Muhamməd əleyhissəlam Peyğəmbərlərin ən üstünü, aləmlərin rəhmətidir. On səkkiz min aləm Onun rəhmət dəryasından faydalanır. Yekdilliklə bütün insanların və cinlərin Peyğəmbəridir. Mələklərə, bitkilərə, heyvanlara və hər maddəyə də Peyğəmbər olduğunu bildirənlər çoxdur. Digər Peyğəmbərlər müəyyən bir yerdə, müəyyən bir qövmə göndərilmişdi. Rəsuli-əkrəm (sallallahu əleyhi və səlləm) isə bütün aləmlərə, canlı və cansız hər məxluqa Peyğəmbərdir. Allahu təala başqa Peyğəmbərlərə adları ilə xitab etmişdir. Muhamməd əleyhissəlamı isə, ey Rəsulum, ey Peyğəmbərim deyərək təltif etmişdir. Başqa Peyğəmbərlərin hər birinə verilən hər bir möcüzənin bənzəri Ona da ehsan edilmişdir. Allahu təala sevgili Peyğəmbərinə o qədər çox ikram etmişdir, o qədər çox möcüzə vermişdir ki, başqa heç bir Peyğəmbərinə bu qədər verməmişdir. Mübarək barmağı ilə işarə etdikdə, ayın iki yerə ayrılması, mübarək ovcuna götürdüyü daşların təsbih etməsi, ağacların “ya Rəsulallah” deyərək Ona salam verməsi, Rəsulullah yanından ayrıldığı üçün “Hannanə” adlı quru odunun səsli bir şəkildə ağlaması, mübarək barmaqlarının arasından təmiz su axması, axirətdə Ona “Məqamı-Mahmud”, “Şəfaəti-kübra”, “Kövsər hovuzu”, “Vəsilə” və “Fəzilə” adlı məqamların verilməsi, Cənnətə girmədən əvvəl camali-ilahini görməklə şərəflənməsi ilə və dünyada xülqi-əzim, dində yəqin, elm, hilm, səbir, şükür, zühd, iffət, ədalət, mürüvvət, həya, şücaət, təvazö, hikmət, ədəb, səmahət (yaxşılıq edən), mərhəmət (rəfət), saysız-hesabsız fəzilətlər və şərəflərlə bütün Peyğəmbərlərdən üstün olmuşdur. Ona verilən möcüzələrin sayını Allahu təaladan başqa heç kim bilmir. Onun dini bütün dinləri ləğv etmiş, ortadan qaldırmışdır. Dini bütün dinlərin ən yaxşısı və ən yüksəyidir. Onun ümməti bütün ümmətlərdən üstündür. Onun ümmətinin Övliyası, başqa ümmətlərin Övliyasından daha şərəflidir.
Muhamməd əleyhissəlamın ümmətinin Övliyası arasında Rəsulullahın xəlifəsi olmağa haqq qazanan və xilafətə başqalarından daha layiq olan, imamların, Vəlilərin baş tacı “Əbu Bəkr Siddiq” (radıyallahu anh), Peyğəmbərlərdən sonra gəlmiş və gələcək bütün insanların ən xeyirlisi və ən üstünüdür. Xilafət dərəcəsini və şərəfini ən əvvəl qazanan Odur. Müsəlmanlıq meydana çıxmamışdan əvvəl də Allahu təalanın lütfü və ehsanı ilə bütlərə sitayiş etmədi. Kafirlik və azğınlıq kimi qüsurlardan qorundu. [Rəsulullahın nübüvvətdən əvvəl bütlərə sitayiş etdiyini zənn edən və yazanların nə qədər yazıq və cahil olduqlarını buradan da başa düşmək mümkündür].
Bundan sonra insanların ən üstünü, Faruqi-əzəm, Allahu təalanın Həbibinə dost olaraq seçdiyi, ikinci xəlifə “Ömər ibn Xəttab”dır (radıyallahu təala anh). Bundan sonra insanların ən üstünü Rəsulullahın üçüncü xəlifəsi, yaxşılıqlar və ehsanlar xəzinəsi, həya, iman və irfan qaynağı, Zinnureyn “Osman ibn Əffan”dır (radıyallahu təala anh). Bundan sonra insanların ən xeyirlisi, Rəsulullahın dördüncü xəlifəsi, heyrətamiz üstünlüklər sahibi, Allahu təalanın aslanı “Əli ibn Əbi Talib”dır (radıyallahu təala anh). Bundan sonra, “Həzrəti Həsən” xəlifə oldu. Hədisi-şərifdə bildirilən otuz il xəlifəlik onunla tamamlandı1. Bundan sonra insanların ən üstünü, Rəsulullahın (sallallahu təala əleyhi və səlləm), iki gözünün nuru “Hüseyn ibn Əli”dir (radıyallahu təala anhum).
Bu üstünlüklər, savabın daha çox olması, dini-islam uğrunda vətənlərini və sevdiklərini tərk etmək, başqalarından daha əvvəl müsəlman olmaq, Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) tam tabe olmaq, Onun sünnətinə sarılmaq, dinini yaymağa çalışmaq, küfrün, fitnə və fəsadın qarşısını almaq deməkdir.
Əli (radıyallahu anh) hər nə qədər Əbu Bəkrdən (radıyallahu anh) başqa, hər kəsdən əvvəl müsəlman oldusa da, o zaman uşaq olduğu, mal-mülksüz olduğu, Rəsulullahın evində və xidmətində olduğu üçün onun birinci iman etməsi, başqalarının iman etməsinə, ibrət götürmələrinə və kafirlərin dağılmasına səbəb olmadı. Halbuki, digər üç xəlifənin imana gəlmələri islamı gücləndirdi. İmam Əli və uşaqları (radıyallahu anhum), Rəsulullahın ən yaxın əqrəbası və Rəsulullahın mübarək qanından olduqları üçün Siddiqi əkbərdən və Faruqi-əzəmdən daha üstün hesab oluna bilərsə də, bu üstünlükləri hər cəhətdən üstünlük deyildir. Hər cəhətdən o böyüklərdən öndə olmağa səbəb olmaz. Bu, Xızır əleyhissəlamın Musa əleyhissəlama bir neçə şey öyrətməsinə bənzəyir. [Qan qohumluğu cəhətindən daha yaxın olan daha üstün olsaydı, həzrəti Abbas həzrəti Əlidən daha üstün olardı. Qan cəhətindən çox yaxın olan Əbu Talibdə və Əbu Ləhəbdə isə, möminlərin ən aşağısında olan şərəf və üstünlük əsla yoxdur].
Qan qohumluğu cəhətindən yaxın olduğu üçün həzrəti Fatimə, həzrəti Xədicə ilə həzrəti Aişədən (radıyallahu anhunnə) daha üstündür. Ancaq, bir cəhətdən üstünlük, hər cəhətdən üstün olmağı göstərməz. Bu üçündən hansının ən üstün olduğuna alimlərimiz müxtəlif fikirlər bildirmişlər. Hədisi-şəriflərdən aydın olur ki, bu qadınların hər üçü, bir də həzrəti Məryəmlə Fironun xanımı həzrəti Asiyə (radıyallahu təala anhunnə əcməin), dünya qadınlarının ən üstünüdür.
Hədisi-şərifdə, “Fatimə, Cənnət xanımlarının üstünüdür. Həsən və Hüseyn də, Cənnət gənclərinin üstünüdürlər” buyurulur ki, bu, bir cəhətdən üstünlükdür. Bunlardan sonra, Əshabı-kiramın ən üstünləri “Aşərəyi mübəşşərə”dən, yəni Cənnətlə müjdələnmiş on nəfərdən olanlardır. Bunlardan sonra, Bədr döyüşündə iştirak edən üç yüz on üç nəfər üstündür.
Onlardan sonra Uhud döyüşündə iştirak edən yeddi yüz aslanın arasında olanların hamısı, daha sonra da “Beyətur-rıdvan”, yəni ağac altında Rəsulullaha söz verən min dörd yüz nəfər üstündür.
Rəsuli-əkrəmin (sallallahu əleyhi və səlləm) yolunda canlarını, mallarını fəda edən, Ona yardım edən Əshabı-kiramın (radıyallahu anhum əcməin) hamısının adlarını hörmətlə, sevgi ilə çəkməyimiz bizə vacibdir. Onların böyüklüyünə yaraşmayan sözlər demək əsla caiz deyildir. Adlarını hörmətsizcəsinə çəkmək zəlalət və azğınlıqdır.
Rəsulullahı sevən hər kəsin Onun Əshabının hamısını da sevməsi lazımdır. Çünki, bir hədisi-şərifdə, “Əshabımı sevən məni sevdiyi üçün sevər. Onları sevməyən məni sevməmiş sayılır. Onları incidən, məni incidir. Məni incidən də Allahu təalanı incitmiş olar. Allahu təalanı incidən də əlbəttə əzab görəcəkdir” buyuruldu.
Başqa bir hədisi-şərifdə də, “Allahu təala mənim ümmətimdən bir quluna yaxşılıq etmək istəsə, onun qəlbinə Əshabımın sevgisini yerləşdirər. Onların hamısını canı kimi sevər” buyuruldu.
Buna görə də Əshabı-kiram arasında olan müharibələri, pis niyyətlərlə və xəlifəliyi ələ keçirmək, nəfsin arzularını yerinə yetirmək üçün etdikləri zənn edilməməlidir. Bu şəkildə zənn etmək və buna görə o böyüklərə dil uzatmaq münafiqlikdir və fəlakətə yuvarlanmaqdır. Çünki, Rəsulullahın hüzurunda oturmaqla, Onun mübarək sözlərini eşitməklə, təəssüb [yəni inadkarlıq, gözü götürməmək], yüksək vəzifə arzusu və dünyaya düşkün olma arzuları hamısının qəlblərindən sıyrılmış, yox olmuşdu. Hərislik [acgözlük, tamahkarlıq], kin və pis əxlaqdan qurtulmuş, tərtəmiz olmuşdular. O uca Peyğəmbərin (sallallahu əleyhi və səlləm) ümmətinin Övliyasından biri ilə bir neçə gün birlikdə vaxt keçirən bir kimsə, o Vəlinin gözəl xasiyyətindən və üstünlüklərindən faydalanar, təmizlənər və dünyaya düşkün olmaqdan qurtular. Əshabı-kiram Rəsulullahı (sallallahu əleyhi və səlləm) hər şeydən çox sevdikləri, mallarını, canlarını Onun üçün fəda etdikləri, vətənlərini tərk etdikləri, Onun ruhlara qida olan söhbətinə aşiq olduqları halda, onların pis xasiyyətlərdən xilas ola bilmədikləri, nəfslərinin təmizlənmədiyi, fani dünya leşi üçün döyüşəcəkləri necə düşünülə bilər? O böyüklər, əlbəttə, hər kəsdən daha təmizdir. Onların ayrılığını, müharibələrini, bizim kimi pis niyyətli şəxslərə bənzətmək, dünya üçün, nəfslərinin çirkin istəklərinə qovuşmaq üçün döyüşdülər demək heç yaraşarmı? Əshabı-kiram haqqında bu cür çirkin şeylər düşünmək belə caiz deyildir. Belə deyən bir kəs heç düşünmür ki, Əshabı-kirama düşmənlik etmək, onları tərbiyə edən, yetişdirən Rəsulullaha (sallallahu əleyhi və səlləm) düşmənlik etmək sayılır. Onları pisləmək Rəsulullahı pisləməkdir. Bunun üçün din böyükləri buyurdular ki, “Əshabı-kiramı böyük hesab etməyən, onlara hörmət göstərməyən bir şəxs Rəsulullaha iman etməmiş deməkdir”. Dəvə və Siffin müharibələri onları pisləməyə səbəb deyil. Bu müharibələrdə həzrəti Əliyə qarşı gələnlərin hamısını pis olmaqdan qurtaran, hətta savaba qovuşduran dini səbəblər vardır. Hədisi-şərifdə buyuruldu ki, “Xəta edən müctəhidə bir savab, doğrunu tapana iki və ya on savab vardır. İki savabdan birincisi ictihad etmək savabıdır. İkincisi, doğrunu tapmaq savabıdır.” Bu din böyüklərinin aralarında olan çəkişmələr, döyüşlər, inadla, düşmənliklə deyildi, ictihadları səbəbi ilə idi. İslamiyyətin əmrinin yerinə yetirilməsini istədikləri üçün idi. Əshabı-kiramın hər biri müctəhid idi. [Məsələn, Əmr ibn Asın (radıyallahu təala anh) müctəhid olduğu, “Hadiqa”nın 298-ci səhifəsindəki hədisi-şərifdə bildirilmişdir].
Hər müctəhidin öz ictihadı ilə tapdığı və əldə etdiyi biliyə uyğun iş görməsi fərzdir. Öz ictihadı hər nə qədər özündən daha böyük bir müctəhidin ictihadına uyğun olmasa da, yenə öz ictihadı ilə əməl etməsi lazımdır. Başqasının ictihadına əməl etməsi caiz deyildir. İmam Azam Əbu Hənifənin2 tələbəsi olan Əbu Yusif ilə Muhamməd Şeybani və imam Muhamməd Şafiinin3 tələbəsi olan Əbu Sevr və İsmayıl Müzəni çox yerdə şeyxlərini təqlid etmədilər. Şeyxlərinin haram dediklərindən bəzilərinə halal dedilər. Halal buyurduqlarından bəzilərinə haram dedilər. Buna görə, onların günah iş gördüklərini və pis olduqlarını demək olmaz. Bu vaxta qədər belə deyən olmamışdır. Çünki, onlar da şeyxləri kimi müctəhiddirlər.
Bəli, Əli (radıyallahu anh) Muaviyədən və Əmr ibn Asdan (radıyallahu anhuma) daha yüksək və daha alim idi. Onu onlardan ayıran bir çox üstünlükləri vardır. İctihadı da o ikisinin ictihadlarından daha çox güclü və dəqiq idi. Ancaq Əshabı-kiramın hamısı müctəhid olduqları üçün, ikisinin də bu böyük imamın ictihadına əməl etmələri caiz deyildi. Öz ictihadlarına görə hərəkət etmələri lazım idi.
Sual: Cəməl və Siffin müharibələrində, Mühacirlərdən və Ənsardan bir çox Səhabə imam Əli ilə birlikdə idi. Ona itaət etdilər, ona tabe oldular. Onların hamısı müctəhid ikən, imam Əliyə tabe olmağı vacib bildilər. Bundan aydın olur ki, imam Əliyə tabe olmaq, müctəhid olanlara da vacib imiş. İctihadları üst-üstə düşməsə də, onunla birləşmələri lazım imiş deyilərsə:
Cavab: Əliyə (radıyallahu təala anh) tabe olanlar, onunla birlikdə döyüşənlər, onun ictihadına əməl etdikləri üçün birləşmədi. Öz ictihadları da İmamın ictihadına uyğun olduğu üçün, onların ictihadı imam Əliyə tabe olmağı vacib etmişdi. Bunun kimi, Əshabı-kiramın böyüklərindən çoxunun ictihadları, imam Əlinin ictihadına zidd oldu. O böyük imamla döyüşmələri vacib oldu. O dövrdə Əshabı-kiramın ictihadları üç cür olmuşdu. Bəziləri, imam Əlinin haqlı olduğunu anlamışdı. Bunların, imam Əliyə tabe olmaları vacib idi. Bəziləri isə, onunla döyüşənlərin ictihadını haqlı gördü. Bunların da, Əli (radıyallahu anh) ilə döyüşənlərə tabe olmaları, onunla döyüşmələri vacib oldu. Bəziləri də, hər iki tərəfə də tabe olmamaq və döyüşməmək lazımdır dedi. Bunların ictihadı, döyüşlərə qarışmamağı lazım bildi. Hər üç qrup da, əlbəttə, haqlı idi və savab qazandılar.
Sual: Yuxarıdakı yazı imam Əli (radıyallahu təala anh) ilə döyüşənlərin də haqlı olduğunu göstərir. Halbuki, Əhli-sünnət alimləri imam Əlinin haqlı olduğunu, qarşısındakıların səhvə düşdüklərini, üzrləri olduğu üçün bağışlandıqlarını və ya savab da aldıqlarını bildirməkdədir. Buna nə demək olar?
Cavab: İmam Şafii və Ömər ibn Əbdüləziz kimi din böyükləri Əshabı-kiramdan hər hansı biri üçün səhv etdi demək caiz olmaz buyurdu. Buna görə də, “Böyüklər səhv etdi demək olmaz” buyurulmuşdur. Kiçiklərin böyüklər üçün də “doğru etdi, səhv etdi, bəyəndik və ya bəyənmədik” kimi şeylər deməsi caiz deyildir. Allahu təala əllərimizi o böyüklərin qanlarına bulaşdırmadığı kimi, biz də haqlı və haqsız kimi sözləri deməkdən dillərimizi qorumalıyıq.
Dərin düşüncəli alimlər dəlilləri dərk edərək və hadisələri araşdıraraq imam Əli haqlı idi, qarşı tərəfdə olanlar səhv etdi, buyurdularsa da, bu sözləri ilə “Əli (radıyallahu anh), qarşı tərəfdə olanlarla danışa bilsəydi, onların da özü kimi ictihad etmələrini təmin edə bilərdi” demək istəmişlər. Necə ki, Zübeyr ibn Əvvam həzrətləri, Dəvə müharibəsində həzrəti Əliyə qarşı olduğu halda hadisələri daha dərindən araşdıraraq, ictihadını dəyişdi, müharibədən imtina etdi. Əhli-sünnət alimlərindən xətanı caiz görənlərin sözləri belə anlaşılmalıdır. Yoxsa, həzrəti Əli və onunla birlikdə olanlar haqq yolda, qarşı tərəfdə olan Aişəyi-Siddiqə anamız və onunla birlikdə olan Əshabı-kiram batil işdə idi demək caiz deyildir.
Əshabı-kiramın bu müharibələri, əhkamı-şəriyyənin qollarında olan ictihad ayrılıqlarında idi. İslamiyyətin təməl, əsas işlərində əsla ayrılıqları yox idi. Hal-hazırda bəziləri Muaviyə ilə Əmr ibn As (radıyallahu anhuma) kimi din böyüklərinə dil uzadır, hörmətsizlik edirlər. Əshabı-kiramı incitməyin, Rəsulullahı (sallallahu əleyhi və səlləm) incitmək və kiçiltmək olacağını başa düşə bilmirlər. İmam Malik ibn Ənəsin “Muaviyəni və ya Əmr ibn Ası (radıyallahu anhuma)4 söyən, pisləyən bir şəxs, özü onlara dediyi sözə layiq bir şəxsdir. Onlara qarşı ədəbsizlik edənlərə, pis söz deyənlərə və yazanlara ağır cəza vermək lazımdır” buyurduğu, “Şifayi-şərif”də yazılmışdır. Allahu təala qəlblərimizi Həbibinin Əshabının sevgisi ilə doldursun! O böyükləri saleh və müttəki olanlar sevər. Münafiq və şəqi olanlar sevməz. [Rəsulullahın (sallallahu əleyhi və səlləm) Əshabının dəyərlərini, üstünlüklərini anlayaraq hamısını sevənlərə, hamısına hörmət göstərənlərə və onların yolunda gedənlərə, “Əhli-sünnət” deyilir. Bir neçəsini sevirik, başqalarını sevmirik deyərək çoxunu pisləyənlərə, beləcə heç birinin yolunda olmayanlara “Rafizi” və “Şiə” deyilir. Rafizilər İranda, Hindistanda və İraqda çoxdur. Türkiyədə heç yoxdur. Bunlardan bəzisi yurdumuzdakı müsəlman, təmiz Ələviləri aldatmaq üçün, özlərinə “Ələvi” deyirlər. Halbuki, Ələvi, Əlini (radıyallahu anh) sevən müsəlman deməkdir. Bir nəfəri sevmək üçün onun yolunda olmaq, onun sevdiklərini sevmək lazımdır. Bunlar, Əlini (radıyallahu anh) sevmiş olsaydılar, onun yolunda gedərdilər. Əli (radıyallahu anh), Əshabı-kiramın hamısını sevərdi. İkinci xəlifə olan Ömərin də (radıyallahu anhuma) müşaviri, dərd ortağı idi. Fatimədən (radıyallahu anha) olan qızı Ümmü Gülsümü Ömərə (radıyallahu anh) nikahlamışdı. Xütbədə həzrəti Muaviyə haqqında “Qardaşlarımız bizdən ayrıldı. Onlar kafir və fasiq deyildir. İctihadları belə oldu” buyurdu. Ona qarşı döyüşən Talha (radıyallahu anh) şəhid olduğu zaman üzündən torpağı sildi, namazını özü qıldırdı. Allahu təala Qurani-kərimdə, “Möminlərin qardaş olduğunu” bildirir. Fəth surəsinin axırıncı ayəti-kəriməsi, “Əshabı-kiramın bir-birlərini sevdiklərini” xəbər verir. Əshabı-kiramdan birini belə sevməmək, hətta onlara düşmənlik etmək Qurani-kərimə inanmamaq deməkdir. Əhli-sünnət alimləri Əshabı-kiramın (radıyallahu təala anhum əcməin) üstünlüklərini anladılar, hamısını sevməyimizi əmr etdilər, müsəlmanları fəlakətdən qurtardılar.
Əhli-beyti, yəni Əlini (radıyallahu anh) və bütün övladını, nəslini sevməyənlərə və Əhli-sünnətin göz bəbəyi olan bu böyüklərə düşmənlik edənlərə “Xarici” deyilir. Bu gün xaricilərə “Yezidi” deyilməkdədir. Yezidilərin dinləri, imanları çox yanlışdır.
Dipnotlar
- Həsən ibn Əli hicrətin 49-cu (m. 669) ilində Mədinəyi Münəvvərədə zəhərlənərək vəfat etmişdir. ↑
- Əbu Hənifə Numan ibn Sabit hicri 150-ci (m. 767) ildə Bağdadda vəfat etmişdir. ↑
- Muhamməd ibn İdris Şafii hicri 204-cü (m. 820) ildə Misirdə vəfat etmişdir. ↑
- Muaviyə ibn Əbu Süfyan hicrətin 60-cı (m. 680) ilində Şamda vəfat etmişdir. Əmr ibn As isə 43-cü (m. 663) ildə Misirdə vəfat etmişdir. ↑