Hakikat Books
Türkçe
Önizleme — bu metin henüz yayın onayı almadı.

Bölüm 7 / 15

Kitablara iman

Bu bölümde cevaplanan sorular (10)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. İmanın üçüncü şərti nədir; Allahu təalanın nazil etdiyi kitablara necə inanılır? taslak Hata bildir
  2. Allahu təalanın nazil etdiyi kitabların hamısı haqdırmı; əzab edəcəyini bildirdiyi halda əfv etməsi caizdirmi? taslak Hata bildir
  3. Ayəti-kərimələrə və hədisi-şəriflərə hansı mənalar verilməlidir; mütəşabih ayələr necə anlaşılmalı və təvil nə deməkdir? taslak Hata bildir
  4. Qurani-kərim niyə bütün səmavi kitablardan üstündür və möcüzəsi necədir; ayələrin nəsx edilməsi nə deməkdir? taslak Hata bildir
  5. Səmavi kitablar neçədir; suhuflar və dörd böyük kitab hansı Peyğəmbərlərə nazil olmuşdur? taslak Hata bildir
  6. Kəlamı-nəfsi və kəlamı-ləfzi nə deməkdir? taslak Hata bildir
  7. Allahu təalanın kəlam sifəti necədir; dəyişirmi, hərfli və səslidirmi? taslak Hata bildir
  8. Kəlamı-ilahi nələri bildirir; xəbər, inşa, əmr və nəhy nəyə deyilir? taslak Hata bildir
  9. Kəlamı-nəfsi məxluqdurmu, qədimdirmi; Əhli-sünnət alimləri kəlamı-ləfzi haqqında nə bildirmişlər? taslak Hata bildir
  10. Musa əleyhissəlam niyə “Kəlimullah” deyə anılmışdır? taslak Hata bildir

3 - İman edilməsi lazım olan altı şeydən üçüncüsü: “Allahu təalanın endirdiyi kitablarına inanmaqdır”. Allahu təala bu kitabları mələklə bəzi Peyğəmbərlərin mübarək qulaqlarına söyləyərək, bəzilərinə isə lövhə üzərində yazılı olaraq, bəzilərinə də mələksiz eşitdirərək endirdi. Bu kitabların hamısı Allahu təalanın kəlamıdır, əbədi və əzəlidir, məxluq deyildir. Bunlar, mələklərin və ya Peyğəmbərlərin öz sözləri deyildir. Allahu təalanın kəlamı bizim yazdığımız, yaddaşımızda saxladığımız və danışdığımız söz kimi deyildir. Yazıda, sözdə və yaddaşda olmaq kimi deyil, hərfli və səsli deyildir. Allahu təalanın və sifətlərinin necə olduğunu insan anlaya bilməz. Ancaq, o kəlamı insanlar oxuyar. Yaddaşlarda saxlanar və yazılar. Bizimlə bərabər olduqda hadis olar. Allahu təalanın kəlamı insanlarla bərabər olduqda məxluq və hadisdir. Allahu təalanın kəlamı olduğu düşünüldükdə qədimdir.

Allahu təalanın endirdiyi kitabların hamısı haqdır və doğrudur. Yalan və səhv ola bilməz. Cəza, əzab edəcəm deyib bağışlaması caizdir deyilibsə də, bizim bilmədiyimiz şərtlərə və ya Onun iradəsinə, istəyinə bağlıdır. Yaxud, qulun layiq olduğu əzabı əfv edər deməkdir. Cəzanı, əzabı bildirən söz, bir şeyi xəbər vermək deyildir ki, bağışladıqda yalançılıq sayılsın. Allahu təalanın vəd etdiyi nemətləri verməməsi caiz deyilsə də, əzabları bağışlaması caizdir. Ağıl da, ayəti-kərimələr də belə olduğunu göstərir.

Bir maneə, müşkül olmadıqca, ayəti-kərimələrə və hədisi-şəriflərə açıq şəkildə anlaşılan mənaları vermək lazımdır. Bunlara bənzəyən başqa məna vermək caiz deyildir. [Qurani-kərim və hədisi-şəriflər Qureyş lüğəti və ləhcəsinə görədir. Kəlimələrə 1400 il əvvəl Hicazda istifadə edilən mənaları vermək lazımdır. Zaman keçdikcə dəyişib, bu gün istifadə edilən mənaları verərək tərcümə etmək doğru deyildir]. “Mütəşabihat” adlanan ayəti-kərimələrdə anlaşılmayan gizli mənalar vardır. Bunların mənasını ancaq Allahu təala bilir və özlərinə “Elmi lədunni” verilmiş çox az seçilmiş böyüklər onlara bildirildiyi qədər anlaya bilərlər. Başqa heç kim anlaya bilməz. Ona görə, mütəşabih ayələrin Allah kəlamı olduğuna iman edilməli, mənaları araşdırılmamalıdır. Əşari məzhəbindəki alimlər belə ayələri, qısaca və ya geniş olaraq “Təvil” etmək caiz olar demişlər. Təvil - kəlimənin müxtəlif mənaları arasından məşhur olmayanı seçmək deməkdir. Məsələn, Fəth surəsində, “Allahın əli onların əllərinin üstündədir” məalındakı ayəti-kərimə Allahu təalanın kəlamıdır. Allahu təala bununla nəyi murad edirsə, o şəkildə inandım deyilməlidir. Bunun mənasını mən başa düşə bilmərəm, ancaq Allahu təala bilər demək ən yaxşı yoldur. Yaxud, Allahu təalanın elmi bizim elmimiz kimi deyildir. İradəsi bizim iradəmizə bənzəməz. Allahu təalanın əli də qulların əlləri kimi deyildir.

Allahu təalanın endirdiyi kitablarda bəzi ayələrin yalnız oxunuşu, yaxud yalnız mənası və ya ikisi birdən “nəsx” edilmiş, Allahu təala tərəfindən dəyişdirilmişdir. Qurani-kərim bütün kitabları ləğv etmiş, hökmlərini ortadan qaldırmışdır. Qurani-kərimdə qiyamətə qədər heç bir zaman səhv, unudulma, artıqlıq və nöqsanlıq olmaz. Keçmişdəki və gələcəkdəki bütün elmlər Qurani-kərimdə vardır. Bunun üçün bütün səmavi kitablardan üstün və qiymətlidir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) ən böyük möcüzəsi Qurani-kərimdir. Bütün insanlar və cinlər bir yerə yığılsa, hamısı Qurani-kərimin ən qısa bir surəsi kimi bir söz deyə bilmək üçün çalışsalar, yenə də deyə bilməzlər. Ərəbistanın bəlağətli, ədib, fəsahətli şairləri bir yerə toplanıb, çox çalışdılarsa da, bir qısa ayə kimi bir söz deyə, Qurani-kərimə zidd çıxa bilmədilər. Heyrətlərindən donub qaldılar. Allahu təala islam düşmənlərini Qurani-kərim qarşısında aciz və məğlub edir. Qurani-kərimin bəlağəti insan gücündən yüksəkdədir. İnsanlar ona bənzər söz söyləməkdə acizdirlər. Qurani-kərimin ayələri insanların nəzminə, vəznli olmayan nəsrinə, qafiyəli sözlərinə bənzəmir. Amma buna baxmayaraq Qurani-kərim Ərəbistandakı ədiblərin istifadə etdiyi hərflərlə söylənmişdir.

Səmavi kitablardan bizə yüz dörd ədədi bildirildi. Bunlardan on sühüf Adəm əleyhissəlama, əlli sühüf Şis (Şit) əleyhissəlama, otuz sühüf İdris əleyhissəlama, on sühüf İbrahim əleyhissəlama endirildiyi məşhurdur. Tövrat kitabı Musa əleyhissəlama, Zəbur kitabı Davud əleyhissəlama, İncil kitabı İsa əleyhissəlama və Qurani-kərim Muhamməd əleyhissəlama endirilmişdir.

Bir insan əmr etmək, qadağan etmək və ya bir şey soruşmaq, bir xəbər vermək istəsə, əvvəlcə bunları fikirləşər və zehnində hazırlayar. Zehnində olan bu mənalara “Kəlamı-nəfsi” deyilir. Bu mənalara ərəbcə, farsca və ya türkcə deyilməz. Müxtəlif dillərdə deyilməsi, bunların ayrı-ayrı məna almasına səbəb olmaz. Bu mənaları ifadə edən sözlərə “Kəlamı-lafzı” deyilir. Kəlamı-lafzı müxtəlif dillərlə izah edilə bilər. Buradan məlum olur ki, kəlamı-nəfsi başqa sifətlər kimi, məsələn, elm, iradə, görmək... kimi kəlam sahibində olan bəsit, dəyişməz və ayrı bir sifətdir. Kəlamı-lafzı isə, kəlamı-nəfsini ifadə edən, insanın eşitdiyi və söyləyənin ağzından çıxan hərflərin cəmidir. Beləliklə də, Allahu təalanın kəlamı heç susmayan, məxluq olmayan və zatı ilə olan, əzəli və əbədi bir kəlamdır. Sifəti-zatiyyəsindən və elm, iradə kimi sifəti-sübutiyyələrindən ayrı, tamamilə başqa bir sifətdir.

Kəlam sifəti də bəsitdir, əsla dəyişməz, hərfli və səsli deyildir. Əmr, qadağa, xəbər vermək kimi və ərəbcə, farsca, ibranicə, türkcə və süryanicə kimi başqalaşması və parçalanması yoxdur. Belə şəkil almaz, yazılmaz. Zehin, qulaq və dil kimi üzvlərə və vasitələrə möhtac deyildir. Hər bir dildə söyləmək olar. Beləcə, ərəbcə söylənirsə, Qurani-kərim deyilir. İbranicə söylənirsə, Tövratdır. Süryanicə olduqda İncildir. [“Şərhul-məqasid”1 kitabında yunanca olsa İncil, süryanicə olduqda Zəburdur deyilir].

Kəlamı-ilahi müxtəlif şeyləri bildirir. Qissələri, yəni hadisələri bildirirsə “Xəbər” olur, belə olmazsa, “İnşa” olur. Əməl olunması lazım olan şeyləri bildirərsə, “Əmr”, qadağaları bildirərsə, “Nəhy” olur. Ancaq kəlami-ilahidə qətiyyən dəyişiklik və çoxalma olmaz. Endirilən kitabların və səhifələrin hamısı Allahu təalanın kəlam sifətindəndir. Kəlam sifətindən, yəni kəlamı-nəfsidəndir. Ərəbcə olduqda Qurani-kərimdir. Hərfli olub, yazılan, deyilən, eşidilən və yaddaşda əzbərlənən nəzm halında endirilən vəhyə “Kəlamı-lafzı” və “Qurani-kərim” deyilir. Bu kəlami-lafzı, kəlamı-nəfsini göstərdiyi üçün buna da kəlamı-ilahi və sifəti-ilahi demək caizdir. Hamısına Qurani-kərim deyildiyi kimi, hissələrinə də Quran deyilir.

Kəlamı-nəfsinin məxluq olmadığını və qədim olduğunu, doğru yolun alimləri yekdilliklə söyləməkdədirlər. Kəlamı-lafzının hədis və ya qədim olmasında bu yekdillik yoxdur. Hədis olduğunu bildirənlərdən bəziləri kəlamı-lafzının hədis olduğunun deyilməməsini lazım bilmişlər. Əgər, hədis deyilərsə, kəlamı-nəfsinin hədis olduğu anlaşıla bilər, buyurdular. Ən yaxşı söz də budur. İnsanların yaddaşı bir şeyi göstərəni eşitdikdə, dərhal o şeyi xatırlayır. Əhli-sünnət alimlərindən, Qurani-kərim hədisdir deyənlərin bu sözü ağzımızla oxuduğumuz, səs və sözlərin məxluq olduğunu bildirmişdir. Əhli-sünnət alimləri yekdilliklə, kəlamı-lafzının da, nəfsinin də Allah kəlamı olduğunu söylədilər. Bu sözdə məcaz yoluna gedənlər olsa da, kəlamı-nəfsi Allah kəlamıdır demək, Allahu təalanın kəlam sifətidir deməkdir. Kəlamı-lafzı Allah kəlamıdır demək, Allahu təala onun xaliqidir, deməkdir.

Sual: Yuxarıdakı yazılardan aydın olur ki, Allahu təalanın əzəli olan kəlamı eşidilməz. Allah kəlamını eşitdim demək, oxunan səs və sözləri eşitdim, deməkdir. Yaxud, oxunan səs və əzəli olan kəlamı-nəfsini başa düşdüm, deməkdir. Bütün Peyğəmbərlər, hətta hər kəs bu iki şəkildə də eşidə bilirlər. Musa əleyhissəlamı, “kəlimullah” olaraq ayırmağın səbəbi nədir?

Cavab: Musa əleyhissəlam adəti-ilahiyyənin xaricində hərfsiz və səssiz olan kəlamı-əzəlini eşitdi. Cənnətdə anlaşılmaz və izah olunmaz bir şəkildə Allahu təala görüləcəyi kimi, Onu izah olunmaz bir şəkildə eşitdi. Başqa heç kim belə eşitmədi. Yaxud, Allahın kəlamını səslə eşitdi, lakin, yalnız qulaqla deyil. Vücudunun hər zərrəsi, hər tərəfdən eşitdi. Yaxud, yalnız ağac tərəfindən eşitdi, ancaq, səs ilə deyildi. Hava titrəməsi və ya başqa hadisələrlə eşitmədi. Bu üç haldan biri ilə eşitdiyi üçün “Kəlimullah” adına qovuşdu. Muhamməd əleyhissalatu vəssəlamın Merac gecəsində kəlamı-ilahini eşitməsi və Cəbrayıl əleyhissəlamın vəhy alarkən eşitməsi də belə idi.

Dipnotlar

  1. Şərhul-məqasidi Sədəddin Təftazani yazmışdır. O, 792-ci (m. 1389) ildə Səmərqənddə vəfat etmişdir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)EnglishPortuguêsРусскийአማርኛFilipinoУкраїнськаČeštinaБългарскиދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta