“Bu şəxs yenə soruşaraq, ya Rəsulallah (sallallahu təala əleyhi və səlləm)! “İmanın nə olduğunu da mənə bildir” dedi”. İslamın nə olduğunu soruşduqdan və cavab verildikdən sonra Cəbrayıl (əleyhissəlam) Rəsuli-əkrəmdən (sallallahu əleyhi və səlləm) imanın həqiqətini və mahiyyətini izah etməsini istədi. İman - lüğətdə bir kəsi tamamilə doğru sözlü bilmək, ona inanmaq deməkdir. İslamiyyətdə iman - Rəsuli-əkrəmin (sallallahu əleyhi və səlləm) Allahu təalanın Peyğəmbəri olduğunu və Onun tərəfindən seçilmiş, xəbər verici nəbi olduğunu doğru bilmək və inanaraq demək, Onun Allahu təala tərəfindən qısaca bildirdiklərinə qısaca inanmaq və geniş bildirdiklərinə ətraflıca inanmaq, gücü çatdıqca Kəlimeyi-şəhadəti dil ilə də söyləməkdir. Atəşin yandırdığına, ilanın zəhərləyib öldürdüyünə dəqiqliklə inanıb qaçdığı kimi, könüldən tam olaraq, Allahu təalanı və sifətlərini böyük bilərək inanmaq, Onun rizasına və camalına can atmaq, qəzəbindən, əzabından qaçmaq və imanı mərmər üzərində yazılan yazı kimi sağlam olaraq könlünə yerləşdirmək, güclü imanın əlamətidir.
Muhamməd əleyhissəlamın bildirdiyi iman ilə islam birdir. Kəlimeyi-şəhadətin mənasına inanmaq hər ikisində də vardır. Bəzi ümumi və xüsusi fərqləri olsa da, lüğət mənalarının fərqli olmasıyla yanaşı, islamiyyətdə fərqləri yoxdur.
İman tək bir şeydir, yoxsa bir neçə hissədən meydana gəlir? Birləşikdirsə, neçə hissədən ibarətdir? Əməllər, ibadətlər imandandır, yoxsa imandan deyildir? İmanım var deyərkən, inşaallah demək caizdir, yoxsa yox? İmanda azlıq-çoxluq varmı? İman məxluqdurmu? İman etmək insanın əlindədir, yoxsa möminlər zorla iman etmişdir? Əgər imanda məcburiyyət varsa, hər kəsin iman etməsi niyə əmr olunmuşdur? Bunları ayrı-ayrı bildirmək çox uzun çəkər. Ona görə də hər birinin cavabını burada ayrı-ayrı bildirməyəcəyəm. Ancaq bu da bilinməlidir ki, Əşari və Mötəzilə məzhəblərinə görə mümkün olmayan bir şeyin icrasını Allahu təalanın əmr etməsi caiz deyildir. Özü mümkün olsa da, insanların gücü çatmadığı şeyləri əmr etməsi də, Mötəziləyə görə caiz deyildir. Əşariyə görə isə bu caizdir, ancaq əmr etməmişdir. İnsanın havada uçmasını əmr etmək belədir. İmanda, ibadətlər və əməllərdə Allahu təala qullarından gücü çatmadığı şeyləri istəməmişdir. Buna görədir ki, müsəlman ikən dəli olan, qafil olan, yatan və ölən şəxs bu halında təsdiq etməsə də müsəlmanlığı davam edər.
Bu hədisi-şərifdə imanın lüğət mənası düşünülməməlidir. Çünki lüğət mənası təsdiq və inanmaq olduğuna görə, ərəb cahillərindən bu mənanı bilməyən yoxdur. Qaldı ki, Əshabı-kiram (radıyallahu təala anhum əcməin) bilməmiş olsunlar. Cəbrayıl əleyhissəlam imanın mənasını Əshabı-kirama öyrətmək istəyirdi. Bunun üçün Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) islamiyyətdə nəyə iman deyildiyini soruşmaqdadır. “İman” - kəşf ilə və ya vicdanla taparaq, yaxud bir dəlil ilə ağlın anlamasıyla və ya seçilmiş, bəyənilmiş bir sözə etimad edərək və təqlid edərək məlum altı şeyə canı-könüldən inanmaq, dil ilə də təsdiq etməkdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) də, imanın məlum altı şeyə inanmaq olduğunu belə bildirdi:
1 - Bu altı şeydən birincisi, Allahu təalanın vacibul-vücud və həqiqi məbud, bütün varlıqların yaradanı olduğuna inanmaqdır. Dünya və axirət aləmində olan hər şeyi maddəsiz, zamansız və bənzərsiz olaraq yoxdan var edən, ancaq Allahu təaladır deyə qəti inanmaqdır. [Hər maddəni, atomları, molekulları, elementləri, birləşmələri, orqanik cisimləri, hüceyrələri, həyatı, ölümü, hər hadisəni, hər reaksiyanı, hər cür gücü, enerji növlərini, hərəkətləri, qanunları, ruhları, mələkləri, canlı-cansız hər var olanı yoxdan var edən və hamısını, hər an varlıqda saxlayan yalnız Odur]. Aləmlərdə olan hər şeyi, [heç biri yox ikən, bir anda] yaratdığı kimi, [hər zaman bir-birindən də var etməkdədir. Qiyamət günü gəldikdə hər şeyi bir anda] yenə yox edəcəkdir. Hər varlığın xaliqi, yaradanı, sahibi və hakimi Odur. Onun hakimi, əmiri, üstünü yoxdur deyə inanmaq lazımdır. Hər üstünlük, hər kamal sifət Onundur. Onda heç bir qüsur, heç bir nöqsan sifət yoxdur. Dilədiyini edə bilir. Etdikləri özünə və ya başqasına faydalı olmaq üçün deyildir. Bir qarşılıq üçün etməz. Bununla yanaşı, hər işində hikmətlər, faydalar, lütflər və ehsanlar vardır.
Qullarına yaxşı və faydalı olanları verməyə, bəzisinə savab, bəzisinə əzab verməyə məcbur deyildir. Üsyankarların, günah iş görənlərin hamısını Cənnətə qoysa, fəzlinə və ehsanına yaraşar. İtaət və ibadət edənlərin hamısını Cəhənnəmə atsa, ədalətinə uyğun olar. Ancaq müsəlmanları və ibadət edənləri Cənnətə qoyacağını, onlara əbədi nemətlər və yaxşılıqlar bəxş edəcəyini, kafirlərə isə Cəhənnəmdə əbədi əzab edəcəyini diləmiş və bildirmişdir. O, sözündən dönməz. Bütün canlılar iman etsə, itaət etsə, Ona heç bir faydası olmaz. Bütün aləm kafir olsa, azğın, üsyankar olsa, qarşı çıxsa, Ona heç bir zərər verməz. Qul, bir şey etmək istədikdə, O da istəyərsə, o şeyi yaradar. Qullarının hər hərəkətini və hər şeyi yaradan Odur. O diləməsə, yaratmasa, heç bir şey hərəkət edə bilməz. O diləməsə, heç kim kafir ola bilməz. Heç kim üsyan edə bilməz. Küfrü, günahları diləsə də bunlardan razı deyildir. Onun işinə heç kim qarışa bilməz. Nə üçün belə etdi, kaş ki belə etsəydi deməyə, səbəbini soruşmağa heç kimin gücü və haqqı yoxdur. Şirkdən, küfrdən başqa hər hansı böyük günahı işləyib, tövbəsiz ölən insanı diləsə bağışlayar. Kiçik bir günahdan ötrü diləsə əzab edər. Kafir, mürtəd olaraq ölənləri qətiyyən bağışlamayacağını, bunlara əbədi əzab edəcəyini bildirmişdir. Müsəlman olan, yəni “Əhli-qiblə” olub, ibadət edən, ancaq etiqadı “Əhli-sünnət” etiqadına uyğun olmayan və tövbə etmədən ölən insana Cəhənnəmdə əzab edəcəksə də, belə “Bidət sahibi” müsəlmanlar Cəhənnəmdə əbədi qalmayacaq.
Allahu təalanı dünyada baş gözü ilə görmək caizdir, ancaq heç kim görməmişdir. Qiyamət günü məhşər yerində kafirlərə və günahı olan möminlərə, qəhr və cəlal ilə; saleh olan möminlərə isə lütf və camal ilə görünəcəkdir. Möminlər Cənnətdə Onu camal sifəti ilə görəcəklər. Mələklər və qadınlar da görəcəkdir. Kafirlər bundan məhrum qalacaqlar. Cinlərin də məhrum qalacaqlarını bildirən xəbər güclüdür. Alimlərin çoxuna görə, “Möminlərin məqbul olanları hər səhər və axşam, dərəcəsi aşağı olanlar isə hər Cümə günü, qadınlar da dünya bayramı kimi ildə bir neçə dəfə təcəlliyi-camal ilə və ruyət ilə müşərrəf olacaqlar”.
[Şeyx Əbdülhaq Dəhləvi həzrətləri1 farsca qələmə aldığı “Təkmilul-iman” kitabında buyurur ki: Hədisi-şərifdə buyuruldu ki, “Qiyamət günü Rəbbinizi on dörd gecəlik ayı gördüyünüz kimi görəcəksiniz!” Allahu təala dünyada anlaşılmadan bilindiyi kimi, axirətdə də anlaşılmadan görüləcəkdir.
Əbülhəsən Əşari, imam Süyuti və imam Beyhəqi kimi böyük alimlər mələklərin də Cənnətdə Allahu təalanı görəcəklərini bildirmişlər. İmam azam Əbu Hənifə və başqa alimlər cinlərin savab qazanmayacaqlarını və Cənnətə girməyəcəklərini, ancaq mömin olanlarının Cəhənnəmdən xilas olacaqlarını bildirdilər. Qadınlar dünyadakı bayram günləri kimi ildə bir neçə dəfə görəcəklər. Möminlərin kamil olanları hər səhər və axşam, digərləri isə Cümə günləri görəcəklər. Bu fəqirə görə, mömin qadınlar, mələklər və cinlər də bu müjdəyə daxildirlər. Fatimətuz-zəhra, Xədicətul-kübra, Aişəyi-siddiqə, digər əzvaci tahirat, Məryəm və Asiyə (radıyallahu təala anhunnə əcməin) kimi kamil və arif xanımların digər qadınlardan müstəsna tutulmaları uyğun olar. İmam Süyuti də buna işarə edir].
Allahu təalanın görüləcəyinə inanılmalı, necə görüləcəyi düşünülməməlidir. Çünki, Allahu təalanın işləri ağılla anlaşılmaz və dünya işlərinə bənzəməz. [Fizika və kimya bilikləri ilə ölçülə bilməz]. Allahu təalanın cəhəti, qarşıda olması yoxdur. Allahu təala maddə deyildir, cisim deyildir. [Element deyildir. Qarışıq, birləşmə deyildir]. Sayılan deyil, ölçülməz, hesablanmaz, onda dəyişiklik olmaz. Məkanlı deyildir, bir yerdə deyildir, zamanlı deyildir. Əvvəli, sonrası, önü, arxası, altı, üstü, sağı və solu yoxdur. Buna görə də insan düşüncəsi, insan biliyi, insan ağlı Onun heç bir şeyini başa düşə bilməz, Onun necə görüləcəyini də qavraya bilməz. Əl, ayaq, cəhət, yer və bunlar kimi Allahu təala üçün caiz olmayan sözlərin ayəti-kərimələrdə və hədisi-şəriflərdə olması bizim başa düşdüyümüz və bildiyimiz bu gün istifadə edilən mənalarda deyildir. Belə ayəti-kərimələrə və hədisi-şəriflərə “Mütəşabihat” deyilir. Bunlara inanmalı, nə və necə olduqlarını anlamağa cəhd edilməməlidir. Yaxud, bunlar qısaca və ya geniş olaraq, “Təvil” olunur. Yəni, Allahu təalaya layiq başqa məna verilir. Məsələn, əl sözü qüdrət və enerji deməkdir.
