2 - İman edilməsi, inanılması lazım olan altı şeydən ikincisi: “Onun mələklərinə inanmaqdır”. Mələk elçi, xəbər gətirən və ya güc deməkdir. Mələklər cisimdir, lətifdir. Qaz halından da daha lətifdirlər. Nuranidirlər, diridirlər, ağıllıdırlar. İnsanlardakı pisliklər mələklərdə yoxdur. Hər şəklə girə bilirlər. Qazlar maye və bərk hala keçdiyi kimi və bərk olduqda müəyyən forma aldığı kimi, mələklər də gözəl formalara girə bilirlər. Mələklər böyük insanların bədənindən ayrılan ruhlar deyildirlər. Xristianlar mələkləri belə ruhlardan zənn edirlər. Enerji, güc kimi, maddəsiz də deyildirlər. Qədim filosoflardan bir hissəsi belə zənn edirdilər. Hamısına “Məlaikə” deyilir. Mələklər bütün canlılardan əvvəl yaradıldı. Buna görə kitablara imandan əvvəl, mələklərə iman etmək bildirildi. Kitablar da Peyğəmbərlərdən əvvəldir. Qurani-kərimdə də inanılacaq şeylərin adı bu sıra ilə bildirilməkdədir.
Mələklərə iman belə olmalıdır: Mələklər, Allahu təalanın qullarıdır, ortaqları, qızları deyildir. Kafirlər, müşriklər elə zənn edirlər. Allahu təala mələklərin hamısını sevir. Onlar Allahu təalanın əmrlərinə itaət edirlər. Günah iş görməzlər, əmrlərə üsyan etməzlər. Erkək və dişi deyildirlər, evlənməzlər, uşaqları olmaz, həyatdadırlar, diridirlər. Abdullah ibn Məsuddan (radıyallahu anh) gələn xəbərdə, mələklərdən bir hissəsinin uşaqları olduğu, İblis və cin bunlardan olduğu bildirilməkdədirsə də, bunun cavabı kitablarda geniş yazılmışdır. Allahu təala insanları yaradacağını buyurduğu zaman, mələklərin “Ya Rəbb! Yer üzünü bərbad edəcək və qan tökəcək məxluqları yaradacaqsan?” kimi “Zəllə” adlanan sualları, onların məsum, günahsız olmalarına zərər vermir.
Sayı ən çox olan məxluq mələklərdir. Bunların sayılarını Allahu təaladan başqa heç kim bilməz. Göylərdə mələklərin ibadət etmədikləri boş bir yer yoxdur. Göylərin hər yeri rükuda və ya səcdədə olan mələklərlə doludur. Göylərdə, yerlərdə, otlarda, ulduzlarda, canlılarda, cansızlarda, yağış damcılarında, ağacların yarpaqlarında, hər molekulda, hər atomda, hər reaksiyada, hər hərəkətdə, hər şeydə mələklərin vəzifələri vardır. Hər yerdə Allahu təalanın əmrlərini yerinə yetirirlər. Allahu təala ilə məxluqları arasında vasitədirlər. Bəziləri digər mələklərin əmiridir. Bəziləri Peyğəmbərlərə xəbər gətirir. Bəziləri insanların qəlbinə yaxşı fikir gətirir ki, buna “İlham” deyilir. Bəzilərinin insanlardan və bütün məxluqlardan xəbəri yoxdur. Allahu təalanın camalı qarşısında huşlarını itiriblər. Hər birinin müəyyən yeri vardır, oradan ayrıla bilməzlər. Bəzisinin iki, bəzisinin dörd və ya daha çox qanadı vardır. [Hər heyvanın qanadı və təyyarələrin qanadları özlərinin quruluşunda olub, bir-birinə bənzəmədiyi kimi, mələklərin qanadı da öz cinslərindəndir. İnsan görmədiyi, bilmədiyi bir şeyin adını eşitdikdə, bunu bildiyi şeylər kimi zənn edərək aldanır. Mələklərin qanadları vardır. Buna inanırıq, ancaq necə olduğunu bilmirik. Kilsələrdə, bəzi məcmua və kinolarda mələk deyə təsvir edilən qanadlı qadın rəsmləri uydurmadır, müsəlmanlar belə rəsm çəkməz. Müsəlman olmayanların çəkdiyi bu pozğun rəsmləri doğru sanmamalı, düşmənlərə aldanmamalıyıq]. Cənnət mələkləri Cənnətdədir. Onların böyüklərinin adı “Rizvan”dır. Cəhənnəm mələklərinə “Zəbani” deyilir. Onlar Cəhənnəmdə əmr olunan vəzifələrini yerinə yetirir. Cəhənnəm alovu onlara zərər verməz. Dənizin balığa zərərli olmaması kimidir. Cəhənnəm zəbanilərinin böyüklərinin sayı on doqquzdur. Ən böyüyünün adı “Malik”dir.
