldaş olaram”, deyə cavab verər.
Haramları istəməkdən kəsilmədikcə nəfs,
Qəlb, ilahi nurlara heç ayna ola bilməz!