(Səbəblərə yapışmaq lazımdır)
Hindistanda yetişmiş islam alimlərinin böyüklərindən Şərəfüddin Əhməd ibn Yəhya Müniri (rahmətullahi əleyh) farsca “Məktubat” kitabının on səkkizinci məktubunda buyurur ki:
İnsanların çoxu şübhə və xəyal ilə hərəkət edərək yanılırlar. Belə pozuq düşünənlərdən bir qismi “Allahu təalanın bizim ibadətlərimizə ehtiyacı yoxdur. İbadətlərimizin Ona heç bir faydası yoxdur. İnsanların ibadət və ya üsyan etmələri Onun böyüklüyü qarşısında bərabərdir. İbadət edənlər boş yerə sıxıntı, zəhmət çəkirlər” deyirlər. Belə düşünmək yanlışdır. İslamiyyəti bilmədikləri üçün belə deyirlər. İbadətlərin Allahu təalaya faydası olduğunu və bunun üçün əmr olunduqlarını zənn edirlər. Belə zənn etmək çox yanlışdır. Olmayacaq şeyi olur zənn etməkdir. Hər insanın etdiyi ibadətin faydası yalnız özünədir. Belə olduğunu Allahu təala Fatir surəsinin on səkkizinci ayəsində açıq şəkildə xəbər verir. Belə yanlış düşünən şəxs pəhriz saxlamayan xəstəyə bənzəyir. Bu xəstəyə həkim pəhriz tövsiyə edir. O isə, pəhriz saxlamasam həkimə heç bir zərəri olmaz deyərək, pəhriz saxlamır. Həkimə zərəri olmaz deməsi doğrudur. Lakin özünə zərər verir. Təbib özünə faydası olduğu üçün deyil, onun xəstəlikdən qurtulması üçün pəhriz saxlamasını tövsiyə etmişdir. Həkimin tövsiyəsinə əməl etsə, şəfa tapar. Əməl etməsə, ölüb gedər. Təbibin bundan heç bir zərəri olmaz.
Pozuq düşünənlərdən bir qismi də heç ibadət etməz, haramlardan çəkinməz, yəni islamiyyətə tabe olmazlar. “Allah kərimdir, rəhimdir. Qullarına çox rəhm edər. Əfvi sonsuzdur. Heç kimə əzab etməz” deyərlər. Bəli, ilk sözləri doğrudur. Lakin son sözləri yanlışdır. Burada şeytan onları aldadır. Üsyana sürükləyir. Ağlı olan şəxs şeytana aldanmaz. Allahu təala kərim, rəhim olduğu kimi, əzabı da şiddətlidir. Can yandırıcıdır. Bu dünyada bir çoxlarını kasıblıq və sıxıntılar içində yaşatdığını görürük. Neçə-neçə qulunu heç çəkinmədən əzablar içində yaşadır. Çox kərim və rəzzaq olduğu halda, əkinçilik, cütçülük sıxıntıları çəkilməsə, bir tikə çörək vermir. Hər kəsi yaşadan O olduğu halda, yeməyən, içməyən insanı yaşatmır. Dərman işlətməyən xəstəyə şəfa vermir. Yaşamaq, xəstə olmamaq və mal sahibi ola bilmək kimi dünya nemətlərinin hamısı üçün səbəblər yaratmış, səbəbinə yapışmayanlara heç rəhm etməyib, onları dünya nemətlərindən məhrum buraxmışdır. Dərmanlar maddi və mənəvi olmaqla iki qisimdir. Bütün xəstəlikləri müalicə edən mənəvi dərmanlar sədəqə vermək və dua oxumaqdır. “Xəstələrinizi sədəqə verərək müalicə edin!” və “Çox istiğfar oxumaq bütün dərdlərə dəvadır!” hədisləri məşhurdur. Maddi dərmanlar çoxdur. Təcrübə ilə aydın olurlar. Mənəvi dərmanları işlətmək maddi dərmanları tapmağa da kömək edər. Axirət nemətlərinə qovuşmaq da belədir. Kafirliyi qəlbi və ruhu öldürən zəhər etmişdir. Tənbəllik də ruhu xəstə edər. Bunlara dərman edilməsə, ruh xəstələnər, ölər. Küfrün və cahilliyin yeganə dərmanı elmdir, mərifətdir. Tənbəlliyin dərmanı da namaz qılmaq və hər ibadəti yerinə yetirməkdir. Bir şəxs dünyada zəhər yeyib, Allah rəhimdir, zəhərin zərərindən məni qoruyar desə, xəstələnər, ölər. İshal olan gənəgərçək yağı içsə, [şəkər xəstəsi şirniyyat və xəmir xörəkləri yesə], xəstəlikləri artar. İnsanların bədənləri nazik olduğu üçün lazım olan ehtiyac maddələri [qida, geyim və məskən] çoxdur. Bunları tapmaq və islamiyyətə uyğun olaraq işlədə bilmək üçün hazırlamaq çox çətindir. Bu işlərin asan və rahat görülməsi üçün insanlarda “Nəfs” deyilən ayrı bir qüvvə yaradılmışdır. Heyvanlarda bu qüvvənin yaradılması üçün bir səbəb yoxdur. Nəfs bədənə lazım olan şeylərin edilməsini istəyər. Bu şeyləri artıqlaması ilə etmək ona şirin gələr. Nəfsin istəklərinə “Şəhvət” deyilir. Şəhvəti ağılla məsləhətləşmədən, ehtiyacdan artıq etməsi qəlbə, bədənə və başqalarına zərər verər, günah olar. “Səadəti Əbədiyyə” kitabının 32-ci səhifəsinə baxın! Pozuq düşünənlərdən bir qismi də aclıq çəkərək riyazət edirlər. Beləcə islamiyyətin bəyənmədiyi şəhvət, qəzəb və əyləncə istəklərini kökündən yox etmək istəyirlər. İslamiyyət bunların yox edilməsini əmr edir sanırlar. Uzun müddət aclıq sıxıntısı çəkərək, bu pis istəklərinin yox olmadığını görür, islamiyyət edilə bilməyəcək şeyi əmr etmişdir zənn edirlər. “İslamiyyətin bu əmri yerinə yetirilə bilməz. İnsan yaradılışında olan xasiyyətlərdən qurtula bilməz. Bunlardan qurtulmaq üçün çalışmaq qara adamı ağ etməyə çalışmaq kimidir. Ola bilməyəcək şeyi etməyə çalışmaq ömrü boş yerə xərcləmək olar” deyirlər. Bunlar yanlış düşünür və yanlış iş görürlər. Xüsusilə, islamiyyət belə əmr etmişdir demələri tam bir cahillik və axmaqlıqdır. Çünki islamiyyət qəzəbin, şəhvətin, insanlıq sifətlərinin yox edilməsini əmr etmir. Belə demək islamiyyətə iftira etmək olar. İslamiyyət belə əmr etmiş olsaydı, dinin sahibi olan Muhamməd əleyhissəlamda bu sifətlər olmazdı. Halbuki, “Mən insanam. Hər kəs kimi mən də qəzəblənirəm” buyururdu. Arabir qəzəbləndiyi görülərdi. Qəzəblənməsi həmişə Allahu təala üçün olardı. Allahu təala Qurani-kərimdə, Ali İmran surəsinin yüz otuz dördüncü ayəsində “Qəzəblərini udan” kəsləri mədh edir. Qəzəblənməyənləri mədh etmir. Pozuq düşünən şəxsin, insan şəhvətini yox etməlidir deməsi çox yanlışdır. Rəsulullahın (sallallahu əleyhi və səlləm) doqquz xanımla (radıyallahu təala anhunnə) evlənmiş olması bu sözün yanlış olduğunu açıq şəkildə göstərir. Bir şəxsin şəhvəti getsə, dərman edərək şəhvətə qovuşması lazımdır. Qəzəb də belədir. İnsan zövcəsini və uşaqlarını qəzəb sifəti ilə qoruyar. İslam düşmənlərinə qarşı bu sifətin köməyi ilə cihad edər. Övlad-uşaq sahibi olub, öldükdən sonra şan və şərəflə anılmaq şəhvət sayəsində olur. Bunlar islamiyyətin mədh etdiyi, bəyəndiyi, təriflədiyi şeylərdir.
İslamiyyət şəhvətin və qəzəbin yox edilməsini deyil, hər ikisinə hakim olub, dinə uyğun işlədilmələrini əmr edir. Süvarinin atını və ovçunun itini yox etmələri deyil, bunları tərbiyə edərək, onlardan faydalanmaları lazım olduğu kimidir. Yəni, şəhvət və qəzəb ovçunun iti və süvarinin atı kimidir. Bu ikisi olmadıqca axirət nemətləri ovlana bilməz. Lakin bunlardan faydalana bilmək üçün tərbiyə edilərək, dinə uyğun işlədilmələri lazımdır. Tərbiyə edilməsələr, azğın olub, dinin sərhədlərini aşsalar, insanı fəlakətə sürükləyərlər. Riyazət etmək bu iki sifəti yox etmək üçün deyil, tərbiyə edib dinə uymalarını təmin etmək üçündür. Bunu təmin etmək də hər kəs üçün mümkündür. Mədəniyyət atom gücündən istifadə etmək və reaktiv təyyarə kimi şeylər düzəltmək deyildir. Mədəniyyət bunları insanlara xidmət üçün işlətməkdir. Bu da islamiyyətə tabe olmaqla ələ keçər.
Pozuq düşünənlərin dördüncü qisminə gəlincə, bunlar özlərini aldadırlar. “Hər şey əzəldə təqdir edilmişdir. Uşaq dünyaya gəlməzdən əvvəl “Səid” və ya “Şəqi” olduğu bəllidir. Bu, sonradan dəyişməz. Buna görə ibadət etməyin faydası yoxdur” deyərlər. Rəsulullah (sallallahu əleyhi və səlləm) qəza və qədərin dəyişməyəcəyini, hər şeyin əzəldə təqdir edilmiş olduğunu anlatdıqda, Əshabı-kiram da belə demişdilər. “Əzəldəki təqdirə güvənək. İbadət etməyək” demişdilər. Rəsulullah (sallallahu əleyhi və səlləm) bunlara cavab olaraq, “İbadət edin! Hər kəsə əzəldə təqdir edilmiş olan şeyi etmək asan olar” buyurdu. Yəni, Allahu təalanın əzəldə səid olaraq bildiyi şəxs dünyada səidlərin işlərini görər. Bundan aydın olur ki, əzəldə səid deyilənlərin ibadət etmələri və şəqi deyilənlərin üsyan etmələri, sağlam yaşamaları əzəldə təqdir edilmiş olanların qida və dərman qəbul etmələrinə və xəstələnmələri, ölmələri təqdir edilmiş olanların da qida və dərman qəbul etməmələrinə bənzəyir. Aclıqdan, xəstəlikdən ölməsi əzəldə təqdir edilmiş olana qida və dərman qəbul etmək nəsib olmaz. Varlı olması əzəldə təqdir edilmiş olana qazanc yolları açılar. Şərqdə ölməsi təqdir edilmiş olana qərbə gedən yollar bağlanar. Eşitdiyimizə görə, Əzrail əleyhissəlam Süleyman əleyhissəlamın yanına gəldikdə, oturanlardan birinə diqqətlə baxdı. Bu şəxs mələyin belə sərt baxışından qorxdu. Əzrail əleyhissəlam getdikdən sonra Süleyman əleyhissəlama yalvarıb, küləyə əmr etməsini, küləyin onu qərb məmləkətlərindən birinə aparıb, Əzrail əleyhissəlamdan qurtulmasını istədi. Əzrail əleyhissəlam təkrar gəldikdə, Süleyman əleyhissəlam o adamın üzünə nə üçün sərt baxdığını soruşdu. Əzrail əleyhissəlam “Bir saat sonra qərbdəki şəhərlərdən birində o şəxsin canını almaq üçün əmr olunmuşdum. Onu sənin yanında gördükdə, heyrətimdən diqqətlə baxdım. Əmrə tabe olub qərbə getdikdə, onu orada görüb canını aldım” dedi. [Bu qissə Cəlalüddin Ruminin (rahiməhullahu təala)1 “Məsnəvi”sində geniş yazılmışdır.] Görünür ki, əzəldəki təqdir bir əmr deyil, bir elmdir. Qəza və qədər bəhsinə baxın (səh. 74)! Əzəldəki qədərin hasil olması üçün bu şəxs Əzrail əleyhissəlamdan qorxdu. Süleyman əleyhissəlam ona itaət etdi. Əzəldəki təqdir səbəblər zənciri ilə yerinə yetirildi. Bunun kimi, əzəldə səid deyilmiş olan şəxsə iman etmək, riyazət çəkərək pis xasiyyətlərinin düzəlməsi nəsib olar. Ənam surəsinin yüz iyirmi beşinci ayəsində məalən, “Allahu təala hidayətə qovuşdurmaq istədiyi qulunun qəlbinə islamiyyəti yerləşdirər” buyurulmuşdur. Əzəldə şəqi olacağı bilinən, yəni Cəhənnəmə getməsi təqdir edilmiş olan şəxs “İbadət etməyə lüzum yoxdur. Hər kəsin səid və ya şəqi olduğu əzəldə təqdir edilmişdir” deyər. Belə düşünərək ibadət etməz. Belə düşünərək ibadət etməməsi o şəxsin əzəldə şəqi olduğunu göstərər. Bunun kimi, cahil qalması əzəldə təqdir edilmiş şəxs “Hər şey əzəldə təqdir edilmişdir. Cahil qalması təqdir edilmiş olanın oxuyub öyrənməsinin faydası olmaz” deyər. Beləcə çalışmaz, öyrənməz. Cahil qalar. Bir şəxsin əkinçilik edərək bol məhsul götürməsi təqdir edilmişdirsə, tarlasını şumlamaq, toxum səpmək nəsib olar. Əzəldə səid deyilmiş olanların iman etmələri və ibadət etmələri, şəqi deyilmiş olanların da kafir olmaları və üsyan etmələri belədir. Axmaq olan şəxs bunu anlaya bilməz. “İmanın və ibadət etməyin əzəldə səid olmaqla və küfrün, üsyanın da şəqi olmaqla görəsən nə əlaqəsi vardır?” deyər. Qısa ağlı ilə bu əlaqəni anlamaq istəyər. Hər şeyi öz ağlı ilə həll etməyə qalxar. Halbuki, insanın ağlı məhduddur. Ağlın çatmadığı şeyləri ağıl ilə anlamağa qalxmaq ağılsızlıq, axmaqlıq olar. Elə düşünənlərin axmaq olduqları aydın olar. İsa əleyhissəlam buyurdu ki, “Anadangəlmə korların görməsini təmin etmək, hətta ölüləri diriltmək mənə çətin gəlmədi. Lakin axmaq olana doğru sözü anlada bilmədim”. Allahu təala sonsuz olan elmi və hikməti ilə bəzi qullarını mələk dərəcəsinə yüksəldər. Hətta mələklərdən daha irəli olar. Bəzilərini də it, donuz dərəcəsinə endirər. On səkkizinci məktubun tərcüməsi burada tamamlandı.
Şərəfüddin Əhməd ibn Yəhya Müniri həzrətlərinin “Məktubat” kitabında yüz məktub vardır. 741-ci [m. 1339] ildə yazılmış və 1329-cu [m. 1911] ildə Hindistanda çap olunmuşdur. İstanbulda Süleymaniyyə kitabxanasında əlyazması vardır. Yetmiş altıncı məktubunda buyurur ki:
“Səadət” Cənnətlik olmaq deməkdir. “Şəqavət” Cəhənnəmlik olmaq deməkdir. Səadət və şəqavət Allahu təalanın iki xəzinəsi kimidir. Birinci xəzinənin açarı taət və ibadətdir. İkinci xəzinənin açarı məsiyət, yəni günahlardır. Allahu təala hər insanın səid və ya şəqi olacağını əzəldə bilirdi. Bu bilgisinə “Qədər” deyilir. [Buna alın yazısı deyirik.] Səid olacağı əzəldə bilinən şəxs Allahu təalaya itaət edər. Əzəldə şəqi olacağı bilinən şəxs həmişə günah işlər. Dünyada hər kəs səid və ya şəqi olduğunu əməlindən anlaya bilər. Axirəti düşünən din alimləri hər kəsin səid və ya şəqi olduğunu beləcə anlayar. Dünyaya dalmış olan din adamı isə bunu bilməz. Hər izzət və hər nemət Allahu təalaya ixlas ilə itaət və ibadət etməkdədir. Hər pislik və sıxıntı da günah işləməkdən hasil olar. Hər kəsə dərd və bəla günah yolundan gələr. Rahatlıq və hüzur da itaət yolundan gələr. [Allahu təalanın adəti belədir. Bunu heç kim dəyişdirə bilməz. Nəfsə asan və şirin gələn şeyi səadət zənn etməməli, nəfsə çətin və acı gələnləri də şəqavət və fəlakət sanmamalıdır.] Qüdsdə Məscidi-Əqsada illərlə təsbih və ibadət ilə ömrünü keçirən şəxs ibadətin şərtlərini və ixlası öyrənmədiyi üçün bir səcdəni tərk etdikdə, elə zərər etdi ki, həlak oldu. Əshabi-Kəhfin iti isə, murdar olduğu halda, Siddiqlərin arxasınca bir neçə addım yeridiyi üçün elə yüksəldi ki, heç düşmədi. Bu hal insanı heyrətə salır. Əsrlər boyu alimlər bu sirri aça bilməmişlər. İnsan ağlı bunun hikmətini anlaya bilmir. Adəm əleyhissəlama buğdadan yemə dedi və yeyəcəyini əzəldə bildiyi üçün yeməsini dilədi. Şeytana Adəm əleyhissəlama səcdə etməsini əmr etdi və səcdə etməməsini dilədi. Məni axtarın buyurdu. Lakin ixlası olmayanın qovuşmasını diləmədi. İlahi yolun yolçuları “Heç anlaya bilmədik” deməkdən başqa bir şey söyləyə bilmədilər. Bizə nə demək düşər? Onun insanların iman etmələrinə, ibadət etmələrinə ehtiyacı yoxdur. Kafir olmalarının və günah işləmələrinin Ona heç bir zərəri olmaz. Onun məxluqlarına heç bir ehtiyacı yoxdur. Elmi zülmətin təmizlənməsinə, cəhli də günah işlənməsinə səbəb etdi. Elmdən iman və taət doğur, cəhldən də küfr və günah hasil olur. Taət çox kiçik olsa da, əldən verməməli! Günah çox kiçik görünsə də, yaxınlaşmamalıdır! İslam alimləri buyurdular ki, üç şey üç şeyə səbəbdir: Taət Allahu təalanın rızasını qazanmağa səbəbdir. Günah işləmək Allahu təalanın qəzəbinə səbəbdir. İman etmək şərəfli və qiymətli olmağa səbəbdir. Buna görə kiçik günah işləməkdən də çox çəkinməlidir. Allahu təalanın qəzəbi bu günahda ola bilər. Hər mömini özündən yaxşı bilməlidir. O mömin Allahu təalanın çox sevdiyi qulu ola bilər. Hər kəs üçün əzəldə edilmiş olan təqdir heç dəyişdirilə bilməz. Həmişə günah işləyib, heç taət etməmiş bir müsəlmanı Allahu təala diləsə əfv edər. Bəqərə surəsinin otuzuncu ayəsində mələklər, məalən, “Ya Rəbbi! Yer üzündə fəsad çıxaracaq və qan tökəcək insanları nə üçün yaradırsan” dediklərində, “Onlar fəsad çıxarmazlar” demədi. “Sizin bilmədiklərinizi mən bilirəm” buyurdu. “Layiq olmayanları layiq edərəm. Uzaq qalanları yaxınlaşdıraram. Zəlil olanları əziz edərəm” buyurdu. Siz onların işlərinə baxırsınız. Mən qəlblərindəki imana baxıram. Siz günahsız olduğunuza baxırsınız. Onlar mənim rəhmətimə sığınarlar. Sizin günahsız olmağınızı bəyəndiyim kimi, müsəlmanların günahlarını əfv etməyi də sevərəm. Mənim bildiyimi siz bilə bilməzsiniz. İmanı olanları əzəli olan lütfümə qovuşduraram, əbədi olan lütfüm ilə hamısını oxşayaram buyurdu. Yetmiş altıncı məktubdan tərcümə tamamlandı.
Şərəfüddin Əhməd ibn Yəhya Müniri (rahmətullahi təala əleyh) 782-ci [m. 1380] ildə vəfat etmişdir. Hindistanda Bihar şəhərində yaşamışdır. Qəbri də oradadır. Münir Bihar şəhərinin kəndlərindən birinin adıdır. Şah Əbdülhaq Dəhləvinin (rahmətullahi təala əleyh) “Əxbarul-əxyar” kitabında tərcümeyi-halı geniş yazılmışdır. Bu kitab farscadır və 1332-ci [m. 1914] ildə Hindistanda, Diyobənd şəhərində və sonra Pakistanda, Lahorda çap olunmuşdur. “İrşadüs-salikin”, “Mədənül-məani” və “Məktubat” kitabları çox qiymətlidir.
[İmam Rabbani (rahmətullahi əleyh) müxtəlif məktublarında buyurur ki, “Allahu təalanın əmr etdiyi işlərə “Fərz” deyilir. Qadağan etdiklərinə “Haram” deyilir. Fərz və ya haram olmayan, sərbəst buraxılmış olanlara “Mubah” deyilir. Fərzləri yerinə yetirməyə, haramlardan çəkinməyə və mubahları Allah rızası üçün etməyə “İbadət etmək” deyilir. Bir ibadətin səhih və məqbul olması üçün, yəni doğru olması və Allahu təalanın bəyənməsi üçün “Elm”, yəni doğru etməyin şərtlərini öyrənmək və “Əməl”, yəni şərtlərinə uyğun etmək və “İxlas” ilə etmək lazımdır. İxlas pul, vəzifə, şöhrət kimi dünya mənfəətlərini düşünməyib, Allahu təala əmr etdiyi üçün, Onun rızasını, sevgisini qazanmaq üçün etməkdir. Elm fiqh kitablarını bir ustadla birlikdə oxuyaraq, ixlas da bir Vəlinin sözlərindən, hal və hərəkətlərindən və təsəvvüf kitablarını oxumaqla əldə edilir. İslam elmləri iki qisimdir: Din bilgiləri və fənn bilgiləri. Bunları lazım olduğu qədər öyrənmək fərzdir. Məsələn, dərmanın işlədilmə qaydasını, miqdarını öyrənmək və elektrik lampası və ya maşını işlədənin elektrik haqqında qısa bilgi öyrənməsi fərzdir. Öyrənməsələr, ölümə səbəb olarlar.
Fərzlərə və haramlara inanıb, tənbəlliklə və ya pis yoldaşlara uyaraq ibadət etməyən bir müsəlman tövbə etmədən ölsə, günahı bitənə qədər Cəhənnəmdə yanar. Fərzləri öyrənməyən, bilsə də qiymət, əhəmiyyət verməyən, kədərlənmədən, Allahdan qorxmadan tərk edən müsəlmanlıqdan çıxar, kafir olar. Cəhənnəmdə əbədi, sonsuz yanar. Haramları işləmək də belədir.
Bir ibadətin elmini öyrənməyənin, şərtlərini bilməyənin etdiyi ibadət ixlas ilə edilmiş olsa da, səhih olmaz. Heç etməmiş kimi Cəhənnəmdə yanar. Şərtlərini bilərək və gözləyərək edənin ibadəti səhih olar. Cəhənnəm əzabından qurtular. Lakin ixlas ilə etmədisə, bu ibadəti və heç bir yaxşılığı qəbul olmaz. Savab qazanmaz. Allahu təala bu ibadətini və xeyrat və həsənatını bəyənməyəcəyini bildirir. Elm və ixlas ilə edilməyən ibadətin faydası olmaz. İnsanı küfrdən, günahdan, əzabdan qurtarmaz. Ömür boyu belə ibadət edib, küfr üzrə vəfat edən münafiqlər çox görülmüşdür. Elm ilə, ixlas ilə edilən ibadət insanı dünyada küfrdən, günahdan qurtarar və əziz edər. Axirətdə də Cəhənnəm əzabından qurtaracağını Allahu təala Maidə surəsinin doqquzuncu ayəsində və Vəl-əsr surəsində vəd edir. Allahu təala vədində sadiqdir. Verdiyi sözü əlbəttə yerinə yetirər.”]
Dipnotlar
- Cəlalüddin Rumi 672-ci (m. 1273) ildə Konyada vəfat etmişdir. ↑