Bir uşaq həddi-buluğa çatdığı zaman və bir kafir “Kəlimeyi-təvhid” söylədikdə, yəni “La ilahə illallah Muhammədun rəsulullah” dedikdə və onun mənasını bilib inandıqda “Müsəlman” olur. Kafirin günahlarının hamısı dərhal əfv olur. Lakin onlar da hər müsəlman kimi imkan tapdıqca, imanın altı şərtini, yəni Aməntünü əzbərləməli, mənasını öyrənərək onlara inanmalı və “İslamiyyətin hamısını, yəni Muhamməd əleyhissəlamın söylədiyi əmrlərin və qadağaların hamısını Allahu təalanın bildirdiyinə inandım” deməlidir. Daha sonra imkan tapdıqca, bütün xasiyyətlərdən və qarşılaşdığı işlərdən fərz olanları, yəni əmr olunanları və haramları, yəni qadağan edilənləri öyrənməsi də fərzdir. Bunları öyrənməyin, eləcə də hər hansı bir fərzi yerinə yetirməyin və ya hər hansı bir haramdan çəkinməyin fərz olduğunu inkar edərsə, yəni inanmazsa, əhəmiyyət verməzsə, imanı gedər, Mürtəd olar. Məsələn, qadınların örtünməsini bəyənməzsə, mürtəd olar. Mürtəd, dindən çıxmasına səbəb olan şeydən tövbə etmədikcə, “La ilahə illallah” deməklə, islamiyyətin bəzi əmrlərini yerinə yetirməklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və həsənat işləməklə müsəlman olmaz. Bu yaxşılıqlarının axirətdə heç faydasını görməz. İnkar etdiyi, inanmadığı şeydən tövbə etməli, peşman olmalıdır.
İslam alimləri, hər müsəlmanın öyrənməsi, inanması və tabe olması lazım olan fərzlərdən əlli dördünü seçmişdirlər. Bu əlli dörd fərz aşağıdakılardır:
1-Allahu təalanı bir bilib, Onu heç vaxt unutmamaq.
2-Halal yemək və içmək.
3-Dəstəmaz almaq.
4-Hər gün vaxtı gəldikdə beş vaxt namaz qılmaq.
5-Namaz qılacağı zaman Hayzdan və cünubluqdan qüsl almaq.
6-İnsanın ruzisinə Allahu təalanın zamin olduğunu haqq bilmək, inanmaq.
7-Halal olan təmiz libas geyinmək.
8-Haqqa təvəkkül edərək (təslim olaraq, güvənərək) işləmək.
9-Qənaət etmək.
10-Nemətlərin müqabilində Rabbi təalaya şükr etmək. Yəni onları əmr olunan yerlərdə işlətmək.
11-Cənabı Haqdan gələn qəzaya razı olmaq.
12-Bəlalara səbr etmək. Yəni üsyan etməmək.
13-Günahlardan tövbə etmək. [Hər gün istiğfar oxumaq.]
14-İhlas ilə ibadət etmək.
15-İnsan və cin şeytanlarını düşmən bilmək.
16-Quranı əzimüşşanı dəlil, sənəd olaraq qəbul etmək. Onun hökmünə razı olmaq.
17-Ölümü haqq bilmək və ölümə hazır olmaq.
18-Allahu əzimüşşanın sevdiyini sevib, sevmədiyindən qaçmaq. [Buna hubbu fillah və buğdu fillah deyilir.]
19-Ataya və anaya yaxşı davranmaq.
20-Əmri maruf, yəni dinin bəyəndiyi şeyləri əmr etmək və nəhyi münkər, yəni dində bəyənilməyən şeyləri qadağan etmək, çəkindirmək.
21-Məhrəm olan qohumları ziyarət etmək.
22-Əmanətə xəyanət etməmək.
23-Daim Allahdan qorxaraq, haram işləməkdən çəkinmək.
24-Allahu əzimüşşana və Rəsuluna itaət etmək. Yəni fərzləri yerinə yetirib, haramlardan çəkinmək.
25-Günahdan qaçıb, ibadətlə məşğul olmaq.
26-Əmr sahiblərinə, yəni dövlət rəhbərlərinə və qanunlara qarşı çıxmamaq.
27-Aləmə ibrət gözüylə baxmaq.
28-Allahu təalanın varlığını, yəni sifətlərini, məxluqlarını düşünmək, dərk etmək.
29-Dilini haram, əxlaqsız sözlərdən qorumaq.
30-Qəlbi ma-sivadan, yəni dünya sevgisindən təmizləmək.
31-Heç kimi məsxərəyə qoymamaq, ələ salmamaq.
32-Harama baxmamaq.
33-Hər bir halda sözünə sadiq olmaq.
34-Qulağı əxlaqsız sözlər və çalğı kimi münkər şeyləri dinləməkdən qorumaq.
35-Fərzləri və haramları öyrənmək.
36-Tərəzi, ölçü alətlərini haqqıyla işlətmək.
37-Allahu əzimüşşanın əzabından əmin olmayıb, daim qorxmaq.
38-Müsəlman kasıblara zəkat vermək və yardım etmək.
39-Allahu əzimüşşanın rəhmətindən ümidi kəsməmək.
40-Nəfsin haram olan istəklərinə tabe olmamaq.
41-Ac olanı Allah rızası üçün yedirmək.
42-Kifayət qədər ruzi [yəni yeyəcək, geyəcək və məskən] qazanmaq üçün çalışmaq.
43-Malın zəkatını, tarladakı məhsulun uşrunu vermək.
44-Hayz və zahı olan qadını ilə yaxınlıq etməmək.
45-Qəlbi günahlardan təmizləmək.
46-Kibirli olmaqdan çəkinmək.
47-Həddi-buluğa çatmamış yetimin malını qorumaq.
48-Gənc oğlanlara yaxın olmamaq.
49-Beş vaxt namazı vaxtında qılıb, qəzaya saxlamamaq.
50-Zülmlə heç kimin malını almamaq.
[Boşadığı qadına mehr pulunu ödəmək də qul haqqıdır. Ödəməzsə, dünyada cəzası və axirətdə əzabı çox şiddətlidir. Qul haqlarından ən mühimi və əzabı ən çox olanı əqrabasına və əmri altında olanlara əmri maruf etməmək, onlara din bilgisi öyrətməməkdir. Onların və bütün müsəlmanların dinlərini öyrənməsinə və ibadətlərini icra etməsinə işkəncə edərək və ya aldadaraq mane olanın kafir olduğu, islam düşməni olduğu aydın görünür. Bidət sahiblərinin, məzhəbsizlərin sözləri ilə, yazıları ilə Əhli sünnət etiqadını dəyişdirmələri, dini, imanı pozmaları da belədir.]
51-Allahu əzimüşşana şərik qoşmamaq.
52-Zinadan çəkinmək.
53-Şərab və spirtli içkiləri içməmək.
54-Yalan yerə and içməmək.
[Şərab, alkoqollu və spirtli içkilərin hamısı qaba nəcasətdir. Su ilə torpaq qarışdırıldığı zaman, bu ikisindən biri təmizdirsə, əmələ gələn palçığın təmiz olacağı, bu qövlün səhih olduğu və fitvanın da belə olduğu “Bahr” kitabında və “İbn Abidin”də yazılmışdır. Bu fitvanın zəif olduğunu bildirən alimlərin də olmasına baxmayaraq, çətinlik olduğu zaman zəif qövl ilə əməl oluna biləcəyi “İbn Abidin”də və “Hadika”da yazılmışdır. Buna görə, bir ehtiyacı ödəmək üçün hazırlanan odekolon, lak, spirtli dərman və boyaların alkoqolla qarışdırılan maddələri təmizdirsə, qarışıqların da təmiz olacağı anlaşılır. Şafi məzhəbində də belə olduğu “Mafüvat” şərhində yazılmışdır. Təmizlənmələrində çətinlik olduqda, namaza mane olmazlar. Çətinlik olduğu üçün təmiz qəbul edilən belə duru maddələrin, zərurət olmadan içilməsi caiz deyil. Alkoqollu içkilər heç vaxt təmiz olmaz. Çünki bu içkilərdəki alkoqol digər maddələrlə ehtiyac üçün, faydalı olmaq üçün deyil, kef üçün qarışdırılmışdır. Onların bulaşdığı hər şey nəcs olur. Zərurət olmadan içilmələri daim haramdır.]
Haramdan çəkin, fərzi etməyə bax!
Fərzi tərk edərsən, olur halın xarab!