Hakikat Books
English

Chapter 121 / 136

Namazdakı üstünlüklər

Questions answered in this chapter (19)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İmam Rabbani namazdakı üstünlüklər haqqında hansı məktubunda yazır? draft Report an error
  2. Namaz İslamın neçənci şərtidir və ibadətlər arasında yeri nədir? draft Report an error
  3. Təsəvvüf yolunda olanlar namazın həqiqətini bilməzlərsə, nə olar? draft Report an error
  4. Namaz ilə musiqi arasındakı fərq nədir? draft Report an error
  5. İbadətlərdən zövq almaq necə böyük nemətdir? draft Report an error
  6. Nafilə namaz nədir? draft Report an error
  7. Namazdan hasil olan ləzzətdən nəfsə pay varmı? draft Report an error
  8. Dünyada namazın dərəcəsi axirətdə nəyə bənzəyir? draft Report an error
  9. Namaz digər ibadətlərdən niyə qiymətlidir? draft Report an error
  10. İmam Rabbani 266-cı məktubunda fiqh hökmlərinə tabe olmaq haqqında nə buyurur? draft Report an error
  11. İmanı və etiqadı düzəltdikdən sonra nəyi öyrənmək lazımdır? draft Report an error
  12. Namazın “möminin meracı” olması nə deməkdir? draft Report an error
  13. Namazları vaxtında qılmaq və bunu bilmək niyə şərtdir? draft Report an error
  14. Namazda Quran nə qədər oxunmalı və rüknlərdə necə dayanılmalıdır? draft Report an error
  15. İmam Rabbani 69-cu məktubunda namaz haqqında nə buyurur? draft Report an error
  16. Namazın xuşu ilə qılınması haqqında nə bildirilir? draft Report an error
  17. Təbəraninin bildirdiyi, namazın günahlara kəffarə olması hədisi nədir? draft Report an error
  18. Camaatda səfləri düz etmək niyə mühümdür? draft Report an error
  19. Dünyada əziz, axirətdə səadətli olmaq üçün hansı üç xasiyyət lazımdır? draft Report an error

İmam Rabbani (rahmətullahi əleyh) “Məktubat” kitabının birinci cild, 261-ci məktubunda buyurur ki:

Bunu mütləq bilmək lazımdır ki, namaz İslamın beş şərtindən ikincisidir. Bütün ibadətləri özündə cəmləmişdir. İslamın beşdə bir parçası olsa da, bu toplamasından dolayı, təkbaşına müsəlmanlıq demək olmuşdur. İnsanı Allahu təalanın sevgisinə qovuşduran işlərin birincisi olmuşdur. Aləmlərin Əfəndisi və Peyğəmbərlərin “aləyhi və aləyhimüssaləvatü vəssəlam” ən üstünü olana mirac gecəsi, Cənnətdə nəsib olan rüyət şərəfi dünyaya endikdən sonra dünyanın halına uyğun olaraq, özünə yalnız namazda nəsib olmuşdur. Buna görə də: “Namaz möminlərin miracıdır” buyurulmuşdur. Bir hədisi-şərifdə, “İnsanın Allahu təalaya ən yaxın olması namazdadır” buyurulmuşdur. Onun yolunda, tam izində gedən böyüklərə o rüyət dövlətindən bu dünyada böyük pay yalnız namazda olur. Bəli, bu dünyada Allahu təalanı görmək mümkün deyildir. Dünya buna əlverişli deyildir. Lakin ona tabe olan böyüklərə namaz qılarkən rüyətdən bir şeylər nəsib olur. Namaz qılmağı əmr buyurmasaydı, məqsədin, qayənin gözəl üzündən pərdəni kim qaldırardı? Aşiqlər məşuqu necə tapardı? Namaz kədərli ruhlara ləzzət verəndir. Namaz xəstələrin rahatlıq verənidir. Ruhun qidası namazdır. Qəlbin şəfası namazdır. “Ey Bilal, məni fərəhləndir!” deyə azan oxumasını əmr edən hədisi-şərif bunu göstərir, “Namaz qəlbimin nəşəsi, gözümün bəbəyidir” hədisi-şərifi bu arzuya işarə edir. Zövqlər, vəcdlər, bilgilər, mərifətlər, məqamlar, nurlar, rənglər, qəlbdəki təlvinlər və təmkinlər, anlaşılan və anlaşıla bilməyən təcəllilər, sifətli və sifətsiz zühurdan hansı namaz xaricində hasil olarsa və namazın həqiqətindən bir şey anlaşıla bilməzsə, bu hasil olanlar həmişə zilldən, əksdən və surətdən meydana gəlmişdir. Hətta vəhm və xəyaldan başqa bir şey deyildir. Namazın həqiqətini anlamış olan bir kamil namaza durunca, sanki bu dünyadan çıxıb axirət həyatına girər və axirətə məxsus olan nemətlərdən bəzilərinə qovuşur. Araya əks, xəyal qarışmadan, əsldən həzz və pay alar. Çünki dünyadakı bütün kəmalat, nemətlər zilldən, surət və görünüşdən hasil olur. Zill, görünüş arada olmadan, doğruca əsldən hasil olmaq axirətə məxsusdur. Dünyada əsldən ala bilmək üçün mirac lazımdır. Bu mirac möminin namazıdır. Bu nemət yalnız bu ümmətə məxsusdur. Peyğəmbərlərinə tabe olmaq sayəsində buna qovuşurlar. Çünki bunların Peyğəmbəri (sallallahu əleyhi və səlləm) Mirac gecəsi dünyadan çıxıb axirətə getdi. Cənnətə girdi və rüyət səadəti, neməti ilə şərəfləndi. Ya Rəbb! Sən o böyük Peyğəmbərə (sallallahu əleyhi və səlləm) bizim tərəfimizdən Onun böyüklüyünə yaraşan yaxşılıqları ehsan et! Bütün Peyğəmbərlərə də “ala nəbiyyina və əleyhimussaləvatu vəttəslimat” xeyirlər, yaxşılıqlar ver ki, onlar insanları səni tanımağa və razılığına qovuşmağa çağırmış və bəyəndiyin yolu göstərmişlər.

Təsəvvuf yolunda olanların bir çoxu, özlərinə namazın həqiqəti bildirilmədiyi və ona məxsus kəmalat tanıdılmadığı üçün dərdlərinin dərmanını başqa şeylərdə axtardı. Məqsədlərinə qovuşmaq üçün başqa şeylərə sarıldı. Hətta bunlardan bəzisi namazı bu yolun xaricində, məqsəd ilə əlaqəsiz sandı. Orucu namazdan üstün bildi. Namazın həqiqətini anlaya bilməyənlərdən bir çoxu da, iztirablarını təskin və ruhlarını fərəhləndirməyi, səma və nəğmədə, yəni musiqidə, vəcdə gəlməkdə, özündən keçməkdə axtardı. Məqsədi, məşuqu, musiqi pərdələrinin arxasında sandı. Bunun üçün rəqsə, dansa sarıldılar. Halbuki “Allahu təala haramda şəfa təsiri yaratmamışdır” hədisi-şərifini eşitmişdilər. Bəli, boğulmaqda olan bir xam üzgüçü hər saman çöpünə yapışar. Bir şeyin eşqi aşiq olanı kar və kor edər. Bunlara əgər namazın kəmalatından bir şey daddırılmış olsaydı səma və nəğməni ağızlarına almaz, vəcdə gəlməyi xatırlarına belə gətirməzdilər.

Ey qardaşım! Namaz ilə musiqi arasında nə qədər uzaqlıq varsa, namazdan hasil olan kəmalat ilə musiqidən hasil olan təəssür də bir-birindən o qədər uzaqdır. Ağlı olan bu qədər işarətdən çox şey anlayar.

