İmam olmaq üçün altı şərt lazımdır. Bu şərtlərdən birinin olmadığı bilinən imamın arxasında qılınan namaz qəbul olmaz.
1. Müsəlman olmaq. Əbu Bəkri Sıddıq və Ömər-ül Farukun (radıyallahu anhuma) xəlifə olduğuna inanmayan, miraca, qəbir əzabına inanmayan imam ola bilməz.
2. Həddi-büluğ yaşında olmaq.
3. Ağıllı olmaq. Sərxoş və qocalıqdan ağlı zəifləmiş kimsə imam ola bilməz.
4. Kişi olmaq. Qadın kişilərə imam ola bilməz.
5. Heç olmazsa, Fatihəyi-şərifə ilə bir ayəti doğru oxuya bilmək. Bir ayəti əzbərləməyən və əzbərləsə də təcvid ilə oxuya bilməyən, nəğmə kimi oxuyan kimsə imam ola bilməz.
6. Üzrsüz olmaq. Üzrü olan üzrü olmayanlara imam ola bilməz.
İmamın, Qurani-Kərimi təcvid ilə oxuması lazımdır. Qiraəti gözəl demək, təcvid ilə oxumaq deməkdir. Namazın şərtlərinə əhəmiyyət verməyən imamların arxasında namaz qılınmaz. “Saleh və facir arxasında namaz qılın” Hədisi-şərifi məscid imamları üçün deyil, Cümə qıldıran əmirlər, valilər üçündür.
İmamlığa ən layiq kimsə sünnəti [yəni din məlumatlarını] ən yaxşı bilən kimsədir. Bunda bərabər olanlar olarsa, Qurani-Kərimi ən yaxşı oxuyan imam olar. Bu da bərabərdirsə, təqvası artıq olan imam olar. Yenə bərabərlik olarsa, yaşı çox olan tərcih edilir.
Kölə, bədəvi, fasiq, kor və zina uşağının imaməti məkruhdur. İmam camaatı yoracaq və onları sıxacaq şəkildə namazı uzatmaz.
Qadınların yalnız başlarına camaat ilə qılmaları məkruhdur.
Tək şəxs ilə qılacaq olan imam onu sağ tərəfində qoyar. İki nəfərə imam olacaqsa, önlərinə keçər. Kişilərin qadına, uşağa tabe olmaları caiz deyildir. İmamın arxasında kişilər sıra edər, sonra uşaqlar və onların arxasında da qadınlar sıra edərlər. İmam qadınlara da imamətə niyyət etmişsə, eyni namazda olan bir qadın, bir kişi ilə eyni sırada namaza durarsa, kişinin namazı pozulur. Əgər imam bu qadına imaməti niyyət etməmişsə yanında durduğu kişiyə zərər olmaz. Ancaq qadının namazı caiz olmaz. Ayaq üstə namaz qılanın oturarkən qılana tabe olması caizdir. Müqim olan müsafir imama tabe ola bilər. Fərz qılan nafilə qılana tabe ola bilməz. Nafilə qılan, fərz qılana tabe ola bilər. İmama tabe olub namaz qıldıqdan sonra imamın dəstəmazsız olduğunu bilən kimsə namazını iadə edər.
Rəqaib, Bəraət və Qədr namazlarını camaat ilə qılmaq məkruhdur.
Camaat istəsə də, imamın fərz qıldırarkən qiraəti və təsbehləri sünnətdən artıq oxuması tahrimən məkruhdur.
İmama rükuda çata bilməyən o rəkəti imamla qılmış olmaz. İmam rükuda ikən gələn niyyət edər və ayaq üstə təkbir gətirib, namaza girər. Dərhal rükuya əyilib, imama uyar. Rükuya əyilmədən imam rükudan qalxarsa, rükuya çatmamış olar.
İmamdan əvvəl rükuya əyilmək, səcdəyə getmək və ya əvvəl qalxmaq tahrimən məkruhdur. Fərz namazları qıldıqdan sonra, sıraları pozmaq müstəhəbdir.
Bir mömin beş vaxt namazını hər gün camaat ilə qılsa, bütün Peyğəmbərlərlə (əleyhimussəlam) qılmış kimi savaba nail olar.
Camaat ilə qılınan namazın bu qədər fəziləti imamın namazı qəbul olmasına bağlıdır.
Bir kimsə camaatı üzrsüz tərk etsə, o şəxs Cənnət qoxusu hiss etməz. Camaatı üzrsüz tərk edənlər dörd kitabda lənətlənmiş deyə bildirilmişdir.
Beş vaxt namazı camaat ilə qılmağa cəhd etməlidir. Qiyamət günü Allahu təala həzrətləri yeddi qat yerləri, yeddi qat göyləri, Ərşi, Kürsünü və bütün məxluqatı tərəzinin bir tərəfinə qoysa, şərtlərinə riayət edilərək camaat ilə qılınan bir vaxt namazın savabını digər tərəfə qoysa, camaat ilə qılınan namazın savabı daha ağır gələr.
İMAMA TABE OLMANIN DOĞRU OLA BİLMƏSİ ÜÇÜN ON ŞƏRT VARDIR:
1. Namaza durarkən təkbiri söyləməzdən əvvəl, imama tabe olmağa niyyət etməkdir. “Hazır olan imama uydum” deyərək qəlbindən keçirmək lazımdır.
2. İmamın qadınlara imam olmağa niyyət etməsi lazımdır. Kişilərə imam olmağa niyyət etməsi lazım deyildir. Lakin niyyət edərsə, özü camaatın savabına da qovuşur.
3. Camaatın topuğu imamın topuğundan geridə olmalıdır.
4. İmam ilə camaat eyni fərz namazı qılmalıdır.
5. İmam ilə camaat arasında qadın sırası olmamalıdır.
6. İmam ilə camaat arasında qayıq keçəcək qədər çayın və araba keçəcək qədər yolun olmaması lazımdır.
7. İmam və ya camaatdan birini görmək və ya səsini eşitmək üçün əlverişli pəncərəsi olmayan divar arada olmamalıdır.
8. İmam heyvanda, camaat yerdə və ya bunun əksinə olmamalıdır.
9. İmam ilə camaat bitişik olmayan iki gəmidə olmaması lazımdır.
10. Başqa məzhəbdəki imama tabe olan camaatın namazlarının səhih olması üçün iki qavl vardır: Birinci qavlə görə, camaatın öz məzhəblərinə görə namazı pozan bir şeyin imamda olduğunu bilməməsi lazımdır. İkinci qavlə görə, öz məzhəbinə görə namazı səhih olan imama başqa məzhəbdə olanlar da tabe ola bilər. Bu qavlə görə, koronka və plomb dişi olan imama tabe olmaq caiz olar.
Camaat bir nəfər isə, imamın sağ yanında, onunla bir səviyyədə durur. Solunda durmaq məkruhdur. Arxasında durmaq da məkruh olar. Ayağının topuğu imamın topuğundan irəli olmazsa, namazı səhih olar. İki və ya daha çox kişi isə imamın arxasında durur. İmamla birlikdə tək qılmış kimi qılınır. Ancaq ayaq üstə ikən imam içdən oxusa da, yüksək səslə oxusa da, camaat bir şey oxumaz. [Şafii məzhəbində, imamla birlikdə camaat da səssizcə Fatihə oxuyur.] Yalnız birinci rəkətdə “Sübhanəkə” oxuyur. İmam yüksək səslə Fatihəni bitirincə, camaat yavaşca “amin” deyər. Bunu yüksək səslə söyləməməlidir. Rükudan qalxarkən, imam “Səmiallahü limən hamidəh” deyincə, camaat yalnız “Rabbəna ləkəl həmd” deyər. Sonra əyilərkən “Allahu əkbər” deyərək, imamla birlikdə camaat da səcdəyə gedər. Rükuda, səcdələrdə və oturarkən tək qıldığı kimi camaat da oxuyar. Vitr namazı, Ramazanda camaat ilə qılınır. Başqa zamanlarda tək qılınır.