Hər insanın xeyir və şər bütün işlərini yazan, ikisi gecə, ikisi gündüz gələn dörd mələyə, “Kiramən katibin” və ya “Hafaza mələkləri” deyilir. Hafaza mələklərinin bunlardan başqa olduğu da bildirilmişdir. Sağ tərəfdəki mələk soldakının əmiridir və yaxşı işləri, ibadətləri yazır. Soldakı isə pis əməlləri yazır. Qəbrlərdə kafirlərə və asi müsəlmanlara əzab edən mələklər və qəbirdə sual verən mələklər vardır. Sual mələklərinə “Münkər və Nəkir” deyilir. Möminlərdən soruşanlara “Mübəşşir və Bəşir” də deyilir.
Mələklərin bir-birindən üstünlükləri vardır, ən üstünlərinin sayı dörddür. Bunların birincisi “Cəbrayıl” əleyhissəlamdır. Onun vəzifəsi Peyğəmbərlərə “Vəhy” gətirmək, əmr və qadağaları bildirməkdir. İkincisi “Sur” adlanan borunu üfürəcək olan “İsrafil” əleyhissəlamdır. Suru iki dəfə üfürəcəkdir. Birincisində, Allahu təaladan başqa hər diri öləcək. İkincisində hamısı təzədən diriləcəkdir. Üçüncüsü, “Mikayıl” əleyhissəlamdır. Ucuzluq, bahalılıq, qıtlıq, bolluq, [İqtisadi nizam] gətirmək, [fərahlıq və hüzur gətirmək] və hər maddəni hərəkət etdirmək bunun vəzifəsidir. Dördüncüsü, “Əzrayıl” əleyhissəlamdır. İnsanların ruhunu alan odur. [Fars dilində ruha can deyilir.] Bu dörd mələkdən sonra üstün olan mələklər dörd sinifdir: “Hamələyi Ərş” adlanan mələklərin sayı dörddür, Qiyamətdə səkkiz olacaqlar. Hüzuri-ilahidə olan mələklərə “Müqarrəbin”, əzab mələklərinin böyüklərinə “Kərubiyan”, rəhmət mələklərinə “Ruhaniyan” deyilir. Bunların hamısı mələklərin xəvassı, yəni üstünləridir. Onlar Peyğəmbərlərdən başqa (əleyhimussaləvatu vəttəslimat) bütün insanlardan daha üstündür. Müsəlmanların salehləri və vəliləri mələklərin avamından, yəni aşağılarından daha fəzilətli, daha üstündür. Mələklərin avamı müsəlmanların avamından, yəni asi və fasiqlərdən daha üstündür.
Kafirlər isə hər məxluqdan daha alçaqdır. Surun birinci üfürülməsində dörd böyük mələkdən və hamələyi-Ərşdən başqa bütün mələklər də yox olacaqlar. Bundan sonra, hamələyi-Ərş və daha sonra dörd mələk yox olacaq. İkincisində əvvəlcə bütün mələklər diriləcəklər. Hamələyi-Ərş ilə bu dörd mələk surun ikinci üfürülməsindən əvvəl diriləcək. Deməli, bu mələklər bütün canlılardan əvvəl yaradıldıqları kimi, hər bir canlıdan da sonra yox olacaqlar.