6 - İnanılması lazım olan altı şeydən altıncısı “qədərə, xeyir və şərlərin Allahu təaladan olduğuna inanmaqdır”. İnsanlara gələn xeyir və şər, fayda və zərər, qazanc və ziyanların hamısı, Allahu təalanın təqdir etməsi ilədir. “Qədər”, lüğətdə bir çoxluğu ölçmək, hökm və əmr deməkdir. Çoxluq və böyüklük mənasına da gəlir. Allahu təalanın, bir şeyin varlığını əzəldə diləməsinə qədər deyilmişdir. Qədərin, yəni varlığı istənilən şeyin var olmasına “Qəza” deyilir. Qəza və qədər sözləri, bir-birinin yerində də istifadə edilir. Buna görə qəza, əzəldən əbədə qədər yaradılacaq şeyləri, Allahu təalanın əzəldə diləməsidir. Bütün bu əşyanın, qəzaya uyğun olaraq, daha az və daha çox olmayaraq yaradılmasına qədər deyilir. Allahu təala, olacaq hər şeyi əzəldə, sonsuz keçmişdə bilirdi. Allahın bu bilgisinə “Qəza və qədər” deyilir. Qədim Yunan fəlsəfəçiləri buna “inayəti əzəliyyə” demişlər. Bütün varlıqlar, o qəzadan meydana gəlmişdir. Əzəldəki elminə uyğun olaraq, əşyanın var olmasına da “Qəza və qədər” deyilir. Qədərə iman etmək üçün yaxşı bilmək və inanmaq lazımdır ki, Allahu təala, bir şeyi yaradacağını əzəldə iradə etmiş və diləmişsə, az və ya daha çox olmadan, dilədiyi kimi var olması lazımdır. Olmasını dilədiyi şeylərin var olmaması və yoxluğunu dilədiyi şeyin var olması mümkün deyildir.
Bütün heyvanların, bitkilərin, cansız varlıqların [bərk cisimlərin, mayelərin, qazların, ulduzların, molekulların, atomların, elektronların, elektromaqnit dalğaların, qısaca hər varlığın hərəkəti, fiziki hadisələri, kimyəvi reaksiyaları, nüvə reaksiyaları, enerji mübadilələri, canlılardakı fizioloji fəaliyyətləri], hər şeyin olub-olmaması, qulların yaxşı və pis işləri, dünyada və axirətdə onların cəzasını görmələri və hər şey əzəldə Allahu təalanın elmində var idi. Bunların hamısını əzəldə bilirdi. Əzəldən əbədə qədər olacaqları, cisimləri, xüsusiyyətləri, hərəkətləri və hadisələri əzəldə bildiyinə uyğun olaraq yaratmaqdadır. İnsanların yaxşı və pis bütün işlərini, müsəlman olmalarını, küfrlərini, istəkli və istəksiz bütün işlərini Allahu təala yaratmaqdadır. Yaradan və edən yalnız Odur. Səbəblərin əmələ gətirdiyi hər şeyi yaradan Odur. “Hər şeyi bir səbəb ilə yaratmaqdadır.” Məsələn, od yandırıcıdır. Halbuki, yandıran Allahu təaladır. Odun yandırmaqla heç bir əlaqəsi yoxdur. Ancaq adəti belədir ki, bir şeyə od dəymədikcə, yandırmağı yaratmaz. [Od, alışma temperaturuna qədər isitməkdən başqa bir şey edə bilməz. Üzvi maddələrin quruluşunda olan karbona, hidrogenə oksigenlə birləşmək xassəsini verən, elektron mübadilələrini təmin edən od deyildir. Doğrunu görə bilməyənlər, bunu odun etdiyini zənn edir. Yandıran, yanma reaksiyasını verən od deyildir, oksigen də deyildir, istilik də deyildir, elektron mübadiləsi də deyildir. Yandıran yalnız Allahu təaladır. Bunların hamısını yanmaq üçün səbəb olaraq yaratmışdır. Bilgisi olmayan adam odun yandırdığını zənn edir. İbtidai məktəbi bitirən bir şagird, “od yandırır” sözü ilə razılaşmayaraq, havanın yandırdığını deyir. Orta məktəbi bitirən də, bunu qəbul etmir. Havadakı oksigen yandırır, deyir. Orta məktəbi bitirən şagird də, yandırıcılıq qabiliyyəti oksigenə məxsus deyildir. Hər elektron çəkən element yandırıcıdır, deyir. Universitet tələbəsi isə maddə ilə birlikdə enerjini də hesaba qatır. Görünür ki, elm inkişaf etdikcə, işin əslinə yaxınlaşmaqda, səbəb zənn edilən şeylərin arxasında, daha hansı səbəblərin olduğu aydın olmaqdadır. Elmin və fənnin ən yüksək dərəcəsində olan və həqiqətləri tamamilə görən Peyğəmbərlər (əleyhimüssəlam) və O böyüklərin izindən gedərək, elm dəryalarından damlalara qovuşan islam alimləri (rahiməhumullahu təala), bu gün yandıran və ya əmələ gətirdiyi zənn edilən şeylərin, aciz, zavallı bir vasitə və məxluq olduqlarını, həqiqi əmələ gətirənin və yaradanın səbəblər deyil, Allahu təala olduğunu bildirirlər]. Yandıran Allahu təaladır, odsuz da yandırar. Ancaq odla yandırmaq adətidir. Yandırmaq istəməsə, od da yandıra bilməz. İbrahim əleyhissəlamı odda yandırmadı. Onu çox sevdiyi üçün adətini pozdu. [Belə ki, odun yandırmasının qarşısını alan maddələr də yaratmışdır. Bu maddələri kimyaçılar tapmaqdadırlar].
Allahu təala diləsəydi hər şeyi səbəbsiz yaradardı, odsuz yandırardı, yemədən doyuzdurardı, təyyarəsiz uçurardı, radiosuz uzaqdan eşitdirərdi. Lakin lütf edərək, qullarına yaxşılıq edərək, hər şeyi yaratmasını bir səbəbə bağladı. Müəyyən şeyləri, müəyyən səbəblərlə yaratmağı dilədi. İşlərini səbəblərin altında gizlədi. Qüdrətini səbəblər altında saxladı. Onun bir şeyi yaratmasını istəyən, o şeyin səbəbinə yapışar, o şeyə qovuşar. [Lampanı yandırmaq istəyən kibritdən istifadə edər. Zeytun yağı çıxarmaq istəyən, sıxma alətindən istifadə edər. Başı ağrıyan aspirin qəbul edər. Cənnətə gedib, sonsuz nemətlərə qovuşmaq istəyən, islamiyyətə tabe olar. Özünü tapanca ilə vuran ölər, zəhər içən ölər. Tərli halda su içən, xəstə olar. Günah iş görən, imanını yox edən də Cəhənnəmə gedər. Hər kəs, hansı səbəbə müraciət etsə, o səbəbin vasitə olduğu şeyə qovuşar. Müsəlman kitablarını oxuyan, müsəlmanlığı öyrənər, sevər və müsəlman olar. Dinsizlərin və məzhəbsizlərin arasında yaşayan, onların sözlərini dinləyən, din cahili olar. Din cahillərinin çoxu kafir olur. İnsan hansı yerin nəqliyyat vasitəsinə minərsə, oraya gedər].
Haqq təcəlli eyləyincə, hər işi asan edər,
Xəlq edər səbəbini (əsbabını), bir anda (ləhzədə) ehsan edər.
Allahu təala işlərini səbəblərlə yaratmasaydı, heç kim heç kəsə möhtac olmazdı. Hər kəs, hər şeyi Allahu təaladan istəyər, heç bir şeyə müraciət etməzdi. Bu halda, insanlar arasında əmir, məmur, işçi, sənətkar, tələbə, müəllim və başqa insanlıq əlaqələri qalmaz, dünya və axirətin nizam-intizamı pozulardı. Gözəl ilə çirkin, yaxşı ilə pis və itaətkarla üsyankar arasında fərq qalmazdı.
Allahu təala diləsəydi, adətini başqa cür qoyardı. Hər şeyi, o adətinə görə yaradardı. Məsələn, diləsəydi, kafirləri, dünyada zövq və səfasına düşkün olanları, insanları incidənləri və aldadanları Cənnətə salardı. İmanı olanları, ibadət edənləri, yaxşılıq edənləri də Cəhənnəmə atardı. Ancaq ayəti-kərimələr və hədisi-şəriflər belə diləmədiyini göstərir.
İnsanların hər işini, istəkli və istəksiz bütün hərəkətlərini yaradan Odur. Qulların ixtiyari, yəni istəkli hərəkətlərini və işlərini yaratması üçün qullarında “İxtiyar” və “İradə” yaratmış, bu seçim və arzularını işləri yaratmasına səbəb qoymuşdur. Bir qul, bir şey etmək istədikdə, arzu etdikdə Allahu təala da diləsə, o işi yaradar. Qul istəməsə, Allahu təala da diləməsə, o şeyi yaratmaz. O şey, yalnız qulun istəməsi ilə də yaradılmaz. Allah da dilərsə yaradar. Qullarının istəkli işlərini yaratması, bir şeyə od dəysə, o şeydə yandırmağı yaratması, od dəyməzsə, yandırmağı yaratmaması kimidir. Bıçaq dəydikdə, kəsməyi yaradır. Kəsən, bıçaq deyildir, Odur. Bıçağı kəsmək üçün səbəb etmişdir. Deməli, qulların istəkli hərəkətlərini onların ixtiyar etmələri, hərəkəti seçmələri və istəmələri səbəbi ilə yaradır. Ancaq təbiətdəki hərəkətlər, qulların ixtiyar etmələrinə bağlı deyildir. Bunlar, yalnız Allahu təala dilədikdə başqa səbəblərlə yaradılmaqdadır. Hər şeyin, günəşlərin, zərrələrin, damcıların, hüceyrələrin, mikrobların və atomların maddələrini, xassələrini, hərəkətlərini yaradan yalnız Odur. Ondan başqa yaradan yoxdur. Ancaq cansız maddələrin hərəkətləri ilə, insan və heyvanların ixtiyari, istəkli hərəkətləri arasında fərq budur ki, qullar bir şeyi etməyi ixtiyar etdikdə və dilədikdə, O da diləsə, qulu hərəkət etdirir və yaradır. Qulun hərəkət etməsi qulun əlində deyildir. Hətta, necə hərəkət etdiyindən xəbəri belə yoxdur. [İnsanın hər hərəkəti müxtəlif fiziki və kimyəvi hadisələrlə əmələ gəlir]. Cansızların hərəkətlərində “İxtiyar etmək” yoxdur. Od dəydiyi zaman, yandırmağın yaradılması, odun yandırmağı seçməsi və diləməsi ilə deyildir.
[Sevdiyi, rəhm etdiyi qullarının yaxşı və faydalı istəklərini, O da istəyir və yaradır. Bunların pis və zərərli istəklərini, O istəmir və yaratmır. Bu qullarından daim yaxşı və faydalı işlər hasil olur. Onlar bir çox işlərinin baş vermədiyinə kədərlənirlər. Bu işlərin zərərli olduqları üçün yaradılmadığını düşünüb anlasaydılar, əsla kədərlənməzdilər. Bunun üçün sevinər və Allahu təalaya şükür edərdilər. Allahu təala insanların ixtiyari və istəkli işlərini, onların qəlblərinin ixtiyar və iradə etmələrindən sonra yaratmağı, əzəldə iradə etmiş, belə olmasını diləmişdir. Əzəldə belə diləməsəydi, istəkli hərəkətlərimizi də biz istəmədən həmişə O məcburən yaradardı. İstəkli işlərimizi biz istədikdən sonra yaratması, əzəldə, belə istəmiş olduğu üçündür. Deməli, Onun iradəsi hakimdir].
Qulların istəkli hərəkətləri iki şeydən əmələ gəlir: Birincisi, qulun qəlbinin ixtiyar, iradə və qüdrəti ilədir. Bunun üçün qulun hərəkətlərinə “Kəsb etmək” deyilir. Kəsb, insanın sifətidir. İkincisi, Allahu təalanın yaratması, var etməsi ilədir. Allahu təalanın əmrlər, qadağalar, savablar və əzablar qoyması insanda kəsb olduğu üçündür. “Saffat” surəsinin 96-cı ayəti-kəriməsində məalən, “Allahu təala sizi yaratdı və işlərinizi yaratdı” buyuruldu. Bu ayəti-kərimə insanlarda kəsb, yəni hərəkətlərində qəlbinin ixtiyarı və “İradəyi-cüziyyə”si olduğunu göstərir və məcburiyyət olmadığını açıq şəkildə isbat edir. Buna görə “İnsanın işi” deyilir. Məsələn, Əli vurdu, qırdı deyilir. Həm də hər şeyin qəza və qədərlə yaradıldığını bəlli edir.
Qulun işinin görülməsində və yaradılmasında, əvvəlcə bu işi qulun qəlbinin ixtiyar və iradə etməsi lazımdır. Qul, qüdrəti daxilində olan şeyi iradə edir. Bu istəyə və diləməyə “Kəsb” deyilir. Mərhum Amidi, bu kəsbin işlərin yaradılmasına səbəb olduğunu, təsir etdiyini bildirir. Bu kəsbin ixtiyari olan işin yaradılmasına təsiri olmaz demək də mümkündür. Çünki, yaradılan işlə qulun istədiyi iş, fərqli şeylər deyildir. Deməli, qul hər istədiyini edə bilməz, istəmədikləri də var ola bilər. Qulun, hər istədiyini etməsi, hər istəmədiyinin olmaması, qulluq deyildir, uluhiyyətə cəhd etməkdir. Allahu təala lütf edərək, ehsan edərək, rəhm edərək qullarına möhtac olduqları qədər və əmrlərə, qadağalara riayət edə biləcək qədər güc və qüdrət, yəni enerji vermişdir. Məsələn, sağlamlığı və pulu olan bir müsəlman ömründə bir dəfə həccə gedə bilər. Göydə Ramazan hilalını [ayı] görəndə hər il bir ay oruc tuta bilər. İyirmi dörd saatda beş vaxt fərz olan namazı qıla bilər. Nisab miqdarı malı və pulu olan, bir hicri il sonra, bunun qırxda bir miqdarında qızıl və gümüşü ayırıb müsəlmanlara zəkat verə bilər. Görünür ki, insan öz istəkli işlərini istəsə edər, istəməsə etməz. Allahu təalanın böyüklüyü, buradan da aydın olur. Cahil və axmaq olanlar qəza və qədər bilgilərini anlaya bilmədikləri üçün Əhli-sünnət alimlərinin sözlərinə inanmır, qulların qüdrət və ixtiyarlarında şübhə edirlər. İnsanı istəkli işlərində aciz və məcbur zənn edirlər. Bəzi işlərdə qulların ixtiyarı olmadığını görərək, Əhli-sünnətə dil uzadırlar. Bu yanlış sözləri özlərində iradə və ixtiyar olduğunu göstərir.
Bir işi edib-etməməyə gücü çatmağa “Qüdrət” deyilir. Etməyi və ya etməməyi seçməyə “İxtiyar”, istəmək deyilir. İxtiyar olunanı etməyi diləməyə “İradə”, diləmək deyilir. Bir işi qəbul etməyə, etiraz etməməyə “Riza”, bəyənmək deyilir. İşin edilməsinə təsir etmək şərti ilə iradə ilə qüdrətin birliyinə “Xəlq”, yaratmaq, təsirli olmadan bu birliyə “Kəsb” deyilir. Hər ixtiyar edənin xaliq olması lazım deyil. Həmçinin, hər iradə edilən şeydən, razı olmaq lazım deyil. Allahu təalaya xaliq və muxtar deyilir. Qula, kasib (kəsb edən) və muxtar deyilir.
Allahu təala qullarının itaətlərini, günahlarını iradə edir və yaradır, lakin itaətdən razı olduğu halda, günahdan razı deyildir, onu bəyənmir. Hər şey Onun iradə və xəlq etməsi ilə var olur. Ənam surəsinin 102-ci ayəti-kəriməsində məalən, “Ondan başqa ilah yoxdur. Hər şeyin xaliqi, ancaq Odur” buyurulmuşdur.
“Mütəzilə” firqəsində olanlar iradə ilə rıza arasındakı fərqi görə bilmədiklərindən, çaşbaş qaldılar. Beləliklə, insanın dilədiyi işi özü yaratdığını dedilər, qəza və qədəri inkar etdilər. “Cəbriyyə” firqəsi də, tamamilə çaşıb qaldı. Xəlq etmədən ixtiyarın olacağını anlamadılar. İnsanda ixtiyarın olmadığını zənn edərək, insanı daşa, oduna bənzətdilər. İnsan, haşa, günah sahibi deyildir. Bütün pislikləri gördürən Allahu təaladır, dedilər. Cəbriyyə mənsublarının dediyi kimi, insanda iradə və ixtiyar olmasaydı, pislikləri, günahları, Allahu təala məcbur edərək gördürsəydi, əli-ayağı bağlanıb dağdan aşağı yuvarlanan biri ilə, yeriyərək, ətrafını seyr edərək enən birinin hərəkətlərinin bir-birindən fərqli olmaması lazım olardı. Halbuki, birincinin yuvarlanması məcburi, ikincinin enməsi, iradə və ixtiyar ilə olmaqdadır. Aralarındakı fərqi görə bilməyənlərin düşüncələri qıtdır. Həm də, ayəti-kərimələrə inanmamış, Allahu təalanın əmrlərini, qadağalarını, lüzumsuz, yersiz görmüş olurlar. Mütəzilə və ya qədəriyyə adlı firqənin dediyi kimi, insan dilədiyini özü yaradır zənn etmək də, “Hər şeyi yaradan Allahu təaladır” ayəti-kəriməsinə inanmamaq olduğu kimi, yaratmaqda, insanlar Allahu təalaya şərik və ortaq edilmiş olur.
Şiələr də, Mütəzilə kimi, insan dilədiyini yaradar deyirlər. Eşşəyin dəyənək yediyi halda sudan keçmədiyini buna dəlil göstərirlər. Bunlar düşünmür ki, insan bir işi etmək istəsə, Allahu təala da, o işin görülməsini istəməsə, Allahu təalanın dilədiyi olacaq. Mütəzilənin sözünün səhv olduğu aydın olur. Yəni, insan hər dilədiyini edə bilməz və yarada bilməz. Onların dediyi kimi, insanın hər istədiyi olarsa, Allahu təalanın aciz olması lazım gələr. Allahu təala acizlikdən münəzzəhdir, uzaqdır. Ancaq Onun iradə etdiyi olur. Hər şeyi yaradan, var edən yalnız Odur. Allahlıq belə olur. İnsanlar üçün, “onu yaratdı, onu yaratdıq, bunu yaratdılar” kimi ifadələrdən istifadə etmək və yazmaq çox çirkindir, Allahu təalaya qarşı ədəbsizlikdir, küfrə səbəb olar.
[Qulların ixtiyari hərəkətləri öz iradələri ilə olmayan, hətta xəbərləri belə olmadan, bir çox fiziki, kimyəvi və fizioloji hadisələrlə meydana gəlir. Bu incəliyi anlamış insaflı bir elm adamı öz ixtiyari hərəkətlərinə, “yaratdım” demək bir yana, “mən etdim” deməyə belə çəkinər, Allahu təaladan həya edər. Biliyi, anlayışı və ədəbi az olan isə hər yerdə hər şeyi deməkdən çəkinməz.
Allahu təala dünyada bütün insanlara rəhm edir. Möhtac olduqları şeyləri yaradıb, hər kəsə göndərir. Dünyada rahatlıq və hüzur içində yaşamaları və axirətdə əbədi səadətə qovuşmaları üçün nə etmələri lazım olduğunu açıq bir şəkildə bildirir. Nəfslərinə, pis yoldaşlarına, zərərli kitablara və radiolara aldanaraq, küfr və zəlalət yoluna düşənlərdən, dilədiyini hidayətə qovuşdurur. Bunları doğru yola çəkir. Azğın, zalım olanlara bu nemətini ehsan etmir. Onları bəyəndikləri, istədikləri və içinə düşdükləri inkar bataqlığında tərk edir].
“Etiqadnamə” kitabının fars dilindən türk dilinə tərcüməsi burada tamamlanmış oldu. Bu tərcüməni sadələşdirərək, “İman və İslam” adı ilə 1966-cı ildə çap etdirdik. Bu tərcüməni edən hacı Feyzullah Əfəndi Ərzincanın Kəmah bölgəsindəndir. Uzun illər Sökədə müdərrislik etmiş, 1323-cü [m. 1905] ildə də vəfat etmişdir. Kitabın müəllifi, Mövlanə Xalidi Bağdadi Osmani (quddisə sirruh), 1192-ci hicri ilində Bağdadın şimalında Şəhrəzur şəhərində doğulmuş, 1242-ci [m. 1826] ildə də Şamda vəfat etmişdir. Osman Zinnureynin (radıyallahu anh) nəslindən olduğu üçün Osmani deyilir. Qardaşı Mövlanə Mahmud Sahib həzrətlərinə imam Nəvəvinin “Hədisi-ərbəin” kitabındakı ikinci hədis olan və “Hədisi-Cibril” adı ilə məşhur hədisi-şərifi oxudarkən, Mövlanə Mahmud Sahib, bu hədisi-şərifi izah edərək yazmasını böyük qardaşından istəmişdi. Mövlanə Xalid (rahmətullahi əleyh), qardaşının nurlu qəlbini xoş etmək üçün bu diləyi qəbul etmiş və bu hədisi-şərifi fars dilində şərh etmişdir.