Muhamməd əleyhissəlam Allahu təalanı Meracda gördü. Bu görmək dünyadakı baş gözü ilə görmək kimi deyildi. Bir insan Allahu təalanı dünyada gördüm desə, o zındıqdır. Övliyanın (qaddəsallahu təala əsrarəhum əcməin) görməsi, dünya və axirət görmələri kimi deyildir. Yəni “Ruyət” deyildir. Onlarda “Şühud” əmələ gəlir. [Yəni, qəlb gözü ilə timsalını görürlər]. Övliyayı-kiramdan, gördüm deyənlər oldusa da, səkr halında ikən, yəni ağılları başlarında deyilkən, şühudu ruyət zənn ediblər. Yaxud, təvil edərək anlaşılan sözlərdən biridir.
Sual: Allahu təalanın dünyada baş gözü ilə görülməsinin caiz olduğu yuxarıda bildirilmişdi. Caiz olan bir şeyin hasil olduğunu deyən bir şəxs nə üçün zındıq olsun? Gördüm deyən kafir olursa, o şeyə caiz demək olarmı?
Cavab: Lüğətdə caiz kəlməsi, bir şeyin olması da, olmaması da uyğundur deməkdir. Ancaq, Əşari2 məzhəbində ruyətin caiz olması, Allahu təala bu dünyada yaxın olmaqdan, qarşısında olmaqdan və dünyada yaratmış olduğu fizika qanunları ilə görməkdən savayı, insanda tamamilə başqa bir görmə gücü yaratmağa qadirdir, deməkdir. Məsələn, Çində olan kor bir insana Əndəlusdakı ağcaqanadı göstərməyə və ya dünyadakı insana ayda və ulduzda olan şeyləri göstərməyə qadirdir və bu caizdir. Belə güc, Allahu təalaya məxsusdur. İkincisi, dünyada gördüm demək, ayəti-kəriməyə və alimlərin söz birliyinə uyğun deyildir. Buna görə də belə bir şeyi deyən kəs “Mülhid” və ya “Zındıq”dır. Üçüncü cavab olaraq deyə bilərik ki, dünyada ruyətin caiz olması, Onu dünyada fiziki qanunlarla görmək caiz olar demək deyildir. Halbuki, Allahu təalanı gördüm deyən şəxs başqa şeyləri gördüyü kimi gördüm deyir. Bu isə caiz olmayan bir görməkdir. Bunun kimi küfrə səbəb olan sözləri deyən adama mülhid və ya zındıq deyilir. [Mövlana Xalid həzrətləri] bu cavablardan sonra “Diqqət edin!” buyurur. Bununla, ikinci cavabın daha sağlam olduğuna işarə edir. [“Mülhid” və “Zındıq”, özlərinin müsəlman olduqlarını deyirlər. “Mülhid” bu sözündə səmimidir. Özünün müsəlman olduğuna və doğru yolda olduğuna inanır. “Zındıq” isə İslam düşmənidir. İslamiyyəti daxildən yıxmaq, müsəlmanları aldatmaq üçün müsəlman görünür].
Allahu təala üçün gecə-gündüz və zaman keçməsi düşüncəsi mümkün deyildir. Allahu təalada heç bir cəhətdən, heç bir dəyişiklik olmayacağı üçün keçmişdə və gələcəkdə elədir-belədir, deyilə bilməz. Allahu təala heç bir şeyə hülul etməz. Heç bir şeylə birləşməz. [Şiələrin, Allah həzrəti Əliyə hülul etmişdir deyən “Nüsayri” adındakı firqələri kafirdir]. Allahu təalanın ziddi, əksi, bənzəri, ortağı, köməkçisi və qoruyucusu yoxdur. Anası, atası, oğlu, qızı, əri və ya xanımı yoxdur. Hər zaman, hər kəs ilə hazır, hər şeyi əhatə etmiş və nazirdir. Hər kəsə şah damarından daha yaxındır. Ancaq hazır olması, əhatə etməsi, birlikdə və yaxın olması, bizim başa düşdüyümüz kimi deyildir. Onun yaxınlığı alimlərin elmi, elm adamlarının zəkası və Övliyanın (qaddəsallahu təala əsrarəhum əcməin) kəşf və şühudu ilə anlaşılmaz. Bunların əslini insan ağlı qavraya bilməz. Allahu təala zatında və sifətlərində birdir, heç birində dəyişiklik, başqalaşma olmur. Təfəkkəru fi alaillahi və la tətəfəkkəru fi zatillahi. Birinci cild, 46-cı məktubu oxuyun!
Allahu təalanın adları “Təvqifi”dir. Yəni, islamiyyətdə bildirilən adları demək caizdir, bunlardan başqasını demək caiz deyildir. [Məsələn, Allahu təalaya alim deyilir. Ancaq, alim mənasında olan fəqih deyilməməlidir. Çünki, islamiyyət Allahu təalaya fəqih deməmişdir. Bunun kimi Allah adı yerinə tanrı demək caiz deyildir. Çünki tanrı, ilah, məbud deməkdir. Məsələn, hindlilərin tanrıları inəkdir, demək olar. “Birdir Allah, Ondan başqa tanrı yoxdur” deyilə bilər. Başqa dillərdəki Dieu, Gott və God kəlimələri də, ilah, məbud mənasında deyilə bilər. Allah adı yerinə istifadə etmək olmaz].
Allahu təalanın adları sonsuzdur. Min bir adı var deyə məşhurdur. Yəni, adlarından min bir dənəsini insanlara bildirmişdir. Muhamməd əleyhissəlamın dinində bunlardan doxsan doqquzu bildirilmişdir. Bunlara “Əsmai-hüsna” deyilir.
Allahu təalanın “Sifəti-zatiyyə”si altıdır. [Bunları yuxarıda bildirmişdik]. “Sifəti-sübutiyyə”si, “Maturidiyyə” məzhəbində səkkizdir. “Əşariyyə” məzhəbində isə yeddidir. Bu sifətləri də zatı kimi əzəlidir, əbədidir. Yəni sonsuz olaraq vardırlar, müqəddəsdirlər, məxluqların sifətləri kimi deyildirlər. Ağılla, zənn ilə və dünyadakılara bənzədilərək anlaşılmaz. Allahu təala bu sifətlərindən hər biri üçün bir nümunə insanlara ehsan buyurmuşdur. Bunları görərək Allahu təalanın sifətlərini bir az anlamaq mümkün olar. İnsan Allahu təalanı anlaya bilməyəcəyi üçün, Allahu təalanı düşünmək, anlamağa cəhd etmək caiz deyildir. Allahu təalanın səkkiz sifəti-sübutiyyəsi zatının eyni də deyildir, qeyri də deyildir. Yəni sifətləri özü deyildir, Özündən başqa da deyildir. Bu səkkiz sifət: Həyat, elm, səm, basar, qüdrət, kəlam, iradə və təkvindir.
Əşariyyə məzhəbində təkvin sifəti qüdrət sifəti ilə birdir. Məşiyyət də iradə deməkdir.
Allahu təalanın səkkiz sifətindən hər biri bəsitdir, bir haldadır. Heç birində heç bir dəyişiklik olmaz. Ancaq, məxluqlara əlaqəli olaraq hər biri çoxdur. Bir sifətin məxluqlarla əlaqə və təsiri cəhətdən çox olması, onun bəsit olmasına zərər vermir. Bunun kimi, Allahu təala, bu qədər müxtəlif məxluqlar yaratdı və hamısını hər an yox olmaqdan qorumaqdadır. Ancaq O, yenə birdir, Onda dəyişiklik olmur. Hər məxluq, hər an, hər cəhətdən Ona möhtacdır. O, heç kimə möhtac deyildir.