İbadətlərdən zövq hiss etmək və bunların yerinə yetirilməsinin insana çətin gəlməməsi Allahu təalanın ən böyük nemətlərindəndir. Xüsusilə namazın dadını hiss etmək nəhayətə çatmayanlara nəsib olmaz. Xüsusilə fərz namazların dadını almaq ancaq onlara məxsusdur. Çünki nəhayətə yaxınlaşanlara nafilə namazların dadını daddırırlar. Nəhayətdə isə yalnız fərz namazların dadı hiss edilir. Nafilə namazlar zövqsüz olub fərzlərin qılınması böyük kar, qazanc bilinir.

(Nafilə namaz, fərz və vacibdən başqa namazlar deməkdir. Beş vaxt namazın sünnətləri və digər vacib olmayan namazlar nafilə namazlardır. Müəkkəd olan və olmayan bütün sünnətlər nafilədir).

Namazların hamısında hasil olan ləzzətdən nəfsə bir pay yoxdur. İnsan bu dadı hiss edərkən nəfsi inləməkdə, fəryad etməkdədir. Ya Rəbb! Bu nə böyük rütbədir! Bizim kimi ruhları xəstə olanların bu sözləri eşitməsi də böyük nemət, həqiqi səadətdir.

Yaxşı bilin ki, dünyada namazın rütbəsi, dərəcəsi, axirətdə Allahu təalanı görmənin yüksəkliyi kimidir. Dünyada insanın Allahu təalaya ən yaxın olduğu zaman, namaz qıldığı zamandır. Axirətdə ən yaxın olduğu da rüyət, yəni Allahu təalanı gördüyü zamandır. Dünyadakı bütün ibadətlər insanı namaz qıla biləcək bir hala gətirmək üçündür. Əsl məqsəd namaz qılmaqdır. Əbədi səadətə və sonsuz nemətlərə qovuşmaq ancaq namaz qılmaqla əldə edilir.

Namaz bütün ibadətlərdən və orucdan qiymətlidir. Namaz var ki, qırıq qəlbləri zövqlə doldurur. Namaz var ki, günahları yox edər, insanı pislikdən qoruyur. Hədisi-şərifdə, “Namaz qəlbimin nəşəsi və sevinc qaynağıdır” buyuruldu. Namaz qəmli ruhlara ləzzət verir. Namaz ruhun qidasıdır. Namaz qəlbin şəfasıdır. Namazda elə an olar ki, arifin dili Musa əleyhissəlama söyləyən ağac kimi olar.

İmam Rabbani həzrətləri “Məktubat” kitabının 1-ci cild, 266-cı məktubunda buyurur:

İmanı, etiqadı düzəltdikdən sonra fiqh əhkamını (yəni dinimizin əmr və qadağan etdiyi işlər) öyrənmək, əlbəttə, lazımdır. Fərzləri, vacibləri, halal və haramları, sünnət və məkruhları, şübhəliləri lazımı qədər öyrənməli və öyrəndiyi ilə hərəkət etməlidir. Fiqh kitablarını öyrənmək hər müsəlmana lazımdır. (Bunları bilmədən müsəlmanlıq olmaz). Allahu təalanın əmrlərini yerinə yetirməyə, Onun bəyəndiyi kimi yaşamağa çalışmalıdır. Onun ən çox bəyəndiyi və əmr etdiyi şey hər gün beş vaxt namaz qılmaqdır. Namaz dinin dirəyidir. Namazın əhəmiyyətindən və necə qılınacağından bir neçə məlumat bildirəcəyəm. Can qulağı ilə dinləyin! İlk əvvəl sünnətə (yəni fiqh kitablarında yazılana) tam uyğun olaraq dəstəmaz almalıdır. Dəstəmaz alarkən yuyulması lazım olan yerləri üç dəfə və hər dəfə də hər tərəfini tam yumağa çox diqqət etməlidir. Beləcə sünnətə uyğun dəstəmaz alınmış olar. Başa məsh edərkən, başın hər tərəfini örtəcək şəkildə sığallamalıdır. Qulaqları və boyunun arxasını yaxşıca məsh etməlidir. Ayaq barmaqlarını hilal edərkən (yəni barmaq aralarını təmizləyərkən) sol əlin kiçik barmağını ayaq barmaqlarının alt tərəfindən aralarına salmaq bildirilmişdir. Buna əhəmiyyət verməli, “müstəhəbdir” deyib keçməməlidir. Müstəhəbləri əhəmiyyətsiz görməməlidir. Bunlar Allahu təalanın sevdiyi və bəyəndiyi şeylərdir. Əgər bütün dünyanı verməklə bəyəndiyi bir işin edilə biləcəyi məlum olsa və dünyanı verib o işi edə bilsə, çox qazanc əldə etmiş olar və bir neçə saxsı qırığı verib qiymətli bir almazı ələ keçirmiş olar. Yaxud bir neçə çınqıl daşı verib ölmüş bir sevgilinin ruhunu geri gətirərək həyat qazandırmaq kimidir.

Namaz möminlərin miracıdır. Yəni mirac gecəsində Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) ehsan olunan nemətlər bu dünyada Onun ümmətinə yalnız namazda daddırılmaqdadır. Kişilər fərz namazları camaatla qılmağa çox diqqət etməli, hətta birinci təkbiri imam ilə almağı qaçırmamalıdır. (Qadınların istər camaat ilə namaz qılmaq üçün, istərsə də hafiz və ya mövlud dinləmək üçün məscidlərdə kişilər arasına qarışmaları və xüsusilə savab qazanmaq üçün Cümə namazlarına getmələri günahdır.)

Namazları vaxtında qılmaq (və vaxtında qıldığını bilmək) şərtdir. [Tək olduğu zaman hər namazı vaxtın əvvəlində qılmalı, əsri və işanı İmam Əzəmın qavlinə görə qılmalıdır. Namaz nə qədər gec qılınarsa savabı o qədər azalır. Müstəhəb olan vaxtlar, camaat ilə qılmaq üçün məscidə getmək üçündür. Namaz qılmadan vaxt çıxarsa adam öldürmüş kimi böyük günah olar. Qəza etməklə bu günah bağışlanmaz. Yalnız borc ödənmiş olur. Bu günahı əhv etdirmək üçün tövbəi-nasuh etmək və ya həcci-məbrur etmək lazımdır. (İbn Abidin).]

Namazda Qurani-Kərim sünnət olan miqdarda oxunmalıdır. Rükuda və səcdələrdə hərəkətsiz durmaq mütləq lazımdır. Çünki fərz və ya vacibdir. Rükudan qalxanda elə dik durmalıdır ki, sümüklər yerinə yerləşsin. Bundan sonra bir miqdar bu şəkildə durmağın fərz, vacib və ya sünnət olduğu deyilmişdir. İki səcdə arasında oturmaq da belədir. Bunlara çox diqqət etməlidir. Rükuda və səcdələrdə təsbeh ən az üç dəfədir. Ən çoxu yeddi və ya on birdir. İmam üçün isə camaatın halına görədir. Qüvvətli bir insanın dərd-qəmi olmadığı vaxtlarda tək qılarkən təsbehləri ən az miqdarda söyləməsi nə qədər utanc bir haldır. Heç olmasa beş dəfə söylənməlidir. Səcdəyə yatarkən yerə ən yaxın olan əzasını yerə daha əvvəl qoymalıdır. Ona görə də ilk əvvəl dizlər, sonra əllər, daha sonra burun, ən axırda alın qoyulur. Dizlərdən və əllərdən əvvəlcə sağ tərəfdəkilər yerə qoyulur. Səcdədən qalxarkən yuxarıda olan əza əvvəl qaldırılır. Ona görə də əvvəl alın qaldırılmalıdır. Ayaqda ikən səcdə yerinə, rükuda ikən ayaqlara, səcdədə burun ucuna və oturarkən iki əllərə və ya qucağa baxılır. Bu söylədiyimiz yerlərə baxıb gözlər ətraflara sürüşməzsə, namaz “cəmiyyətlə” qılına bilər. Yəni qəlb də dünya düşüncələrindən qurtula bilər. Xuşu hasil olur. Necə ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur. Əl barmaqlarını rükuda açmaq və səcdədə bir-birinə yapışdırmaq sünnətdir. Bunlara da diqqət etməlidir. Barmaqları açıq və ya bitişik saxlamaq səbəbsiz, boş şeylər deyildir. İslamiyyətin sahibi (yəni Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)) faidələrini düşünərək bu cür etmişdir. Bizim üçün islamiyyətin sahibinə uymaq qədər böyük bir faidə yoxdur, (əleyhissalatu vəssəlam). Bu söylədiklərimiz fiqh kitablarında bildirilən şeyləri etməyə təşviqdir, həvəsləndirməkdir. Allahu təala bizə və sizə islamiyyətin göstərdiyi saleh işlər etməyi nəsib etsin! Peyğəmbərlərin seyyidi, əfəndisi, ən yaxşısı, ən üstünü hörmətinə “aleyhi və aleyhim və alə əli küllin minəssaləvati efdalüha və minəttəslimati əkməlüha” bu duamızı qəbul etsin! Amin.

İmam Rabbani (rahmətullahi əleyh) “Məktubat” kitabının yenə ikinci cild, altmış doqquzuncu məktubunda buyurur ki:

Allahu təalaya həmd olsun! Onun seçdiyi, bəyəndiyi qullarına salamlar, rahatlıqlar olsun. Məktubunuz gəldi. Yoldaşların, dostların doğru olan yoldan ayrılmadıqları məlum olanda çox sevindirdi. Allahu təala doğruluğunuzu və doğru yolda olmanızı artırsın! Yoldaşlarımız ilə birlikdə verdiyiniz vəzifəni yerinə yetirməyə davam edirik. Beş vaxt namazı əlli-altmış nəfərlik camaat ilə qıldığınızı deyirsiniz. Bunun üçün Allahu təalaya həmd və təriflər olsun! Qəlbin Allahu təala ilə olması, bədənin, əzanın Əhkamı-şəriyyəni yerinə yetirməklə zinətlənməsi nə böyük bir nemətdir. Bu zəmanədə insanların çoxusu namaz qılmaqda tənbəllik edirlər. Tumaninətə və tadili-ərkana əhəmiyyət vermirlər. Bunun üçün siz sevdiklərimə bu nüansı bildirməyə məcbur oldum. Yaxşı qulaq asın! Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), “Ən böyük oğru öz namazından oğurlayandır” buyurdu. “Ey Rəsulallah! İnsan öz namazından necə oğurlayar?”-deyə soruşdular. “Namazın rükusunu, səcdələrini tam yerinə yetirməməklə” buyurdu. Bir dəfə də buyurdu ki, “Rükuda və səcdələrdə belini yerinə yerləşdirib bir az durmayanın namazını Allahu təala qəbul etməz”. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir nəfəri namaz qılarkən rükunu və səcdələri tam etmədiyini görüb, “Sən namazlarını bu cür qıldığın üçün Muhammədin (aleyhissalətü vəssəlam) dinindən başqa bir dində olaraq ölməkdən qorxmursanmı?” buyurdu. Yenə buyurdu ki, “Sizlərdən biri namaz qılarkən rükudan sonra tamam qalxıb dik durmadıqca və ayaqda hər üzv yerinə yerləşib durmadıqca namazı tam olmaz” Bir dəfə də buyurdu ki: “İki səcdə arasında dik oturmasanız namazınız tam olmaz”. Bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir nəfərin namaz qılarkən namazın əhkam və ərkanına riayət etmədiyini, rükudan qalxanda dikəlib durmadığını və iki səcdə arasında oturmadığını görüb buyurdu ki, “Əgər namazlarını bu cür qılaraq ölsən, qiyamət günü sənə mənim ümmətimdən deməzlər.” Başqa bir yerdə də buyurdu ki, “Bu hal üzrə ölsən, Muhammədin (əleyhissəlam) dinində olaraq ölməmiş olarsan.” Əbu Hüreyrə (radıyallahu anh) buyurdu ki, “Altmış il bütün namazlarını qılıb, lakin heç bir namazı qəbul olmayan adam, rüku və səcdələrini tam yerinə yetirməyən adamdır”. Zeyd ibn Vəhb (rahmətullahi təala əleyh) bir nəfərin namaz qılarkən rüku və səcdələrini tam etmədiyini gördü. Yanına çağırıb nə qədər zamandır belə namaz qılırsan, dedi. Qırx ildir, deyəndə, sən qırx ildir namaz qılmamısan. Ölsən, Muhamməd Rəsulullahın (sallallahu əleyhi və səlləm) sünnəti (yəni dini) üzrə ölməzsən, dedi.

Tabəraninin (rahmətullahi təala əleyh) “Əvsat”ında bildirilmişdir ki, bir mömin namazını gözəl olaraq qılar, rüku və səcdələrini tam yerinə yetirərsə, namaz sevinər və nurlu olar. Mələklər o namazı göyə çıxarar. O namaz, namazı qılana yaxşı dualar edər və sən məni qüsurlu olmaqdan qoruduğun kimi Allahu təala da səni mühafizə etsin, deyər. Namaz gözəl qılınmazsa, qaralar, mələklər o namazdan iyrənər və göyə götürməzlər. O namaz, qılana pis dualar edər. Sən məni zay etdiyin, pis hala saldığın kimi Allahu təala da səni zay etsin, deyər. O halda namazları tam qılmağa çalışmalı, tadili-ərkana riayət etməli, rükunu, səcdələri, “Qavmə”ni (yəni rükudan qalxıb dikəlmək) və “Cəlsə”ni (yəni iki səcdə arasında oturmaq) yaxşı etməlidir. Başqalarının da qüsurlarını görəndə onlara deməlidir. Din qardaşlarının namazlarını tam olaraq qılmalarına kömək etməlidir. Tumaninət (yəni üzvlərin artıq hərəkətlər etməməsi) və tadili-ərkana (bir dəfə sübhanallah deyəcək qədər hərəkətsiz durmaq) riayət olunmasına cığır açmalıdır. Müsəlmanların çoxusu bunlara riayət etmək şərəfindən məhrum qalırlar. Bu nemət əldən çıxmışdır. Bu əməli meydana çıxartmaq çox mühümdür. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Unudulmuş bir sünnətimi meydana çıxarana yüz şəhid savabı veriləcək”.

Camaat ilə namaz qılarkən sıraları düz tutmağa da diqqət etməlidir. Sıradan irəlidə və geridə durmamaq lazımdır. Hər kəs bir xətt boyunca durmağa çalışmalıdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əvvəl sıraları düzəldər, ondan sonra namaza durardı. “Sıraları düzəltmək namaz qılmağın bir parçasıdır” buyururdu. Ya Rəbb! Bizə sonsuz rəhmət xəzinəndən nəsib elə! Hamımızı doğru olan yoldan ayırma!

Bir müsəlman dünyada əziz, axirətdə said (Cənnətlik) olmasını istəyirsə, bu üç əxlaqa sahib olsun: Məxluqatdan heç bir şey gözləməmək, Müsəlmanları [və zimmi kafirləri, ölmüş olsalar da] qeybət etməmək, başqasının haqqı olan bir şeyi almamaq.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail