5 - İman edilməsi lazım olan altı şeydən beşincisi “Axirət gününə inanmaqdır”. Bu zamanın başlanğıcı, insanın öldüyü gündür, qiyamətin sonuna qədərdir. Ardından gecə gəlmədiyi üçün və ya dünyadan sonra gəldiyi üçün sonuncu gün deyilir. Hədisi-şərifdə bildirilən bu gün, bildiyimiz gecə-gündüz deyildir. Bir vaxt, bir zaman deməkdir. Qiyamətin nə zaman qopacağı bildirilmədi, vaxtını heç kim anlaya bilmədi. Ancaq Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), bir çox əlamətlərini və başlanğıclarını xəbər verdi: Həzrəti Mehdi gələcək, İsa əleyhissəlam səmadan Şama enəcək, Dəccal çıxacaq. Yəcuc-Məcuc adlanan kəslər hər yeri qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din bilgiləri unudulacaq. Fisq və pislik çoxalacaq. Dinsiz, əxlaqsız və namussuzlar əmir olacaq, Allahu təalanın əmrləri yerinə yetirilməyəcək. Haramlar hər yerdə işlənəcək, Yəməndən bir od çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq. Dənizlər bir-birinə qarışacaq və qaynayıb quruyacaqdır.
Günah işləri görən müsəlmanlara “Fasiq” deyilir. Fasiqlərə və bütün kafirlərə qəbirdə əzab vardır. Bunlara əlbəttə inanmaq lazımdır. Meyit qəbrə qoyulduqda, bilinməyən bir həyat ilə diriləcək, rahatlıq və ya əzab görəcəkdir. Münkər və Nəkir adlı iki mələyin, bilinməyən qorxunc insan şəklində qəbrə gəlib sual soruşacaqlarını hədisi-şəriflər açıq şəkildə bildirməkdədir. Qəbir sualı, bəzi alimlərə görə, bəzi əqaiddən olacaq, bəzilərinə görə isə, bütün əqaiddən olacaqdır. [Buna görə də, uşaqlarımıza “Rəbbin kimdir? Dinin hansı dindir? Kimin ümmətindənsən? Kitabın nədir? Qiblən haradır? Etiqadda və əməldə məzhəbin nədir?” suallarının cavablarını öyrətməliyik! Əhli-sünnət olmayanın doğru cavab verə bilməyəcəyi “Təzkirəyi Kurtubi”də1 yazılmışdır.] Gözəl cavab verənlərin qəbri genişlənəcək, buraya Cənnətdən bir pəncərə açılacaqdır. Səhər-axşam, Cənnətdəki yerlərini görəcək, mələklər tərəfindən onlara yaxşılıqlar ediləcək, müjdələr veriləcəkdir. Yaxşı cavab verə bilməsə, dəmir dəyənəklərlə elə vurulacaq ki, bağırmağını, insandan və cindən başqa hər məxluq eşidəcəkdir. Qəbir o qədər daralar ki, sümüklərini bir-birinə keçirəcək kimi sıxar. Cəhənnəmdən bir pəncərə açılar. Səhər-axşam Cəhənnəmdəki yerini görüb, məzarda məhşərə qədər ağır əzablar çəkər.
Öldükdən sonra yenə dirilməyə inanmaq lazımdır. Sümüklər, ətlər çürüyüb torpaq və qaza çevrildikdən sonra, bədənlər təzədən yaradılacaq, ruhlar bədənlərinə qayıdıb, hər kəs qəbirdən qalxacaqdır. Buna görə, bu zamana “Qiyamət günü” deyilir.
[Bitkilər havadan karbon dioksid qazını və torpaqdan su ilə duzları, yəni torpaq maddələrini alıb, bunları birləşdirirlər. Beləliklə, orqanik cisimləri və əzalarımızın təməl daşlarını meydana gətirirlər. İllərlə uzun sürən bir kimyəvi reaksiyanın, katalizator sayəsində, saniyədən daha az bir müddətdə əmələ gəlməsi, müasir dövrdə bilinməkdədir. Elə bunun kimi Allahu təala, qəbirdə su, karbon dioksid və torpaq maddələrini birləşdirərək orqanik maddələri və canlı üzvləri bir anda yaradacaqdır. Belə diriləcəyimizi, Müxbiri-sadiq xəbər verir. Dəqiq elmlər də, bunun dünyada onsuz da baş verdiyini göstərir].
Bütün canlılar, “Məhşər” yerində toplanacaq. Hər insanın əməl dəftərləri uçaraq sahibinin yanına gələcəkdir. Bunları, yerləri, göyləri, zərrələri, ulduzları yaradan, sonsuz qüdrət sahibi Allahu təala edəcəkdir. Bunların olacağını, Allahu təalanın Rəsulu (sallallahu təala əleyhi və səlləm) xəbər vermişdir. Onun söylədikləri əlbəttə doğrudur. Əlbəttə hamısı olacaqdır.
Salehlərin və yaxşıların dəftəri sağ tərəfindən, fasiqlərin, pislərin arxa və ya sol tərəfindən veriləcəkdir. Yaxşı və pis, böyük və kiçik, gizli və açıq edilən hər şey dəftərdə olacaqdır. “Kiramən katibin” mələklərinin bilmədiyi işlər belə, orqanlarımızın xəbər verməsi ilə və ya Allahu təalanın bildirməsi ilə ortaya çıxarılacaq, hər şey haqqında sual və hesab soruşulacaqdır. Məhşərdə, Allahu təalanın dilədiyi hər gizli şey meydana çıxacaqdır. Mələklərə, yerlərdə, göylərdə nələr etdiniz? Peyğəmbərlərə “saləvatullahi təala və təslimatuhu əleyhim əcməin”, Allahu təalanın hökmlərini Onun qullarına necə çatdırdınız? Hər kəsə də, Peyğəmbərlərə necə tabe oldunuz, sizə bildirilən vəzifələri necə yerinə yetirdiniz? Bir-birinizin haqlarına necə riayət etdiniz, deyə soruşulacaqdır. Məhşərdə, imanı olan, əməli və əxlaqı gözəl olanlara mükafat və ehsanlar olacaq, pis xasiyyətli və pis əməlli olanlara ağır cəzalar veriləcəkdir.
Allahu təala, dilədiyi möminlərin böyük-kiçik bütün günahlarını, fəzli və ehsanı ilə bağışlayacaqdır. Şirkdən və küfrdən başqa, hər günahı, istəsə bağışlayacaq, istəsə ədaləti ilə kiçik günahlar üçün də əzab edəcəkdir. Müşrik və kafir olaraq öləni əsla əfv etməyəcəyini bildirməkdədir. Kitablı və kitabsız kafirlər, yəni Muhamməd əleyhissəlamın bütün insanlara Peyğəmbər olduğuna inanmayan, Onun bildirdiyi əhkamdan, yəni əmr və qadağalardan birini belə bəyənməyənlər, bu halda ölsələr, əlbəttə Cəhənnəmə atılacaq, əbədi əzab çəkəcəklər.
Qiyamət günü, əməlləri və işləri ölçmək üçün, bilmədiyimiz bir “Mizan”, bir ölçü aləti, bir tərəzi vardır. Yer və göy bir gözünə sığar. Savab gözü parlaq olub, Ərşin sağında, Cənnət tərəfindədir. Günah tərəfi qaranlıq olub, Ərşin solunda, Cəhənnəm tərəfindədir. Dünyada edilən işlər, sözlər, düşüncələr, baxışlar, orada şəkil dəyişərək, yaxşılıqlar parlaq, pisliklər qaranlıq və iyrənc görünüb, bu tərəzidə çəkiləcəkdir. Deyilmişdir ki, bu tərəzi, dünya tərəzilərinə oxşamaz. Ağır tərəfi yuxarı qalxar. Yüngül tərəfi aşağı düşər. Alimlərin (rahiməhumullahu təala) bəzilərinə görə, müxtəlif tərəzilər olacaqdır. Bir çoxu da, tərəzilərin neçə dənə və necə olduqları barədə dində açıq bir məlumatın olmamasına görə, bunları düşünməmək lazım olduğunu ifadə etmişlər.
“Sirat körpüsü” vardır. Sirat körpüsü, Allahu təalanın əmri ilə, Cəhənnəmin üzərində qurulacaqdır. Hər kəsə, bu körpüdən keçməsi əmr olunacaqdır. O gün, bütün Peyğəmbərlər “ya Rəbb! Səlamət ver!” deyə yalvaracaqlar. Cənnətlik olanlar, körpüdən rahat bir şəkildə keçərək, Cənnətə gedəcəklər. Bunlardan bəzisi ildırım kimi, bəzisi külək kimi, bəzisi çapar at kimi keçəcəkdir. Sirat körpüsü qıldan incə, qılıncdan itidir. Dünyada islamiyyətə riayət etmək də belədir. İslamiyyətə tamamilə riayət etməyə çalışmaq, Sirat körpüsündən keçmək kimidir. Burada, nəfs ilə mübarizənin çətinliyinə sinə gərən, orada Siratı asan və rahat keçəcəkdir. İslamiyyətə riayət etməyən, nəfslərinə düşkün olanlar, Siratı çətin keçəcəklər. Buna görədir ki, Allahu təala islamiyyətin göstərdiyi doğru yola “Siratı-müstəqim” adını verdi. Bu ad bənzərliyi də, islamiyyət yolunda olmağın, Sirat körpüsünü keçmək kimi olduğunu göstərməkdədir. Cəhənnəmlik olanlar, Siratdan keçə bilməyib, Cəhənnəmə düşəcəklər.
Peyğəmbərimiz Muhamməd Mustafaya (sallallahu əleyhi və səlləm) məxsus olan “Kövsər hovuzu” vardır. Böyüklüyü, bir aylıq yol qədərdir. Suyu süddən daha bəyaz, ətri müşkdən daha gözəldir. Ətrafındakı qədəhlər, ulduzlardan daha çoxdur. Bir dəfə içən, Cəhənnəmdə olsa belə, bir daha susamaz.
“Şəfaət” haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv olunması üçün, Peyğəmbərlər, Vəlilər, Salehlər, Mələklər və Allahu təalanın izn verdiyi kəslər şəfaət edəcək və qəbul ediləcəkdir. [Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm), “Ümmətimdən böyük günah işləyənlərə şəfaət edəcəyəm” buyurmuşdur]. Məhşərdə, şəfaət beş cürdür: Birincisi, qiyamət günü, məhşər yerində izdihamdan, uzun müddət gözləməkdən bezən günahkarlar fəryad edərək, hesabın dərhal çəkilməsini istəyəcəklər. Bunun üçün şəfaət olunacaqdır. İkincisi, sualın və hesabın asan və tez olması üçün şəfaət ediləcəkdir. Üçüncüsü, günahı olan möminlərin, Siratdan Cəhənnəmə düşməmələri, Cəhənnəm əzabından qorunmaları üçün şəfaət olunacaqdır. Dördüncüsü, günahı çox olan möminləri Cəhənnəmdən çıxarmaq üçün şəfaət olunacaqdır. Beşincisi, Cənnətdə saysız-hesabsız nemətlər olacaq və həyat əbədi olacaqsa da, səkkiz dərəcəsi vardır. Hər kəsin dərəcəsi, məqamı, imanının və əməllərinin miqdarına görə olacaqdır. Cənnətdəkilərin dərəcələrinin yüksəlmələri üçün də şəfaət olunacaqdır. Cənnət və Cəhənnəm hal-hazırda da vardır. Cənnət, yeddi qat göyün üstündədir. Cəhənnəm, hər şeyin altındadır. Səkkiz Cənnət, yeddi Cəhənnəm vardır. Cənnət, yer kürəsindən, günəşdən və göylərdən daha böyükdür. Cəhənnəm də günəşdən böyükdür.
Dipnotlar
- Təzkirənin müəllifi Muhamməd Kurtubi Maliki 671-ci ildə (m. 1272) vəfat etmişdir. “Müxtəsəri Təzkirəyi Kurtubi” Hakikat Kitabevi tərəfindən 1421-ci (m. 2000) ildə yenidən çap edilmişdir. ↑