Allahu təala, Rəsulunu, Qurani-kərimi təbliğ etmək, öyrətmək üçün göndərdi. Əshabı-kiram, Qurani-kərimdəki bilgiləri Rəsulullahdan öyrəndilər. Din alimləri də, Əshabı-kiramdan öyrəndilər. Bütün müsəlmanlar da, din alimlərindən və onların kitablarından öyrəndilər. Hədisi-şəriflərdə “Elm xəzinədir, açarı, soruşub öyrənməkdir” və “Elm öyrənin və öyrədin!” və “Hər şeyin qaynağı vardır. Təqvanın qaynağı, ariflərin qəlbləridir” və “Elm öyrətmək günahlara kəffarədir” buyuruldu. İmam Rabbani (rahmətullahi əleyh) “Məktubat” adlı kitabının birinci cildinin yüz doxsan üçüncü [193] məktubunda buyurur ki: “Mükəlləf”, yəni aqil və baliğ olan insan, əvvəlcə imanını, etiqadını düzəltməlidir. Yəni Əhli-sünnət alimlərinin yazdıqları əqaid bilgilərini öyrənmək və bunlara uyğun olaraq inanmaqdır. Allahu təala, o böyük alimlərin çalışmalarına bol-bol savab versin! Amin. Qiyamətdə Cəhənnəm əzabından xilas olmaq, onların bildirdiklərinə inanmağa bağlıdır. Cəhənnəmdən xilas olunacaqlar, yalnız onların yoluyla gedənlərdir. [Onların yolundan gedənlərə “Sünni” deyilir]. Rəsulullahın (sallallahu əleyhi və səlləm) və Əshabının (ridvanullahi əleyhim əcməin) yoluyla gedənlər, yalnız onlardır. Kitabdan, yəni Qurani-kərimdən və Sünnətdən, yəni hədisi-şəriflərdən çıxarılan bilgilər içində qiymətli, doğru olan, yalnız bu böyük alimlərin, Kitabdan və Sünnətdən anlayıb bildirdikləri bilgilərdir. Çünki, hər bidət sahibi, yəni hər reformist, hər azğın və məzhəbsiz, yanlış düşüncələrini qıt ağılları ilə, Kitabdan və Sünnətdən çıxardığını iddia edir. Əhli-sünnət alimlərini kölgələməyə, alçaltmağa təşəbbüs edirlər. Deməli, Kitabdan və Sünnətdən götürüldüyü iddia edilən hər sözü, hər yazını doğru sanmaq, qulağa xoş gələn propaqandalara aldanmaq olmaz.
Əhli-sünnət vəl-camaat alimlərinin bildirdiyi doğru etiqadı izah etmək üçün, böyük alim Türpüşti həzrətlərinin farsca “əl-Mutəməd” adlı kitabı çox qiymətlidir və açıq-aydın yazılmışdır. Asan şəkildə anlaşılır. [“Hakikat Kitabevi”, 1410-cu ildə (m. 1989) nəşr etmişdir. Fəzlullah ibn Həsən Türpüşti, Hənəfi fiqh alimlərindəndir. 661-ci (m. 1263) ildə vəfat etmişdir].
Əqaidi, yəni inanılması lazım olan bilgiləri düzəltdikdən sonra, “Halal”, “Haram”, “Fərz”, “Vacib”, “Sünnət”, “Məndub” və “Məkruh” olan şeyləri, Əhli-sünnət alimlərinin yazdıqları fiqh kitablarından öyrənmək və bunlara əməl etmək lazımdır. Bu alimlərin üstünlüklərini anlamayan cahillərin yazdıqları azğın kitabları oxumamalıyıq. Allah qorusun! Etiqad ediləcək şeylərdə Əhli-sünnət məzhəbinə uyğun gəlməyən inanca sahib olan müsəlmanlar, axirətdə Cəhənnəmə girməkdən xilas ola bilməz. İmanı doğru olanın ibadətində zəiflik olsa, tövbə etməsə belə, bağışlana bilər. Bağışlanmasa belə, əzab çəkdikdən sonra, Cəhənnəmdən xilas olar. Mühüm olan, etiqadı düzəltməkdir. Xacə Ubeydullah Əhrar (qaddəsallahu təala sirrəhul-əziz)1 buyurdu ki: “Bütün kəşfləri və kəramətləri mənə versələr, ancaq Əhli-sünnət vəl-camaat etiqadını verməsələr, özümü xarab olmuş bilərəm. Kəşf və kəramətim olmasa, qəbahətim çox olsa, ancaq Əhli-sünnət vəl-camaat etiqadını ehsan etsələr, heç üzülmərəm”.
Bu gün, Hindistanda müsəlmanlar çarəsiz qalıb. Din düşmənləri hər tərəfdən hücum edir. Bu gün, islama xidmət üçün bir manat vermək, başqa zaman verilən minlərlə manatdan daha çox savabdır. İslama edilən ən böyük xidmət, Əhli-sünnət kitablarını, iman və islam kitablarını alıb kəndlərə, gənclərə paylamaqla olar. Hansı bəxtiyar insana bu xidmət nəsib olsa, çox sevinsin və çox şükür etsin. İslama xidmət etmək hər zaman savabdır. Ancaq İslamın zəif olduğu, yalanlarla, iftiralarla, müsəlmanlığın yox edilməyə çalışıldığı bu zamanda, Əhli-sünnət etiqadını yaymağa çalışmaq, qat-qat daha çox savabdır. Rəsulullah (sallallahu əleyhi və səlləm), Əshabı-kiramına belə buyurdu ki, “Siz elə bir zamanda gəldiniz ki, Allahu təalanın əmrlərindən və qadağalarından onda doqquzuna riayət edib, onda birinə riayət etməsəniz, həlak olarsınız və əzab görərsiniz! Sizdən sonra, elə bir zaman gələcək ki, o zaman, əmrlərin və qadağaların yalnız onda birinə riayət edən xilas olacaqdır”.[“Mişkatul-məsabih” 1-ci cild, 179-cu səhifədə və Tirmizi, Kitabul-fitən 79-cu sırada mövcuddur]. Bu hədisi-şərifdə bildirilən zaman, bax bu zamandır. Kafirlərlə cihad etmək, müsəlmanlara hücum edənləri tanımaq və onları sevməmək lazımdır. [Silah gücü ilə edilən cihad hökumətin işidir. Dövlətin ordusu bu işi görər. Müsəlmanların bu cür cihad etməsi, əsgər olaraq, hökumətin verdiyi vəzifəni yerinə yetirməklə olar. Cihadı-qövlinin cihadı-qətlidən, yəni söz və yazı ilə olan cihadın, gücdən istifadə edərək edilən cihaddan daha faydalı olduğu, 65-ci məktubda da yazılmışdır]. Əhli-sünnət alimlərinin kitablarını, sözlərini yaymaq üçün kəramət sahibi olmaq, alim olmaq şərt deyildir. Hər müsəlman bunu etmək üçün çalışmalıdır. Fürsəti qaçırmaq olmaz. Qiyamətdə hər müsəlmandan bunu soruşacaqlar və “İslama nə üçün xidmət etmədin?” deyəcəklər. Elmihal kitablarını yaymaq üçün çalışmayanlara, din bilgilərini yayan təşkilatlara, fərdlərə yardım etməyənlərə çox əzab veriləcəkdir. Üzr və bəhanə qəbul edilməyəcəkdir. Peyğəmbərlər “əleyhimüssəlam”, insanların ən üstünləri, ən qiymətliləri ikən, heç rahat oturmadılar. Allahu təalanın dinini, səadəti əbədiyyə yolunu yaymaq üçün gecə-gündüz çalışdılar. Möcüzə istəyənlərə də, “Möcüzəni Allahu təala yaradır. Mənim vəzifəm, Allahu təalanın dinini bildirməkdir” buyururdular. Bu yolda çalışarkən, Allahu təala da onlara yardım edər, möcüzə yaradardı. Biz də, Əhli-sünnət alimlərinin (rahiməhumullahu təala) kitablarını, sözlərini yaymalı, kafirlərin, düşmənlərin, müsəlmanlara iftira və əziyyət edənlərin, pis, alçaq, yalançı olduqlarını gənclərə və dostlara bildirməliyik. [Bunları bildirmək, qeybət sayılmaz, əmri məruf olar]. Bu yolda malı ilə, gücü ilə, peşəsi ilə çalışmayanlar, əzabdan xilas ola bilməyəcəklər. Bu yolda çalışarkən, çətinlik, işgəncə çəkmək böyük səadət, böyük qazanc sayılmalıdır. Peyğəmbərlər “əleyhimussaləvat”, Allahu təalanın əmrlərini bildirərkən, cahillərin, soysuzların hücumlarına məruz qalardılar. Çox çətinlik çəkərdilər. O böyüklərin ən üstünü, seçilmişi, Allahu təalanın sevgilisi olan Muhamməd əleyhissəlam, “Mənim çəkdiyim əziyyət kimi, heç bir Peyğəmbər əziyyət çəkmədi” buyurdu. “Məktubat”dan tərcümə tamamlanmış oldu.
[Hər müsəlmanın, Əhli-sünnət etiqadını öyrənməsi və sözü keçənlərə öyrətməsi lazımdır. Əhli-sünnət alimlərinin sözlərini bildirən kitabları və qəzetləri tapıb almalı, bunları gənclərə və tanıdığı şəxslərə göndərməli, oxumaları üçün çalışmalıdır. İslam düşmənlərinin iç üzlərini ifşa edən kitabları da yaymalıdır].
Yer üzündə yaşayan bütün müsəlmanlara doğru yolu göstərən və Muhamməd əleyhissəlamın dinini, dəyişmədən, pozulmadan öyrənməyimizə rəhbər olan “Əhli-sünnət alimləri”, dörd məzhəbin ictihad dərəcəsinə yüksəlmiş alimləridir. Onlardan ən böyükləri, dörd böyük şəxsiyyət olub, birinciləri, İmam Azam Əbu Hənifə Numan ibn Sabitdir (rahiməhullahu təala). İslam alimlərinin ən böyüklərindəndir. Əhli-sünnətin rəisidir. Tərcümeyi halı “Səadəti Əbədiyyə” və “Faydalı Bilgilər” kitablarında geniş yazılmışdır. Hicrətin səksəninci [80] ilində Kufədə doğulmuşdur, Hicrətin 150-ci (m. 767) ilində Bağdadda şəhid edilmişdir.
İkincisi, İmam Malik ibn Ənəs (rahiməhullahu təala), çox böyük alimdir. Hicrətin doxsanıncı [90] ilində Mədinədə dünyaya gəlmişdir. 179-cu ildə [m. 795] orada vəfat etdiyi, səksən doqquz il yaşadığı İbn Abidində yazılmışdır. Babası Malik ibn Əbi Amirdir.
Üçüncüsü, İmam Muhamməd ibn İdris Şafii (rahiməhullahu təala), islam alimlərinin göz bəbəyidir. Yüz əllinci [150] ildə Fələstində, Qəzzədə dünyaya gəlib və 204-cü [m. 820] ildə Misirdə vəfat etmişdir.
Dördüncüsü, İmam Əhməd ibn Hənbəl (rahiməhullahu təala), yüz altmış dördüncü [164] ildə Bağdadda doğulub, 241-ci ildə [m. 855] orada vəfat etmişdir. O, İslam binasının təməl dirəyidir (rahmətullahi əleyhim əcməin).
Dövrümüzdə, bu dörd imamdan birinə tabe olmayan müsəlman, böyük təhlükədədir. Doğru yoldan azmışdır. Onlardan başqa da çox Əhli-sünnət alimləri vardı. Onların da doğru məzhəbləri vardı. Ancaq zaman keçdikcə, məzhəbləri unudularaq, kitablara yazılmamışdır. Məsələn, “Füqəhayi səba” adlanan Mədinədəki yeddi böyük alim və Ömər ibn Əbdüləziz, Süfyan ibn Üyeynə2, İshaq ibn Rahəveyh, Davud Tai, Amir ibn Şərahili Şabi, Leys ibn Səd, Aməş, Muhamməd ibn Cərir Təbəri, Süfyan Sevri3 və Abdurrahman Əvzai (rahiməhumullahu təala) bunlardandır.
Əshabı-kiramın hamısı (radıyallahu təala anhum əcməin), haqq yolda hidayət ulduzları idilər. Onlardan hər hansı biri, bütün dünyanı doğru yola gətirməyə kifayət idi. Müctəhid idilər. Hamısı öz məzhəbində idi. Çoxunun məzhəbləri bir-birinə bənzəyirdi. Ancaq məzhəbləri toplanmadığına, kitablara yazılmadığına görə, onlara tabe olmağımız mümkün deyildir. Dörd imamın məzhəblərini, yəni inanılacaq və əməl ediləcək şeylərdə bildirdiklərini, özləri və tələbələri toplamış, açıqlamış və kitablara yazmışlar. Bu gün, hər müsəlmanın, adı keçən dörd imamdan birinin məzhəbində olması, bu məzhəbə görə yaşaması və ibadət etməsi lazımdır. [Bu dörd məzhəbdən birinə tabe olmaq istəməyən, “Əhli-sünnət” deyildir. Başlanğıc hissəyə baxın (səh. 14)!]
Bu dörd imamın tələbələrindən ikisi, iman bilgilərini yaymaqda çox yüksəldilər. Beləliklə, etiqadda, imanda məzhəb iki oldu. Qurani-kərimə və hədisi-şəriflərə uyğun doğru iman, ancaq bu ikisinin bildirdiyi imandır. Firqəyi-naciyyə olan Əhli-sünnətin iman bilgilərini yer üzünə yayan, bu ikisidir. Biri Əbul-Həsən Əşari (rahiməhullahu təala) olub, hicrətin 266-cı ilində Bəsrədə doğulmuş, 330-cu (m. 941) ildə də Bağdadda vəfat etmişdir. İkincisi, Əbu Mənsur Maturidi (rahiməhullahu təala) olub, 333-cü [m. 944] ildə Səmərqənddə vəfat etmişdir. Hər müsəlmanın etiqadda, bu iki böyük imamdan birinə tabe olması lazımdır.
Övliyanın yolları haqdır. İslamiyyətdən zərrə qədər ayrılıqları yoxdur. [Dini, dünya qazanclarına vəsilə edən, mal, vəzifə əldə etmək üçün vəli, mürşid və din adamı olaraq ortaya çıxan yalançılar və yolunu azanlar hər əsrdə vardı. Bu gün də, hər peşədə, hər sənətdə və hər vəzifədə pis insanlar da var. Qazanclarını, səfalarını başqalarının zərərlərində axtaranları görərək, bunların qarışdıqları vəzifəlilərin və peşələrin hamısını ləkələmək, haqsızlıq və cahillik, həmçinin fəsadçılara yardım etməkdir. Bunun üçün, azğın din adamlarını, cahil və saxta təriqətçiləri görərək, islam alimlərini, təsəvvüf əhlini və xidmətləri tarixdə şərəfli səhifələr doldurmuş böyük şəxsiyyətləri ləkələmək olmaz. Onları ləkələyənlərin haqsız olduqlarını anlamaq lazımdır.] Övliyanın kəramətləri vardır. Hamısı haqdır və doğrudur. İmam Yafii4 buyurdu ki, “Qövsus-səqaleyn mövlanə Əbdülqadir Geylaninin (qaddəsallahu təala sirrəhul-əziz)5 kəramətləri, dildən-dilə o qədər yayılmışdır ki, buna şübhə etmək, inanmamaq olmaz. Çünki, hər yerdə yayılmaq, yəni “Təvatür”, sənəd kimidir”.
Namaz qılan bir adamın, küfr olan bir şeyi, açıq şəkildə və zərurətsiz deyərək və ya istifadə edərək, kafir olduğu aydın olmadıqca, başqalarını təqlid edərək, buna kafir demək caiz olmaz. Kafir olaraq öldüyü bilinmədikcə lənət etmək olmaz. Kafirə belə lənət etmək caiz deyildir. Bunun üçün, Yezidə lənət etməmək daha yaxşıdır.
Dipnotlar
- Ubeydullah Əhrar 895-ci (m. 1490) ildə Səmərqənddə vəfat etmişdir. ↑
- Süfyan ibn Üyeynə 198-ci ildə (m. 813) Məkkədə vəfat etmişdir. ↑
- Süfyan Sevri 161-ci ildə (m. 778) Bəsrədə vəfat etmişdir. ↑
- Abdullah Yafii 768-ci (m. 1367) ildə Məkkədə vəfat etmişdir. ↑
- Əbdülqadir Geylani 561-ci (m. 1166) ildə Bağdadda vəfat etmişdir. ↑